Məhkəmə qərarları › İş №e-2-2(113)-1934/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1934/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1934/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülki hüquq pozuntusu (delikt), ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət, obyektiv məsuliyyət, əldən çıxmış fayda) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus avtomobillərə dəymiş maddi zərərin əvəzi olaraq 5581 manat, əldən çıxmış fayda olaraq 500 manat məbləğində pulun və ödənilmiş 90,81 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin, 295 manat əmlakın qiymətləndirmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdehə məxsus “Ford TR” yük markalı 77JK305 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobillər zədələnmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə hadisənin cavabdehə məxsus “Ford TR” yük markalı 77JK305 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi müəyyən edilmişdir. “Autocolours” avtoservisin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobilə 7602 manat məbləğində zərər dəymişdir. Sığorta şirkəti tərəfindən həmin məbləğdən 2358 manat ödənilmişdir. Qeyd edilən avtoservisin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilə isə 620 manat məbləğində zərər dəymişdir. Sığıorta şirkəti tərəfindən həmin məbləğdən 283 manat ödənilmişdir. Hər iki avtomobilə dəymiş zərərdən ödənilməmiş məbləğ ümumilikdə 5581 manat təşkil edir. 2.2. Belə olan halda cavabdehin (X3) iddiaçıya vurduğu maddi ziyana görə 5581 manat məbləğində borcu yaranmışdır. Cavabdehə qanunvericiliyin tələbinə əsasən zərərin ödənilməsi ilə əlaqədar pretenziya qaydasında müraciət edilmişdir. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkil Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 1000 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər nəticə vermədiyinə görə isə iddia ərizəsi və müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə tərtib edilərək məhkəməyə təqdim edilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. İddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 1000 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əlavə olaraq, iddia ərizəsinin verilməsinə görə 90,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. 77AU723 qeydiyyat nişanlı “Nissan Sunny” və 77AU724 qeydiyyat nişanlı “Fiat Doblo” markalı nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərclərin müəyyənləşdirilməsi üçün rəy alınmışdır. Eyni zamanda həmin rəyin alınması üçün iddiaçı tərəfindən 295 manat ödənilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə və s. istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, “Fiat Doblo” markalı nəqliyyat vasitəsinə 620 manat məbləğində zərər dəymişdir, lakin nəqliyyat vasitəsi üçün sığorta şirkəti tərəfindən ödənilməli olan 283 manat sığorta ödəniş verilməmiş, avtomobil də təmir edilməmişdir. “Nissan Sunny” markalı avtomobil isə təmir edilmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, iddiaçının nəqliyyat vasitələri zədələndiyi üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Əldən çıxmış fayda da məhz həmin xidmətlərin xərcidir.

8. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə poçt rabitəsi vasitəsilə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmyaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdehin mülkiyyətində olan “X4” yük markalı 77JK305 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçüncü şəxs X1 idarəetməsində olarkən xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov və M.Mehdizadə küçələrinin kəsişməsində üçüncü şəxs tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçının mülkiyyətində olan “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı və “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobillər hadisə nəticəsində zədələnmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində üçüncü şəxs təqsirli hesab edilərək barəsində xx.xx.2024-cü il tarixli TP ******* seriya və nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 134127 nömrəli sığorta aktı ilə “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobil üçün 283 manat, xx.xx.2024-cü il tarixli 134128 nömrəli sığorta aktı ilə “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobil üçün 2358 manat sığorta ödənişi təyin edilmişdir.

14. İddiaçı xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilə 620 manat zərər dəydiyi, onun 283 manat hissəsinin sığorta ödənişi ilə əhatə olunduğuna, “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobilə 7602 manat zərər dəydiyi, onun 2358 manat hissəsinin sığorta ödənişi ilə əhatə olunduğuna istinad edərək sığorta ödənişləri ilə əhatə olunmayan 5581 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetləri vasitəsilə təqdim edilən bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanının olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

22. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.

23. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin delikt tərkibi cinayət və inzibati xəta tərkiblərindən fərqli olaraq məhdud tərkiblə də formalaşa bilir. Hüquqi tərkib isə müəyyən hallarda hüquqi məsuliyyətin tipini müəyyən edir. Hüquqi məsuliyyətin hüquq ədəbiyyatında üç tipi fərqləndirilir: təqsir əsaslı məsuliyyət, obyektiv məsuliyyət və mütləq məsuliyyət. Obyektiv məsuliyyət zamanı şəxsin təqsirli olub-olmaması elə bir əhəmiyyət daşımır, lakin müəyyən hallar (məsələn, qarşısıalınmaz qüvvə, zərərçəkənin qəsdi və ya razılığı və s.) olur ki, həmin hallar şəxsin məsuliyyətini istisna edir. Ancaq mütləq məsuliyyət zamanı şəxs zərərin qarşısının alınmasının qeyri-mümkünlüyünü sübut etsə də, məsuliyyətə cəlb olunur.

24. Mülki Məcəllədə mülki hüquq pozuntuları üçün mütləq məsuliyyət nəzərdə tutulmasa da, təqsir əsaslı məsuliyyət və obyektiv məsuliyyət tiplərində hüquqi məsuliyyət nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Başqa sözlə, qanunverici təqsir olmadan da, səbəbli əlaqə və hüquqazidd əməldən ibarət tərkibli mülki hüquq pozuntusunu tanıyır. Yəni obyektiv hüquqi məsuliyyətə yol verir.

25. Mülki Məcəllədə obyektiv məsuliyyət müəyyən edən delikt tərkibindən biri də Mülki Məcəllənin 1108-ci maddəsində təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

28. Hazırkı iş üzrə üçüncü şəxs nəqliyyat vasitəsini idarə edən sürücü olmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə əsasən qiymətləndirdikdə məhkəmə qeyd edir ki, üçüncü şəxs Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilən “yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs” hesab edilə bilməz. İddiaçının tələbi də nəqliyyat vasitəsinin mülkiyyətçisinə (qanuni sahibiblik edən şəxsə) yönəlmişdir.

29. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin nəqliyyat vasitəsinin mülkiyyətçisi olduğu işin müəyyən olunan haldır. Bu isə hüquqi əsasın və maddi şərtin mövcud olduğunu deməyə əsas verir.

30. Zərərin məbləğinə münasibətdə isə göstərilməlidir ki, iş materiallarında olan fərdi sahibkar X.N.Məmmədovun təqdim etdiyi qüsur aktlarında “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobilə 3602 manat ehtiyat hissə, 4000 manat işçilik haqqı olmaqla 7602 manat, “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilə isə 620 manat zərər vurulduğu görünür.

31. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-cü il tarixə təmir xərcinin 7002 manat, “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixə təmir xərcinin 620 manat tələb olunur.

32. Belə olan halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada qiymətləndirmə fəaliyyətini həyata keçirməyə səlahiyyətli qiymətləndirici təşkilat olduğunu nəzərə alan məhkəmə hesab edir ki, “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobil və “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2025-ci il tarixli rəyə müvafiq olaraq 7002 manat və 620 manat olaraq müəyyən edilməlidir.

33. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, sığorta ödənişləri nəzərə alınmaqla “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 337 (620 – 283) manat və “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 4644 (7002 – 2358) manat olmaqla ümumilikdə 4979 (4644+337) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

34. Məhkəmə əldən çıxmış fayda ilə bağlı 500 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.

36. İddiaçı ona məxsus nəqliyyat vasitələrinin zədələnməsi səbəbindən taksi xidmətindən istifadə etdiyini bildirsə də, istinad etdiyi halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə əldən çıxmış fayda hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı eyni zamanda 90,81 manat dövlət rüsumu, 1000 manat hüquqi yardım xərci və 295 manat qiymətləndirmə xərcinin cavabdehdən tutulmasını xahiş edir.

38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün 90,81 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tariuxli 9 nömrəli ödəniş tapşırığı və icra qeydindən 1000 manat məbləğində pulun xx.xx.2024-cü il tarixli müqavilə ilə Bakı şəhəri 2 saylı vəkil bürosunun bank hesabına köçürüldüyü görünür.

40. Məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli 398 və 399 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən “Nissan Sunny” markalı 77AU723 dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı 77AU724 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin qiymətləndirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 295 manat xidmət haqqı köçürülmüşdür.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

43. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

47. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları, eyni zamanda mübahisənin həlli üçün əmlaka dəymiş zərərin müəyyən olunmasının zəruriliyini, əmlaka zərərin dəydiyinin sübut olunduğunu və göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, ekspertiza xərcinin əvəzi olaraq 295 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 4979 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, ekspertiza xərcinin əvəzi olaraq 295 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar