Məhkəmə qərarları › İş №e-2-2(113)-1923/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1923/2023

24.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1923/2023 24.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qərar və protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qərar və protokolun etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qərar və protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, X24, Cavabdeh5, X9 iştirakı ilə xx.xx.2023-ci il tarixdə keçirilmiş Cavabdeh1 təsisçilərinin ümumi yığıncağının yekunu olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Vergi Xidməti 6 saylı Vergilər Baş İdarəsində ********** (VÖEN) qeydiyyatdan keçmişdir. Hazırda Kooperativin təsisçilərinin pay bölgüsü aşağıdakı kimidir: İddiaçı – 8 pay, Cavabdeh2 – 8 pay, Cavabdeh6 – 4 pay, X24 – 2 pay, Cavabdeh5 – 10 pay, X14 – pay. Cavabdeh1 Nizamnaməsinin 4.1-ci bəndinə görə kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıcağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. Qanunvericiliyin tələbinə əsasən kooperativin üzvü olan şəxsin onun idarə edilməsində iştirak etmək, bununla bağlı yığıncaqlarda iştirak etmək və həmin yığıncaqlarda müzakirə edilən və ya eyni zamanda özünün vacib bildiyi digər məsələlər barədə münasibət bildirmək və təkliflər vermək kimi hüquqları mövcuddur. Lakin Cavabdeh1 cavabdeh qismində göstərilən təsisçiləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təsisçi İddiaçı xəbərdar etmədən və rəsmi məlumatlandırmadan təsisçilərin ümumi yığıncağını çağırmış və Kooperativin qanuni təmsilçisi X12 vəzifəsindən azad etmiş və X21 direktor vəzifəsinə təyin etmişlər. Bu barədə məlumatı təsisçilər Lənkəran Rayon Məhkəməsinin icraatında olan başqa bir işlə bağlı məhkəmə prosesində bildirmiş və həmin qərarları məhkəməyə təqdim etmişlər. Belə ki, iddiaçı X28 Cavabdeh1nə qarşı mənzillərin təhvil verilməsi və manelərin aradan qaldırılması tələbinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında olan iş üzrə M.Quliyev tərəfindən X28, İddiaçı, Nümayəndə2, X10, X16, X25, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı protokolların, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Təsisçilərin ümumi yığıcağında qəbul edilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsızlığı ilə bağlı iddia tələbinin qaldırılması məqsədilə ilkin olaraq cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdən sonra mediasiya təşkilatına müraciət edilmişdir. Lakin İddiaçı tərəfindən atılan hüquqi addımların nəticəsinin heçə endirilməsi məqsədilə yenidən İddiaçı rəsmi qaydada, zamanında məlumat verilmədən xx.xx.2022-ci il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmiş və bu dəfə Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızı Cavabdeh1 sədri vəzifəsinə təyin edilmişdir. Bu addımları ilə təsisçilər İddiaçı tərəfindən atılmış hüquqi addımları mənasız etdiklərindən, yenidən təsisçilərə mediasiya prosesiin keçirilməsi barədə təklif göndərilmişdir. Həmin təklifə cavab verilmədiyindən, mübahisənin həlli məqsədilə 12 saylı mediasiya təşkilatına müraciət edilmiş və buna dair xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış əldə edilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, X24, Cavabdeh5, X9 iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş Cavabdeh1 təsisçilərinin ümumi yığıncağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncaq keçirmişdir. Kooperativin payçılarına əvvəlcədən tələbnamələr göndərilərək yığıncağın keçiriləcəyi barədə məlumat verilmişdir. Kooperativin 6 payçısından 5 nəfəri yığıncaqda iştirak etmiş 1 nəfər - payçı İddiaçı yığıncağa gəlməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.7-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Baş tutan növbədənkənar yığıncağın qərarı ilə kooperativin sədri (direktoru) X17 tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. Cavabdeh3 yetərsay həddində yekdilliklə Cavabdeh1 sədri və qanuni təmsilçisi seçilmişdir. Dəyişikliyin dövlət qeydiyatına alınması üçün Dövlət Vergi Xidmətinə müraciət olunması da qərarla X7 həvalə edilmişdir. Yığıncaqda kooperativin son 3 illik fəaliyyətinin yoxlanılmasına dair qərar da qəbul edilmişdir. X33 qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda (maddə 9.3) deyilir ki, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X33 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Bu qanunla (maddə 9.2) həm də müəyyən olunur ki, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. xx.xx.2022-ci il tarixində müraciət üçün sənədlər Lənkəran Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində X33 Reyestri tərəfindən sözü gedən dəyişiklik qeydiyyata alınmışdır. Vəzifədən kənarlaşdırılması barədə dəyişiklik qanuni qüvvəyə minənə qədər X17 öz vəzifəsini icra etməyə davam etmişdir. X17 xx.xx.2022-ci il tarixindən vəzifə səlahiyyətlərindən kənarlaşdırılsa da, onunla bağlanmış əmək müqaviləsinə 01 yanvar 2023-cü il tarixındə xitam verilmişdir. İddiaçı ərizəsində kooperativin payçılarının ardıcıl olaraq yığıncaqlar keçirməsini bəyan edir və həmin yığıncaqların ardıcıl keçirilməsində məqsədin güya payçı İddiaçı tərəfindən atılan “hüquqi addımların” nəticəsinin heçə endirilməsi olduğunu iddia edir. İddia ərizəsində qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixindən (hazırkı iddia ərizəsində mübahisələndirilən qərarın qəbul olunduğu növbədənkənar ümumi yığıncağın keçirildiyi tarix) əvvəl həqiqətən iki dəfə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində kooperativin növbədənkənar ümumi yığıncaqları çağırılmışdır. Kooperativin iddia ərizəsində göstərilən xx.xx.2022-ci il tarixli ümumi yığıncağı keçirilərkən, payçı İddiaçı və eləcə də Kooperativin əvvəlki sədri X11 ünvanları digər payçılara məlum olmamışdır. Belə ki, hər ikisi qeydiyyat ünvanlarını dəyişərək kooperativ tərəfindən inşa olunmuş binada, ikisindən birinin və ya üçüncü bir şəxsin adına rəsmiləşdirdikləri (qanuni olub-olmaması araşdırılacaq) mənzildə qeydiyyata düşmələrini digər payçılardan gizli saxlamışlar. Bu səbəbdən onlara rəsmi məktub göndərmək mümkün olmamış, onlara şəxsən bildirilməsinə baxmayaraq isə yığıncaqda iştirak etməkdən imtina etmişlər. Yalnız payçıların ünvanına ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı barədə payçı İddiaçı və kooperativin əvvəlki sədri Quliyev Muxtardan etiraz məktubları daxil olduqdan sonra həmin şəxslərin ünvanları payçılara məlum olmuşdur. Kooperativin ümumi yığıncaqda iştirak etmiş payçıları kooperativin əvvəki sədri Quliyev Muxtar və payçı İddiaçı etirazlarını qəbul etmiş, ümumi yığıncağının 03 oktyabr 2022-ci il tarixli qərarına baxılması üçün 31 oktyabr 2022-ci il tarixdə yenidən növbədənkənar yığıncağın çağırılmasına qərar verimişlər. Yığıncağa sədrlik edən payçı Cavabdeh5 çıxışında növbədənkənar yığıncağın məhz İddiaçı və Quliyev Muxtarının etirazları səbəbindən toplandığını xüsusi olaraq qeyd etmişdir. İddiaçının ərizəsində göstərdiyinin əksinə İddiaçı və Quliyev Muxtarın hər ikisinə növbədənkənar yığıncağın keciriləcəyi barədə məlumat göndərilməsinə baxmayaraq yığıncaqda iştirak etmədikləri də 31 oktyabr 2022-ci il tarixli ümumi yığıncağın protokolunda vurğulanmışdır. Belə ki, 31 oktyabr 2022-ci il tarixdə yenidən növbədənkənar yığıncağın çağırılmasına barədə İddiaçı və Quliyev Muxtarın hər ikisinə məktub, teleqram və hətta SMS vasitəsi ilə məlumat göndərilmişdir. xx.xx.2022-ci il tarixində yenidən növbədənkənar ümumi yığıncağın keçirilməsinin səbəbi isə kooperativin sədrinin dəyişilməsinin dövlət qeydiyatına alınması üçün təqdim olunmuş sənədlərin Lənkəran Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmaması olmuşdur. Lənkəran Ərazi Vergilər Baş İdarəsi haqlı olaraq bildirilmişdir ki, kooperativin 31 oktyabr 2022-ci il tarixdə keçirilən növbədənkənar yığıncağında seçilmiş direktor (sədr) X6 üzvü olmadığı üçün kooperativin sədri ola bilməz. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinə 111.1-ci maddəsinə əsasən kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. İddiaçının ərizəsində qeyd etdiyi vətəndaş X30 tərəfindən Lənkəran Rayon Məhkəməsində Cavabdeh1nə qarşı “mənzillərin təhvil verilməsi və maniələrin aradan qaldırılması”na dair tələbi və həmin vaxt Cavabdeh1 qanuni təmsilçisi olmuş X17 tərəfindən kooperativin adından qarşılıqlı iddiaya dair iş üzrə aşağıdakı məlumat diqqətə çatdırılır (Lənkəran Rayon Məhkəməsi 2(049)-119/2023 saylı iş). Bildirilir ki, adı çəkilən X30 vicdanlı alıcıdır. O öz briqadası ilə vaxtı ilə kooperativə məxsus mənzillərdə təmir işləri aparmışdır. Daha sonra kooperativin daxili kreditlə vətəndaşlara satdığı 3 mənzil vətəndaşların pul ödəmək imkanı olmadıqlarından geri qaytarılmış, və həmin mənzilləri Rəsulov Emin dəyərini tam ödəməklə əldə etmişdir. Onun kooperativdən 3 mənzil əldə etdiyi payçı İddiaçı də daxil olmaqla bütün payçılara məlumdur. Payçı İddiaçı ilə kooperativin sədri Quliyev Muxtarın əlbir olaraq X22 məxsus mənzilləri yenidən başqa şəxslərə satdıqları barədə kooperativin digər payçıları kənar mənbələrdən məlumat əldə etdikdən sonra qeyri rəsmi yığıncaq kecirərək məsələyə aydınlıq gətirməyi payçı İddiaçı ilə kooperativin sədri Quliyev Muxtardan tələb etmişlər. Lakin İddiaçı hər biri ayrıca bir məhkəmə prosesinin mövzusu ola biləcək haqsız tələblər irəli sürmüş, payçıları “məhkəmələrdə süründürmək”lə hədələyərək bu işlərə qarışmamalarını tələb etmişdir. Hal-hazırda Cavabdeh1 X5 hüquqlarının bərpası yönündə işlər aparır. İddiaçı ərizəsində AR MM-nin 109-4.1.2 və 109-4.1.4-cü maddələrinə istinad edərək hüquqlarının pozulduğunu iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsində hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğu qeyd olunur. Eləcə də, Konstitusiyanın 71-cı maddəsinin İİ hissəsində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüququnun pozulduğunu iddia edən İddiaçı özü kooperativin əvvəlki sədri (direktoru) X17 ilə əlbir olaraq kooperativin digər payçılarının hüquqlarını kobud şəkildə pozmuşlar. X17 isə kooperativə sədrlik etdiyi son 4 ildə yalnız payçı İddiaçı göstərişlərini yerinə yetirməklə kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verməkdən boyun qaçırmış, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını payçılara təqdim etməmişdir. X2 illik hesabatlarını və maliyyə hesabatlarını payçılara təqdim etməməsi faktdır və bu fakt öz-özlüyündə onun vəzifəsindən kənarlaşdırılması üçün əsas verir. X17 tərəfindən kooperativ üzvlərinin ümumi yığıncağına hesabatların verilmədiyini bildiyi halda, onun kooperativin sədri vəzifəsinə bərpa olunmasında israr etməsi payçı İddiaçı kooperativin keçmiş sədri (direktoru) X17 ilə iş birliyi içərisində olmaqla qanunsuz hərəkətlərə yol verməsinə dair əsaslı şübhələr yaradır. İddiaçı özü də Lənkəran Rayon Məhkəməsində 2(049)-119/2023 saylı məhkəmə işi üzrə cavabdeh qismində dindirilərkən bir neçə dəfə sənədləri və imzaları saxtalaşdırdığını etiraf etmişdir. Lənkəran Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixli, 022 saylı qərardad qəbul olunarkən istinad olunan əsaslardan biri də məhz İddiaçı həmin etirafı olmuşdur. X17 vəzifədən kənarlaşdırıldıqdan sonra xx.xx.2022-ci il tarixlı ümumi yığıncağın qərarı ilə nəzərdə tutulan audit yoxlamasının keçirilməsinə mane olmaq məqsədi ilə kooperativə məxsus möhürlərin, seyf açarlarının və eləcə də kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin təhvil verilməsindən imtina etmişdir. Hal-hazırda Lənkəran Rayon Məhkəməsində “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təsliminə dair” kooperativ tərəfindən verilmiş qarşılıqlı iddia icraata qəbul olunmuşdur. Cavabdeh1 digər payçılarının iradəsinə zidd olaraq payçı İddiaçı tərəfindən kooperativin əvvəlki sədri X11 yenidən bu vəzifəyə qaytarılması üçün israr edilməsi, eləcə də X17 tərəfindən kooperativə aid sənədlərin və möhürlərin təhvil verilməsindən imtina olunması bu iki şəxsin əlbir şəkildə törətdikləri qanun pozuntularının üstünü örtmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinə 111.5-ci maddəsində qeyd olunur ki, kooperativin ümumi yığıncağında qərarlar qəbul edilərkən hər bir kooperativ üzvünün bir səsi vardır. 5 səsə qarşı 1 səslə İddiaçı ümumi yığıncağın qərarlarına təsir etmək imkanı olmadığından bilərəkdən iclaslara gəlməmişdir. Hal-hazırda ümumi yığıncağın qərarlarını mübahisələndirməklə ümumi yığıncaqda heş cür əldə edə bilməyəcəyi nəticəni məhkəmənin əli ilə əldə etməyə çalışır. X11 işdən çıxarılmasının əsl səbəbləri barədə aşağıdakılar qeyd olunur. X17 xx.xx.2022-ci il tarixindən rəsmi olaraq vəzifə səlahiyyətlərindən kənarlaşdırılmışdır. Lakin 01 yanvar 2023-cü il tarixınə qədər təhviltəslim aparılmadığı üçün işdən azad olunmamışdır. Vəzifə səlahiyyətlərindən kənarlaşdırıldıqdan sonra aparılan mümkün araşdırmaların nəticəsində, X11 əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində müəssisənin və mülkiyyətçilərin qanuni mənafeyinə ciddi xələl gətirməsi təsdiqini tapmışdır. Belə ki, X1 etdiyi son 4 ildə kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verməmiş; Kooperativin cərimə olunmasına səbəb olan 10-dan çox hesabatları vergi orqanlarına təqdim etməmiş; Kooperativin daxili kreditlə alıcılara təqdim etdiyi mənzillərdən toplanan 275000 manat vəsaiti öz istədiyi kimi istifadə edərək hal-hazırda qalıq məbləği vergilər üzrə 69347,80 manat, hesablanmış faizlər üzrə 591,56 manat məbləğində olan borcun bağlanması üçün heç bir səy göstərməmiş; bununla da işlədiyi müddət ərzində 12566,51 manat vergilər üzrə cərimə faizlərinin hesablanmasına, 86597,17 manat vergi borcu müqabilində kooperativə məxsus (hazırda bazar qiyməti birlikdə 140-150 min manat olan) iki mənzilin üzərinə həbs qoyulmasına səbəb olmuş; müxtəlif bəhanələrlə təsisçiləri və onların nümayəndələrini şirkətin ofisinə buraxmamış; müştərilər tərəfindən kooperativə qarşı qaldırılmış iddiaların səbəbləri barədə təsisçilərə məlumat verməkdən imtina etmişdir. Bütün bu sadalananlar əsas götürülərək, “Əmək müqaviləsi bildirişi” alt sistemində 001/2023 saylı, xx.xx.2023-cü il tarixli xitam əmri ilə X17 AR ƏM-nin “ç” bəndinə əsasən işdən azad olunmuşdur.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 109.5, 109,6, 109-2.3, 109-4.1, 109-4.1.2, 109-4.1.4-cü maddələrinə istinad olunmuşdur.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh6 bildirdi ki, göstərilən tarixdə yığıncağın iclasında iştirak etmişlər və müvafiq qərar qəbul olunmuşdur. Yığıncağın yeri və vaxtı barədə onlar və kooperativin digər üzvləri lazımi qaydada məlumatlandırılmışlar. İddia tələbi əsassızdır və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 Nizamnaməsində (Yeni redaksiyada) qeyd olunmuşdur ki, kooperativin ilkin pay fondu 200 (iki yüz) manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 5 (beş) manatdan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları – 1. İddiaçı – 40 manat, 8 pay haqqı, 20 %; 2. Cavabdeh6 – 20 manat, 4 pay haqqı, 10 %; 3. Cavabdeh2 – 40 manat, 8 pay haqqı, 20 %; 4. X24 – 10 manat, 2 pay haqqı, 5 %; 5. X14 – 40 manat, 8 pay haqqı, 20 %; 6. Cavabdeh5 – 50 manat, 10 pay haqqı, 25 % kimidir.

11. Cavabdeh1 təsisçilərinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 1) Kooperativin qanuni təmsilçilik funksiyasına malik direktoru X11 vəzifəsindən azad edilməsi, 2) Kooperativin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X19 təyin edilməsi, 3) Kooperativin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət etmək səlahiyyətinin qanuni təmsilçilik funksiyasına malik yeni direktor X23 həvalə edilməsi qərara alınmışdır.

12. Cavabdeh1 üzvlərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, 1) Kooperativin sədri və qanuni təmsilçisi X11 vəzifəsindən azad olunması, 2) Kooperativin sədri və qanuni təmsilçisi vəzifəsinə Cavabdeh3 təyin edilməsi, 3) Kooperativin son 3 (üç) il ərzindəki fəaliyyətinin yoxlanılması, 4) "xxxx" MTK-nın təsis sənədlərində dəyişikliklərin edilməsi barədə vergi orqanına müraciət edilməsi, kooperativin hüquqi sənədlərini təhvil verməyi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdan çıxarışı və digər hazır sənədləri götürməyi və bununla əlaqədər Azərbaycan Respublikasının bütün dövlət orqanlarında "xxxx" MTK-nı təmsil etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etmək üçün səlahiyyətli şəxs Cavabdeh3 təyin edilməsi qərara alınmışdır.

13. Cavabdeh1 tərəfindən iş materiallarına əlavə edilmiş EMS Azerexpresspost surətli poçt xidmətinin TA005198101AZ izləmə kodlu qaiməsindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 üzvü İddiaçı "xxxx" MTK-nın tələbnaməsi göndərilmiş, lakin xx.xx.2022-ci il tarixdə İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir.

14. Cavabdeh1 tərəfindən iş materiallarına əlavə edilmiş EMS Azerexpresspost surətli poçt xidmətinin TT021301363AZ izləmə kodlu qaiməsindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 üzvü İddiaçı "xxxx" MTK-nın tələbnaməsi təkrar göndərilmişdir. Həmin izləmə kodu üzrə poçt göndərişlərinin izlənməsi səhifəsindən müəyyən olunur ki, həmin bildiriş poçt xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunub, həmin tarixdə mübadilə məntəqəsinə daxil olub, lakin sürətli poçt xidməti olmasına baxmayaraq, xx.xx.2022-ci ildə iddiaçıya çatdırılıb.

15. Cavabdeh1 tərəfindən iş materiallarına əlavə edilmiş zərflərdən görünür ki, İddiaçı və X11 ünvanlarına kooperativin xx.xx.2022-ci il tarixində keçirilmiş umumi yığıncağı barədə məktub göndərilmiş, lakin sözügedən məktublar “vətəndaş evdə yoxdur” adı ilə çatdırılmadan geri qayıtmışdır.

16. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-399/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh1nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi təmin edilərək, Cavabdeh1 11 yanvar 2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 86597,17 manat (səksən altı min beş yüz doxsan yeddi manat on yeddi qəpik) hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 yanvar 2019-cu il tarixli **********5 nömrəli qərarına əsasən siyahıya alınmış 90000 (doxsan min) manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 86597,17 manat (səksən altı min beş yüz doxsan yeddi manat on yeddi qəpik) məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir.

17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 Nizamnaməsi (Yeni redaksiyada) Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kooperativin ilkin pay fondu 200 (iki yüz) manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 5 (beş) manatdan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları – 1. İddiaçı – 40 manat, 8 pay haqqı, 20 %; 2. Cavabdeh6 – 20 manat, 4 pay haqqı, 10 %; 3. Cavabdeh2 – 40 manat, 8 pay haqqı, 20 %; 4. X24 – 10 manat, 2 pay haqqı, 5 %; 5. X14 – 40 manat, 8 pay haqqı, 20 %; 6. Cavabdeh5 – 50 manat, 10 pay haqqı, 25 % kimidir. Cavabdeh1 üzvlərinin xx.xx.2022-ci il tarixdə növbədənkənar ümumi yığıncağı keçirilmiş, yığıncaqda iddiaçıdan başqa kooperativin digər üzvləri iştirak etmişlər. Növbədənkənar ümumi yığıncağının nəticəsi olaraq xx.xx.2022-ci il tarixli, 01 nömrəli protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Qərar protokol qaydasında qəbul olunmuş və bir sənəddə öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarla: 1) Kooperativin sədri və qanuni təmsilçisi X11 vəzifəsindən azad olunması, 2) Kooperativin sədri və qanuni təmsilçisi vəzifəsinə Cavabdeh3 təyin edilməsi, 3) Kooperativin son 3 (üç) il ərzindəki fəaliyyətinin yoxlanılması, 4) "xxxx" MTK-nın təsis sənədlərində dəyişikliklərin edilməsi barədə vergi orqanına müraciət edilməsi, kooperativin hüquqi sənədlərini təhvil verməyi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdan çıxarışı və digər hazır sənədləri götürməyi və bununla əlaqədər Azərbaycan Respublikasının bütün dövlət orqanlarında "xxxx" MTK-nın təmsil etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etmək üçün səlahiyyətli şəxs olaraq Cavabdeh3 təyin edilməsi qərara alınmışdır. İştirak edən üzvlərin hamısı qərarın lehinə səs vermişlər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109-2.3-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər. 109-4.1.2 maddəsinə əsasən kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək kooperativin üzvlərinin hüquqlarından biridir

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

20. İddiaçının tələbi Cavabdeh1 təsisçilərinin ümumi yığıncağının yekunu olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və eyni tarixli protokolun etibarsız hesab edilməsindən ibarətdir. İddiaçı ona rəsmi qaydada məlumat verilmədən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 təsisçilərinin ümumi yığıncağının onun iştirakı olmadan keçirildiyini bildirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Lakin Cavabdeh1 iddiaya etiraz edərək, hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə iddiaçı tərəfindən iddia tələbində göstərilən halı təkzib edən sübutları təqdim etmişdir. İiddiaçıya qeyd olunan iclasın yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Ümumi yığıncaq keçirilmiş, iclasda iddiaçıdan başqa bütün üzvlər iştirak etmiş və bütün səslər lehinə olmaqla, müfafiq qərar qəbul olunmuşdur.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

23. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

24. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, qəbul olunan qərarın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia rədd olunmalıdır.

27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar