Məhkəmə qərarları › İş №e-2-2(113)-1906/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1906/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1906/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 44105 (qırx dörd min yüz beş) manat borcun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aramızda bağlanmış olan 19.08.2019-cu il tarixli, 18 nömrəli «texnikanın icarəyə verilməsinə dair» müqaviləyə əsasən icarəyə verən olaraq mülkiyyətimizdə olan, texnikanın xarakteristikası və haqqındakı digər məlumatların əks olunduğu «icarə formaların»da göstərilən texnikalar cavabdehin istifadəsinə verilmişdir. Bu Müqaviləyə əlavə olan İcarə formalarında icarəyə verilən texnikaların növü və xarakteristikası ilə bərabər icarə məbləğidə müəyyən edilmişdir. Cavabdeh tərəfindən istifadə olunan bu texnikalar üçün ödənişlər müqavilənin şərtlərinə uyğun aparılmadığından borc yaranmış və 31.05.2020-ci il tarixində hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilən üzləşmə aktı tərtib edilmişdir (üzləşmə aktı iddia ərizəsinə əlavə edilir). Qeyd olunan üzləşmə aktına əsasən cavabdehin bizə 31.05.2020-ci il tarixinə 44105 (qırx dörd min yüz beş) manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19.08.2019-cu il tarixli, 18 nömrəli «texnikanın icarəyə verilməsinə dair» müqavilədən görünür ki, icarəyə verən İddiaçı MMC müqavilənin əlavəsində göstərilmiş texnikanı icarəçi Cavabdeh MMC-nin istifadəsinə verməyi, icarəçi isə müqaviləyə əlavə hesab olunan icarə formasında nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.05.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin direktoru Məmmədbağırov Mahir 31.05.2020-ci il tarixinə 44105 manat borcun qaldığını və qeyd olunan borcun 2019-cu ilin noyabr, dekabr aylarından qalan borc olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, tərəflər arasında 19.08.2019-cu il tarixli, 18 nömrəli «texnikanın icarəyə verilməsinə dair» müqavilə bağlanaraq müqavilənin əlavəsi hesab olunan icarə formasında göstərilmiş texnikanı icarəçi Cavabdeh MMC-nin istifadəsinə verməyi, icarəçi isə icarə formasında nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə öz üzərilərinə düşən öhdəlikləri icra etsə də, İddiaçı MMC icarə haqqını tam verməyərək öz üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Tərəflər 31.05.2020-ci il tarixli üzləşmə aktı imzalamışlar və Cavabdeh MMC 31.05.2020ci il tarixinə 44105 manat borcun qaldığını və qeyd olunan borcun 2019-cu ilin noyabr, dekabr aylarından qalan borc olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. 44105 (qırx dörd min yüz beş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar