Məhkəmə qərarları › İş №e-2-2(113)-1939/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1939/2022

26.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1939/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X7 Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 tərəfindən iddiaçı X12 MMC barəsində hesablanmış 21375,80 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı meyvə və tərəvəz konservləşdirilməsi istehsalı sahəsində 2003-cü ildən bəri Azərbaycan Respublikasında, Xaçmaz şəhərində fəaliyyət göstərən nəin ki, Azərbaycan Respublikasının, ümumilikdə, Cənubi Qafqazın ən iri konserv istehsal müəssisəsidir. Zavodun fəaliyyəti üçün illik olaraq təxminən 400-500 arası fermerdən müxtəlif məhsullar alınır və hər il ortalama 300-350 nəfər cəmiyyətimizdə işlə təmin olunur. Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, cəmiyyətimizin qaz xətti üzərində quraşdırılmış G1000 markalı, 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı 17.06.2021-ci il tarixində xətdən çıxarılmış və Cavabdeh X1 Departamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən 24.06.2021-ci il tarixində SS № 29/1640-01378 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa istinad olunaraq 2021-ci ilin mart, aprel, may və iyun ayları ərzində qaz sərfiyyatının faktiki göstərilən həcmindən 67554 kub metr az olduğu müəyyən edilmiş və buna müvafiq olaraq cavabdeh X4 X14 İstismar İdarəsi tərəfindən Cəmiyyətimiz üçün 21375,80 manat borcu olduğu qənaətinə gəlmişdir. Bildirmək istərdik ki, cəmiyyətimizin qaz xətti əsas qaz xəttindən həmin ərazidəki digər müəssisə olan kərpic zavodu ilə birlikdə fəaliyyət göstərməkdədir. Yoxlama nəticələrinin obyektivliyinə əmin olmaq üçün X14 İstismar İdarəsinin əməkdaşlarından qaz xəttimizin mərkəzində yerləşdirilmiş ROK ölçü cihazının göstəricilərindən həmin aylarda Kərpic Zavodunun sərf etdiyi qaz həcmini çıxmaqla Cəmiyyətimizin üzərinə düşən 4 aylıq sərfiyyatın verilməsi istənilmiş, rəsmi qaydada məktubla müraciət olunmuş, lakin bugünə qədər məktubumuza rəsmi cavab verilməmişdir. Belə olduğu təqdirdə qeyd olunan artıq sərfiyyatın və borcun əsassız olması ilə bağlı tərəfimizdə əsaslı şübhələr yaranır. Bununla bağlı tərəfimizdən cavabdeh Azəriqaz İB-nə 22.11.2021-ci il tarixli, 50 nömrəli pretenziya məktubu ilə müraciət olunsa da, cavabdehin 13.12.2021-ci il tarixli məktubu ilə tələblərimiz təmin edilməmiş və bu istiqamətdə mötəbər və effektiv araşdırma aparılmamışdır. Mübahisənin barışıq yolu ilə aradan qaldırılması üçün cavabdeh Azəriqaz İB-nə 13.01.2022-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif” ilə müraciət etsək də, cavabdeh Azəriqaz İB mübahisənin barışıq yolu ilə nizamlanması üçün hər hansı bir addım atmamış, mediator X5 çağırışlarına gəlməmiş və X6 iştirak etməmişdir. Bu fakt MBŞ/4-00374 nömrəli, 17.02.2022-ci il tarixli “X6 İştirak edilməməsi barədə Arayış” ilə sübut olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qaz xəttimizin mərkəzində yerləşdirilmiş ROK ölçü cihazının göstəricilərindən 2021-ci ilin mart, aprel, may və iyun ayları ərzində Kərpic Zavodunun sərf etdiyi qaz həcmini çıxmaqla cəmiyyətimizin üzərinə düşən 4 aylıq sərfiyyat barədə rəsmi məlumatların verilməməsi hesablanmış 21375,80 manat borcun əsassız olmasına dəlalət etdiyi və cavabdeh Azəriqaz İB ilə mübahisənin məhkəməyəqədər həlli ilə bağlı tərəfimizdən atılan addımlar nəticə vermədiyi üçün pozulmuş hüquqlarımızın bərpası üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışıq. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında İddiaçına məxsus sayğacda Cavabdeh nümayəndələri tərəfindən nasazlıq aşkarlanmış, yoxlanılması üçün laboratoriyaya aparılmış və sayğacda 67554 m3 itki aşkar olunduğundan abonentə 21375,80 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 30.07.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********10010 nömrəli abonent kodu olan İddiaçı MMC-nin qaz sayğacına baxış keçirilərkən ARDNŞ-nin 24.06.2021-ci il tarixli SS29/1640-01378 saylı rəyinə əsasən G1000 markalı 83052697 turbin tipli “Elster” qaz sayğacının implus ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 67554 m3 az olduğu aşkar edilmişdir. 24.06.2021-ci il tarixli, SS 29/1640-01378 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X01378 saylı 14 iyun 2021-ci il tarixli telefonoqramına əsasən dövlət yoxalamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin İddiaçınun qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı 17.06.2021-ci il tarixində xətdən çıxarılmış, 24.06.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir:

1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Göstəricilər arasında fərq var. Hesablama mexanizminin sağ tərəfinə vurulan qurğuşun plombun üzərində heç bir informasiya yoxdur. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.

3. Arxivlərə əsasən korrektor 27.03.2021-ci il saaat 16:00-dan sonra qeydiyyat aparmayıb. 24.10.2020-27.03.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,93 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1881 m3, korreksiya olunmamış qaz həcmi 800 m3 qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 53 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 67554 m3 azdır. Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korrektor hesabatı tam aparmadığından, istismara yararsızdır. İddiaçı MMC-nin abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2021-ci ilin avqust ayına 21375,80 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Göründüyü kimi aparılan yoxlama qanunsuz olduğundan İddiaçı MMC-nin **********10010 nömrəli abonent koduna 30.07.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 21375,80 manat məbləğində borc silinməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı MMC-nin **********10010 nömrəli abonent koduna hesablanmış 21375,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-nin **********10010 nömrəli abonent koduna hesablanmış 21375,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar