Məhkəmə qərarları › İş №e-2-2(113)-1916/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1916/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1916/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB-yə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB-yə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 525,11 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən sığortalanmış, X1 məxsus olan və Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 4 ünvanında yerləşən mənzilə 8-ci mənzilin şaxtasından keçən dik kanalizasiya borusunun çatlaması ilə əlaqədar su sızması nəticəsində ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, 72 saylı MKİS tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 4 ünvanında yerləşən mənzilə dəymiş zərər 1652 manat məbləğində qiymətləndirilmiş, sığortaçının zərər məbləğindəki payı (31,786%) çıxıldıqdan sonra 525,11 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** saylı əmlak sığortası şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən sığortalanmış, Bakı şəhəri, Binəqədi rayonu, 72 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 4 ünvanında yerləşən mənzilə 8-ci mənzilin şaxtasından keçən dik kanalizasiya borusunun çatlaması nəticəsində su sızma nəticəsində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 4 ünvanında yerləşən mənzilə 8-ci mənzilə dəymiş zərərin məbləği 1652 manat müəyyən edilmişdir. xx.xx.2023cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün sığortaçının zərər məbləğindəki payı (31,786%) çıxıldıqdan sonra 525,11 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş onlayn kargüzarlıq sistemindən çıxarışlardan müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə onlayn kargüzarlıq sistemi ilə pretenziya məktubu göndərilmişdir. Bununla yanaşı iddia ərizəsinin surəti onlayn kargüzarlıq sistemi ilə cavabdehə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1916/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi qeyd etdi ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsində yerləşən 2 nömrəli binaya cavabdeh tərəfindən yalnız ümumi xidmət göstərilir, bu əsasnamələrində nəzərdə tutulan qeyri-kommersiya fəaliyyətlərinə aiddir, müvafiq boruların saxlanılmasına isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehdir. Adıçəkilən binaya ümumi xidmətin həyata keçirilməsi üçün cuzi haqq alınır və binanın saxlanılmasına xərclənir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qeyd edilsə də, mübahisənin kommersiya mübahisəsi olması üçün başlıca meyar – hüquq münasibətinin xarakteri tam araşdırılmamışdır. İş materiallarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh qeyri-kommersiya hüquqi şəxsi (İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da cavabdehin kommersiya hüquqi şəxsi olduğu təsdiqlənmir) olmaqla Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin 20 dekabr 20021-ci il tarixində təsdiq olunmuş əsasnamə üzrə fəaliyyət göstərir. Həmin əsasnamədə cavabdehin vəzifələri sırasına əhalinin mənzil-kommunal xidmətlərinə təlabatının tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatın təkmilləşdirilməsi və inkişafı sahəsində Bakı Şəhəri İcra Hakimiyyətinin və Departamentin qarşı qoyduğu vəzifələrin yerinə yetirilməsini təmin etmək, aidiyyətində olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil sahələrinin və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, əhaliyə mənzil-kommunal xidmətlərin təşkili, həmin xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin mənzil-kommunal xidmətləri ilə bağlı müraciətlərinə vaxtında və diqqətlə baxılmasının təşkil etmək, mənzil fondunun əsaslı və cari təmirinə, dövlət, kooperativ və vətəndaşların xüsusi mülkiyyətində olan evlərin düzgün istismarına nəzarət etmək və s. göstərilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 72 saylı MKİS tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 4 ünvanında yerləşən mənzilə 8-ci mənzilin şaxtasından keçən dik kanalizasiya borusunun çatlaması nəticəsində su sızması ilə əlaqədar ziyan dəydiyi müəyyən olunmuşdur. Göründüyü kimi, qeyri-kommersiya hüquqi şəxsi kimi cavabdeh 20 dekabr 2021-ci il tarixində təsdiq olunmuş əsasnamə üzrə fəaliyyət göstərir və həmin əsasnamə üzrə müəyyən edilmiş vəzifələrə aidiyyətində olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil sahələrinin və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, əhaliyə mənzil-kommunal xidmətlərin təşkili də daxildir. xx.xx.2023-cü il tarixli akt da həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı istismar sahəsi tərəfindən tərtib edilmişdir. Bu qaydada, yəni cavabdehin əsasnamə əsasında üzərinə qoyulan vəzifələrin icrası zamanı isə yaranmış hər hansı tələb cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesab oluna bilməz. Həmçinin cavabdehin nümayəndəsi də məhkəmə iclasında iştirak edərək Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsində yerləşən 2 nömrəli binaya hər hansı müqavilə əsasında deyil, əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq ümumi ximdət göstərdiklərini qeyd etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndinə əsasən, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qeyd olunan Qərarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin qeyri-kommersiya hüquqi şəxsi, digərinin isə kommersiya hüquqi şəxsi statusuna malik olduğu deliktdən irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda ikincinin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmadığı nəzərə alındığında mübahisənin kommersiya mübahisəsi olması üçün cavabdehin – qeyri-kommersiya hüquqi şəxsinin də sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisə cavabdehin əsasnamə ilə üzərinə qoyulmuş vəzifələrlə bağlı olub sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı AZ1054, ünvan 4 şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB-yə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar