Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-192/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, 19.881 ABŞ dolları məbləğində avansın, 2224 ABŞ dolları məbləğində dəymiş zərərin və əldən çıxmış fayda olaraq 4915 ABŞ dolları məbləğində vəsaitin, habelə avansın gecikdirilməsinə görə 500 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, 19.881 ABŞ dolları məbləğində avansın, 2224 ABŞ dolları məbləğində dəymiş zərərin və əldən çıxmış fayda olaraq 4915 ABŞ dolları məbləğində vəsaitin, habelə avansın gecikdirilməsinə görə 500 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni sifariş olunan malları tam tədarük etməmiş, tədarük etdiyi mallar isə müqavilədə nəzərdə tutulan keyfiyyət və standartlara uyğun olmamışdır. Nəticədə iddiaçı maddi zərərə uğramışdır. Belə ki, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 2000 ton qarğıdalı məhsulu tədarük edilməli və iddiaçı bunun dəyərini ödəməli idi. İddiaçı tərəfindən cavabdehin bank hesabına vəsaitlər köçürülməsinə baxmayaraq, cavabdeh sadəcə 835,72 ton məhsul tədarük etmiş, lakin sonradan nə geri qalan məhsulu tədarük etmiş, nə də ki, məhsul üçün iddiaçı tərəfindən avans olaraq ödənilmiş 19.881 ABŞ dolları məbləğində avansı geri qaytarmışdır. Məhsulun 1 ton üçün maya dəyəri iddiaçıya 495 manata başa gəlmişdir. İddiaçı bu məhsulu almasındakı məqsəd onunla "xxxx" ASC arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 1 ton məhsulun qiyməti 505 manat olmaqla həmin məhsulu "xxxx" ASC-yə satmaq olmuşdur. Lakin, cavabdeh tərəfindən tədarük edilən məhsullar müqavilədə nəzərdə tutulan keyfiyyət və standartlara uyğun olmadığından "xxxx" ASC məhsulu almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhsulun bir hissəsini maya dəyərindən aşağı qiymətə, yəni 36,60 ton məhsulu bir tonu 440 manata, 39,30 ton məhsulu isə bir tonu 450 manata olmaqla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sata bilmiş, məhsulun geri qalan hissəsini isə yenidən "xxxx" ASC ilə razılaşaraq bir tonu 495 manata olmaqla 759,82 ton məhsulu həmin şirkətə satmışdır. Göründüyü kimi, məhsulun 1 tonu 505 manata satılması müqavilə əsasında planlaşdırılsa da, cavabdehin tədarük etdiyi məhsul müqavilə və onun əlavəsində göstərilən keyfiyyətdə olmadığından iddiaçı həmin məhsulun bir hissəsini maya dəyərindən aşağı qiymətə, bir hissəsini isə maya dəyərinə satmaq məcburiyyətində qalmışdır. Bununla da iddiaçıya 2224 ABŞ dolları məbləğində zərər dəymişdir. Bunda əlavə, həminçinin iddiaçıya 4915 ABŞ dolları məbləğində əldən çıxmış fayda olaraq zərər dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh malları iddiaçıya təhvil verməyi, iddiaçı isə malları qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 14.01.2021-ci il tarixli və 29.01.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 19.881 ABŞ dolları məbləğlərində pul vəsaiti köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh malları iddiaçıya təhvil verməyi, cavabdeh isə malları qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən malların alınması ilə bağlı cavabdehin hesabına ümumilikdə 19.881 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin cavabdeh tərəfindən mallar iddiaçıya göndərilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1- 12/01/21 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 19.881 ABŞ dolları pul vəsaiti öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə malları üzürlü səbəb olmadan iddiaçıya verməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş zərər və əldən çıxmış fayda hissələrinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsaslara görə cavabdehdən pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 8.2-ci bəndinə əsasən cavabdeh malların çatdırılması şərtlərini pozduqda, cavabdeh hər gecikdirilmiş gün üçün iddiaçıya malın ümumi dəyərinin 0,01%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür ki, bu halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, 19.881 ABŞ dolları məbləğində avans və avansın gecikdirilməsinə görə 500 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 74 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,2 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,8 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 1-12/01/21 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. 19.881 ABŞ dolları məbləğində avans və avansın gecikdirilməsinə görə 500 ABŞ dolları məbləğində dəbbə pulu Cavabdeh məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,2 manat məbləği Cavabdeh məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 7,8 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-192/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-192/2022
25.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver