Məhkəmə qərarları › İş №e-2-2(113)-1904/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1904/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1904/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subicarə müqaviləsi, borcun etirafı və ödəniş qaydası, borc, əldən çıxmış fayda, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2995 manat borcun, 300 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altımış) manat, cəmi 3355 (üç min üç yüz əlli beş) manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixində “daşınmaz əmlakın subicarə müqaviləsi” bağlanmışdır. Cavabdeh həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mağazada ümumi sahənin 3 kv.m-lik hissəsini ayda 550 manat icarə haqqı ödəmək şərti ilə subicarəyə götürmüşdür. Cavabdehin həmin subicarə müqaviləsinə görə 2995 manat məbləğində borcu yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılaraq 2995 manat məbləğində borcun 12 aya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq İddiaçı MMC-yə olan 2995 manat məbləğində borcunu bu günə qədər ödəməmişdir. Eyni zamanda cavabdeh 2995 manat məbləğində borcdan 2 il ərzində qanunsuz istifadə edərək ondan faydalanmışdır. Ona görə də yuxarıda göstərilən illər ərzində iddiaçıya məxsus olan puldan faydalandığına görə 300 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsək də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmiş, cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Daha sonra mediatora müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul tam şəkildə ödənilmişdir. Göründüyü kimi tərəflər arasında subicarə müqaviləsi və həmin müqavilə əsasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müqavilə üzrə ödənilməmiş 2585 manat borcun, 299.50 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat, cəmi 2944.50 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2995 manat borcun, 300 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat, cəmi 3355 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Keçirilmiş məhkəmə prosesində cavabdeh iddianı etiraf edərək, İddiaçı MMC-yə ümumi borcdan 410 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Müəssisə daxilində aparılmış araşdırma nəticəsində həmin məbləğdə borc ödənildiyi öz təsdiqni tapmışdır. Ona görə də 2995 manat əsas borcun həcmini 410 manat məbləğində azaldaraq 2585 manat əsas borc məbləğində müəyyənləşdirmək qərarına gəlinmişdir. Eyni zamanda 300 manat məbləğində faiz borcu isə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Belə ki, cavabdeh 2995 manat məbləğində borcdan 2 il ərzində qanunsuz istifadə edərək ondan faydalanmışdır. Ona görə də bir il üçün 2995 manat əsas borcun 5%-i miqdarında, yəni bir il üçün 149.75 manat, 2 il üçün isə iddiaçıya məxsus olan puldan faydalandığına görə cəmi 299.50 manat manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 390.1, 442-ci, 443.1, 445.2-ci, 448.1, 449.1 və 449.3-cü maddələri göstərilmişdir.

6. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və onu da bildirdi ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə “daşınmaz əmlakın subicarə müqaviləsi” bağlanmış, cavabdeh həmin müqaviləyə əsasən ayda 550 manat icarə haqqı ödənilməli idi. Cavabdeh müəyyən ödənişləri etsə də, 2995 manat məbləğində borcu yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılaraq 2995 manat məbləğində borcun 12 aya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh şifahi və yazılı xəbərdarlıqlara baxmayaq İddiaçı MMC-yə olan 2995 manat məbləğində borcunu bu günə qədər ödəməmişdir. Mübahisənin pretenziya və mediasiya qaydasında həlli üçün görülmüş tədbirlərin müsbət nəticəsi olmadığından məhkəməyə müraciət edildi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında borcunu etiraf etdiyini, gecikməyə səbəb sadəcə həmin ərəfədə işində çətinliklər yarandığını, satışların həcmi aşağı düşməsiylə bağlı olduğunu bildirdi. Bununla bağlı 3 ay ardıcıl olaraq iddiaçıya müraciət edərək görüşüb bu məsələnin həll edilməsini xahiş etmiş, lakin icarə məsələləri ilə məşğul olan şəxs vaxtının olmamasını bildirərək, hər dəfə görüşdən imtina etmişdi. Sonradan 2020-ci ilin mart ayından yaranan pandemiya vəziyyəti ilə əlaqədar icazəsi olmadığı üçün evdə qalmalı olmuşdur. İşə qayıtdıqda mağazanın başqa bir şəxslərə verildiyi, lakin iddiaçı ona narahat olmamağı və ona yeni yerin veriləcəyini bildirdi. Görüş zamanı işi olmadığını, borcunu işləyib ödəmək üçün ona icarəyə bir obyektin verilməsini xahiş etdiyini, cavabında əvvəl “Borcun etirafı haqqında” müqavilə imzalamağı təklif etdiklərini izahatına əlavə etdi. Bundan əlavə 2995 manat məbləğindən 400 manat məbləği ödədiyini, ödənişlərə dair qəbzləri olduğunu qeyd etdi. “Borcun etirafı haqqında” müqavilə bağlandıqdan sonra 2995 manat məbləğindən 400 manat məbləğini hissə-hissə ödədiyini və "xxxx" MMC-nin hesabına edilən ödənişləri təsdiq edən 5 ədəd kassa-mədaxil qəbzləri və elektron qaydada edilən ödənişlərə dair sənədlər təsdiq edir. Ümumi 410 manat məbləğində ödəniş etdiyini bildirdi. Və ödənişi ondan alan "xxxx" MMC İddiaçı MMC ilə eyni şikətdilər və iddiaçı da həmin ödənişləri təsdiq edir.

9. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a. Subicarə müqaviləsi və borcun etirafı və ödənş qaydası haqqında müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı subicarə müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında müqavilələrin bağlanıb-bağlanmaması, hər iki tərəfin müqavilə öhdəliklərini yerinə yetirib yetirməməsi və cavabdehin müqavilə üzrə yaranmış borcun ödəmək öhdəliyini pozubpozmamasının müəyyən edilməsi daxildir.

12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə X2 arasına xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın subicarə müqaviləsinə əsasən:

13. 1.1. Subicarəyə verən müqavilə əsasında icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən kv.m. sahənin 3 kv.m.-lik hissəsini (bundan sonra “Subicarə sahəsi” adlandırılacaq) “Subicarəçi”yə subicarəyə verməyi, “Subicarəçi” isə subicarə sahəsini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş subicarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür.

14. 2.1. Subicarə sahəsinin Subicarəsinə görə 1 (bir) aylıq Subicarə haqqı ayrılmış yer üçün kommunal xərclər daxil 550 (beş yüz əlli) (ədv xaric) manat müəyyən edilir.

15. 2.2. Subicarə haqqı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə hesablanmaqla hər ayın 20-dək bank hesabına köçürmə yolu ilə ödəniləcək.

16. 3.1. Subicarə müqaviləsi imzalandığı anda qüvvəyə minir. Subicarə müddətinin axımı xx.xx.2019 tarixindən başlayır və bir il müddətinə müəyyən edilir. Subicarə müqaviləsi notarial qaydada bağlandığı andan etibarən icarə müddətinin axımının başa çatdığı günə qədər qüvvədədir.

17. 5.3. Subicarəçinin öhdəlikləri:

18. 5.3.1. Subicarə haqqını vaxtında və tam ödəmək.

19. - İddiaçı MMC ilə X2 arasına xx.xx.2021-ci il tarixdə bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsiyə əsasən:

20. 1.1. Müqavilənin predmeti:

21. Borclu kreditora 2995 manat borcun yarandığını etiraf edir.

22. 2. Ödəniş qaydası:

23. 2.1. Borclu 12 aya 2995 manat borcun yarandığı, həmin məbləği xx.xx.2021-ci il tarixdən, hər ay 249,60 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.

24. 2.2. Borclu tərəfindən ödəniş hər ayın bağlandığı günündə edilməlidir.

25. 2.4. Ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür.

26. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

27. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, kassa mədaxil orderinə əsasən 50 manat dəyəridə,xx.xx.2021-ci il tarixli, 00621 saylı kassa mədaxil orderinə əsasən 50 manat dəyərində, xx.xx.2021-ci il tarixli, 000612 saylı kassa mədaxil orderinə əsasən 50 manat dəyərində, xx.xx.2021-ci il tarixli 00617 saylı kassa mədaxil orderinə əsasən 50 manat dəyərində, xx.xx.2022-ci il tarixli, kassa mədaxil orderinə əsasən 50 manat dəyərində, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 40 manat dəyərində, xx.xx.2022-ci il tarixində 50 manat dəyərində, xx.xx.2022-ci il tarixində 20 manat dəyərində olmaqla cəmi 410 manat ödənişlər həyata keçirilmişdir.

28. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə bağlanan subicarə müqaviləsinə əsasən 550 manat (466.1 manat əsas, 83.9 manat ƏDV) aylıq ödəniş olunmalı olduğu və 2999 manat borc öhdəliyi qalması qeyd olunmuşdur.

29. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

31. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə “daşınmaz əmlakın subicarə müqaviləsi” bağlanmışdır. Cavabdeh həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mağazada ümumi sahənin 3 kv.m-lik hissəsini ayda 550 manat icarə haqqı ödəmək şərti ilə subicarəyə götürmüşdür. Cavabdehin həmin subicarə müqaviləsinə görə 2995 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılaraq 2995 manat məbləğində borcun 12 aya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq İddiaçı MMC-yə olan 2995 manat məbləğində borcanda 410 manat ödəniş etmiş və digər borcu bu günə qədər ödəməmişdir.

32. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış müqavilədən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdən keçirilə bilər.

33. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

34. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

35. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2019-cu il tarixli subicarə müqaviləsi üzrə müvafiq olaraq, 550 manat məbləğində hər ay icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin ümumilikdə həmin müqavilə üzrə 2995 manat məbləğində borcu yaranmış və buna görə də tərəflər arasında xx.xx.2021-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlamış və yaranmış borcun 12 aya ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdeh tərəfindən 2585 manat məbləğində borc ödənilməmiş və müqavilə öhdəliklərini pozmuşdur.

a. Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı

36. İddiaçı həmçinin əldən çıxmış faydaya görə 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq qeyd etmişdir ki, cavabdeh 2995 manat məbləğində borcdan 2 il ərzində qanunsuz istifadə edərək ondan faydalanmışdır. Ona görə də bir il üçün 2995 manat əsas borcun 5%-i miqdarında, yəni bir il üçün 149.75 manat, 2 il üçün isə iddiaçıya məxsus olan puldan faydalandığına görə cəmi 299.50 manat manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. a. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. b. Həmin Məcəllənin 443.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. c.Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. d. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. e. Həmin Məcəllənin 434.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. f. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. g. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. h. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. i. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır və mötəbər, zəruri sübutlarla qeyd edilən hallar təsdiqlənmir. j. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.

k. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı l. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. m. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00200 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 15 fevral 2023-cü il tarixində saat 15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh2 20 gün əvvəlcədən poçt, həmçinin mobil telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. n. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. o. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2). p. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. q. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

37. Nəticə:

b Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixdə “daşınmaz əmlakın subicarə müqaviləsi” üzrə 2585 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar