Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1930/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 avqust 2022-ci il tarixli, 050731 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2112 (iki min yüz on iki) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Azərişıq” ASC-nin nümayəndələri Sabirabad rayonun Qarağac kəndində yerləşən mağazsına gələrək onun iştirakı olmadan sayğaca baxış keçirilmişlər. Həmin şəxslərin deməsinə görə guya elektrik xəttinə kənar sayğacdan kənar müdaxilə olunub. Halbuki, akt tərtib edilən günə kimi nə sayğaca, nə də elektrik xəttinə müdaxilə olunmamışdır. Sonradan cavabdeh cəmiyyətin nümayəndələri tərəfindən qanunsuz olaraq 04 avqust 2022-ci il tarixli, 050731 nömrəli akt tərtib edilərək 2112 (iki min yüz on iki) manat cərimə hesablamışdırlar. Qeyd edir ki, akt tamamilə əsassız yazılmışdır. Akt tərtib edilərkən heç bir xəbərdarlıq edilməmişdir. Bundan başqa hər ay O, elektrik borcumu vaxtlı-vaxtında ödəyir, həmin ödənişlərdən açıq aydın müəyyən edilir ki, hər ay nə qədər elektrik enerjisindən istifadə edir. Hesablanmış cərimə hər ay istifadə eldiyi enerji sərfıyyatına uyğun deyildir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə təqdim edrərək iddiası üzrə məhkəmə iclası təyin olunduğunu, maddi imkanı olmadığından məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş və iddia tələbi ilə bağlı qeyd etmişdir ki, tərtib olunmuş akt qanunsuz və əsassızdır. Cavabdehin nümayəndələri tərəfindən işlətdiyi mağazaya baxış keçirilmiş həmin vaxt heç bir qanunsuz əlavə elektrik naqilləri və başqa xətlər aşkar olunmamışdır. Cavabdehin nümayəndələri baxış keçirib getdikdən bir neçə gün sonra barəsində qanunsuz akt tərtib olunmuşdur. Həmin akt barədə məlumatı olmamış və sayğaca kart vasitəsi ilə ödəniş edən vaxt ödədiyi məbləğin müəyyən hissəsi silinmiş və bu barədə cavabdeh orqana müraciət edən vaxt məlum olmuşdur ki, barəsində qanunsuz akt tərtib olunub və ödənişlərinin müəyyən qismi həmin cərimə borcuna silinir. Bu səbəbdən iddianın təmin tədbiri barədə ərizə ilə müraciət etmiş iş üzrə müvafiq qərardad qəbul olmuş və sonradan akta dair cərimənin tutulması dayandırılmışdır. Aktın tərtib olunmasına dair cavabdehin heç bir sübutu yoxdur və tam qanunsuz akt tərtib olunmuş və bununlada hüquqları kobudcasına pozulmuşdur. Qeyd olunanları nəzərə almasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edə bilməyəcəyi haqqında ərizə göndərmiş, lakin məhkəmənin əvvəlki iclaslarında bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış 2112 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı Cəmiyyət qəbul etmir. Bildirir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********7 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın giriş kabelini, izolyasiyasını pozaraq obyektə kənar xətt daxil etmişdir. Əməkdaşlar tərəfindən videoçəkiliş aparılmışdır. Baxış zamanı xx.xx.2022-ci il tarixli R050731 nömrəli akt tərtib edilmişdir. icra vərəqəsinə əsasən: 10 kvt x 16 saat x 120 gün= 19200 kVt.s Tarif (0,11 man)-19200 kVt.s x 0,11 man = 2112 manat Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nm 8.16-cı maddəsinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri 04 avqust 2022-ci il tarixli, KY221761222 nömrəli çıxarışın surətindən görünür ki: Yoxlayuıcı orqan "xxxx"ASC sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə yoxlama aparmışdır.
11. İş materiallarına əlavə olunmuş videogörüntüdən görünür ki, "xxxx" ASC-nin nümayəndələri sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə yoxlama aparır, obyektə daxil olan xətti aşikar edir. Lakin yoxlamanın nə vaxt(tarix saat), kimə məssus obyektdə, kimlərin iştirakı ilə, kənar şəxslər dəvət olunmadan, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini yoxlanılan obyektin sahibinə təqdim etmədən aparılmışdır.
12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.
13. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, 154921 nömrəli “enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.
14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 050731 nömrəli aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən Sabirabad rayonu, Kürqırağı kəndində yerləşən, abonent kodu **********33012 olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Yoxlayıcılar tərəfindən videoçəkiliş aparılmış, daxil olan yükü ölçmək mümkün olmamışdır. Kabelin N kəsiyi S=2 x 16mm təşkil etmişdir.
15. Bundan başqa, iş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən xx.xx.2022-ci il tarixli 050731 nömrəli akt əsasında İddiaçı məxsus **********7 saylı abunə kodu üzrə 2112 manat (10kvt x 16 saat x 120 gün = 19200 kvts x 0,11 (tarif)=2112) borc hesablanmışdır.
16. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız hesab edilməsini və silinməsini tələb etdiyi borc xx.xx.2022-ci il tarixli 050731 nömrəli akta əsasən hesablanmış olan borc məbləğidir. Ona görə də, qeyd olunan aktın və onun nəticəsinin hüquqi qüvvəsinin olubolmaması müəyyən edilməlidir.
17. İddiaçı ərizəsində göstərmişdir ki, obyekti yoxlayanlar həmin gün akt tərtib etməmişlər. xx.xx.2022-ci il tarixli 050731 nömrəli akt isə yoxlamadan bir neçə gün sonra tərtib edilən aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş videogörüntüdə iddiaçıya reyestrdən çıxarışın təqdim edilməsi görünmür. Göstərilən halın əksini təsdiq edən dəlili cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məhkəmə cavabdeh tərəfin xx.xx.2022-ci il tarixli 050731 nömrəli aktın tərtib edilməsinə əsas olmuş yoxlamalnın keçirildiyi gün vahid məlumat reyestrində qeydə alınmadan keçirildiyi qənaətinə gəlir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 31.5 və 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır və imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. Məhkəmə qeyd edir ki, fərz olunsa ki, yoxlama həqiqətən də xx.xx.2022-ci il tarixdə keçirilmiş, bu zaman aktın tərtib olunması ilə bağlı qanunvericiliyin tələbi pozulmuş, akt yoxlama başa çatdığı gün tərtib olunub yoxlayıcılar tərəfindən imzalanaraq imzalanmaq üçün istehlakçıya təqdim olunmalı olduğu halda tərtib olunmamış, istehlakçıya imzalanmaq üçün təqdim olunmamışdır.
18. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə düzgün əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.(sonra alınmışdır)
19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də etibarsız hesab edilməlidir.
20. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli 050731 nömrəli akt etibarsız hesab edilməsini və hesablanmış 2112 manat borcun silinməsini xahiş edir.
21. Ona görə də, xx.xx.2022-ci il tarixli 050731 nömrəli akt etibarsız hesab edilməli və hesablanmış 2112 manat borc silinməlidir.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 avqust 2022-ci il tarixli, 050731 nömrəli akt etibarsız hesab edilsin və akt əsasında hesablanmış 2112 (iki min yüz on iki) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Müseyib Bayramov