Məhkəmə qərarları › İş №e-2-2(113)-192/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-192/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-192/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 MMC, Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Yasamal” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçının “Yasamal” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsi üzrə banka olan 295 615.49 manat əsas, 49 767.48 manat faiz, 80 795.43 manat cərimə borcu olmaqla, cəmi borcu 426 178.4 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 135 manat məbləğində rüsumun və ödənilən 316.18 manat məbləğində dövlət rüsumunun; 400 manat məbləğində mediasiya xərcinin; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX-nin Yasamal şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanında 2942A məhəlləsində, ev 17, 19, 21 istifadədə olan ümumi, 578.8 kv.m. yaşayış sahəsindən ibarət 165 A saylı qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi; ünvan 2 ünvanında 2942A məhəlləsində,ev 17, 19, 21 istifadədə olan ümumi, 578.8 kv.m. yaşayış sahəsindən ibarət 165 A saylı qeyriyaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq alıcıya təhvil verilməsi; xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddiaçının “Yasamal” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçının “Yasamal” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsi üzrə banka olan 295 615.49 manat əsas, 54792,83 manat faiz, 80 795.44 manat cərimə borcu olmaqla, cəmi borcu 431203,76 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 135 manat məbləğində rüsumun və ödənilən 316.18 manat məbləğində və iddia tələbinin artırılmasına görə (artırılan iddia məbləği faiz borcu üzrə 5025,36 manat) əlavə ödənilən 70,26 manat dövlət rüsumunun; 400 manat məbləğində mediasiya xərcinin tutulması; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX-nin Yasamal şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanında 2942A məhəlləsində, ev 17, 19, 21 istifadədə olan ümumi, 578.8 kv.m. yaşayış sahəsindən ibarət 165 A saylı qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi; ünvan 3 ünvanında 2942A məhəlləsində, ev 17, 19, 21 istifadədə olan ümumi, 578.8 kv.m. yaşayış sahəsindən ibarət 165 A saylı qeyriyaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq alıcıya təhvil verilməsi; xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının “Yasamal” filialı ilə Cavabdeh2 MMC, arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % 36 ay müddətinə 300 000 AZN (üç yüz min manat)məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi NAXSTEEL Məhdud Məsuliyyətli Cəmiyyəti (borcalan),TuranBank ASC və Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 007/05-21 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 4 ünvanında istifadədə olan 578.8 kv.m. ümumi yaşayış sahəsindən ibarət 165 A saylı qeyriyaşayış sahəsi yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 800 000 AZN (səkkiz yüz min manat) məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh NAXSTEEL Məhdud Məsuliyyətli Cəmiyyətixx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 295 615.49 AZN (iki yüz doxsan beş min altı yüz on beş manat qırx doqquz qəpik) əsas, 49 767.48 AZN (qırx doqquz min yeddi yüz altmış yeddi manat qırx səkkiz qəpik) faiz, 80 795.43 AZN (səksən min yeddi yüz doxsan beş manat qırx üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 426 178.4 AZN (dörd yüziyirmi altı min yüz yetmiş səkkiz manat qırx qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarıcavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-192/2023, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 qarşı “müqavilənin ləğvi, ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 007/05- 21 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 300.000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (dövriyyə vəsaitinin artırılması üçün) məqsədi üçün götürülür. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas brocun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18% olmaqla cərimə faizi ödəyir. İddiaçı ilə Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 MMC ( borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS№007/05-21 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942-A, 17,19,21 (yeni qaydalarla: AZ 1121, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 578.80 kv.m olan qeyri-yaşayış sahəsini kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) tərəflərin razılığı ilə 800.000 manat müəyyən edilir. Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942-A, 17,19,21 (yeni qaydalarla: AZ 1121, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 adına yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942-A, 17,19,21 (yeni qaydalarla: AZ 1121, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin Yasamal filialının xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/7954 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942-A, 17,19,21 (yeni qaydalarla: AZ 1121, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.027.000,0 manat və likvid dəyəri təqribən 870.000,0 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 19 fevral 2021-ci il tarixli MKOS№007/05-21 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 295615,49 manat, faiz borcu 54792,83 manat, cərimə borcu 80795,44 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə ünvan 1 ünvanında 2942A məhəlləsində, ev 17, 19, 21 istifadədə olan ümumi, 578.8 kv.m. yaşayış sahəsindən ibarət 165 A saylı qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmiş, 295615,49 manat məbləğində əsas borc və 54792,83 manat məbləğində faiz borcu ödənilməmiş qalmışdır. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 80795,44 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində ipoteka predmetinin hərrac keçirildikdən sonra boşaldılaraq alıcıya təhvil verilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı həmin iddia tələbini irəli sürmək üçün hazırda müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılaşma olmadığından, bundan əlavə, ipoteka müqaviləsinin bağlandığı müddət üzərindən kifayət qədər müddət keçdiyi (ipoteka müqaviləsinin bağlandığı tarix – 2021-ci il) üçün məhkəmə tərəfindən nəzərə alınmadığından ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 295615,49 manat əsas borc, 54792,83 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, əmlakın ilkin satış qiyməti 870000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına göstərilən borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 535 manat məbləğində dövlət rüsumu cavabdehlərə, qalan 386,44 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 295615,49 manat əsas borc, 54792,83 manat faiz borcu, 3000 manat cərimə, ödənilmiş 535 manat dövlət rüsumu, ümumilikdə 353943,32 (üç yüz əlli üç min doqquz yüz qırx üç manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942-A, 17, 19, 21 (Yeni qaydalarla: AZ 1121, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 578.8 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Əmlakın ilkin satış qiyməti 870000 (səkkiz yüz yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-in xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə olan ümumilikdə 353943,32 (üç yüz əlli üç min doqquz yüz qırx üç manat otuz iki qəpik) manat məbləğində borcu tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 386,44 (üç yüz səksən altı manat qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 50 (əlli) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar