Məhkəmə qərarları › İş №e-2-2(113)-1940/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1940/2025

21.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1940/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X3" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "X3" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "X3" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "X3" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.515,61 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1% həcmində olmaqla 6.449,85 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 651,5 gecikdirmə faizi olmaqla ümumiliklə 13.616,96 manat borc məbləği , eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 30 sentyabr 2020-ci il tarixli Subpodrat Müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış X2 və İnvoyslara əsasən aşağıda qeyd olunmuş elektron-qaimə üzrə dəyəri qeyd olunmuş İşlər Subpodratçı tərəfindən Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən təhvil alınmışdır: 21 yanvar 2021-ci il tarixli, EBAW seriyalı, 378067 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 88.677,07 manat, ƏDV 15.961,87 manat, ümumilikdə 104.638.94 manat; (Həmin elektron qaimə-fakturaya əsasən Sifarişçi tərəfindən Subpodratçıya əsas məbləğ 5521.70 (beş min beş yüz iyirmi bir manat yetmiş qəpik) manat, ƏDV 993.91 (doqquz yüz doxsan üç manat doxsan bir qəpik) manat, ümumilikdə 6515.61 (altı min beş yüz on beş manat altmış bir qəpik) manat ödənilməmişdir), 06 iyul 2021-ci il tarixli, EBBE seriyalı, 448464 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 20521.70 (iyirmi min beş yüz iyirmi bir manat yetmiş qəpik) manat, ƏDV 3693.91 (üç min altı yüz doxsan üç manat doxsan bir qəpik) manat, ümumilikdə 24215.61 (iyirmi dörd min iki yüz on beş manat altmış bir qəpik) manat. Yuxarıda qeyd olunanlara əsasən əsas məbləğ 5521.70 (beş min beş yüz iyirmi bir manat yetmiş qəpik) manat, ƏDV 993.91 (doqquz yüz doxsan üç manat doxsan bir qəpik) manat, ümumilikdə 6515.61 (altı min beş yüz on beş manat altmış bir qəpik) manat dəyərində borc məbləği Sifarişçi tərəfindən Subpodratçıya bu günədək ödənilməmiş və Sifarişçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "X3" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X3" MMC (subpodratçı) ilə "xxxx" MMC (podratçı) arasında xx.xx.2020-ci il tarixində subpodrat müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Subpodratçı Müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən işləri (bundan sonra “İşlər” adlandırılacaq) yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini Subpodratçıya ödəməyi öhdəsinə götürür.

11. Müqaviləyə 1 nömrəli Əlavə ilə təsdiq edilmiş Qiymət Razılaşma protokolu ilə tərəflər görülən işlər, vahidi, miqdarı, qiyməti və s. barəsində razılığa gəlmişlər.

12. Müqavilə və qiymətlərin razılaşdırılması protokolu tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 378067 nömrəli dəyəri 104.638,94 manat, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 448464 nömrəli dəyəri 24.215,61 manat olan elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir.

16. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra 6.515,61 manat məbləğində borcunun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.

17. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən elektron qaimələr əsasında ödənişlər həyata keçirilmişdir.

18. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işlər icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Cavabdeh məhkəmə etiraz göndərərək kommersiya işi üzrə qətnamə qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulan 3 illik iddia müddətini tətbiq eddilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.

21. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

22. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə son ödənişlərin xx.xx.2022-ci il tarixdə edildiyi, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya borcun etirafı ilə məktubun elektron poçtla xx.xx.2022-ci il tarixdə göndərildiyi, iddia ərizəsinin isə xx.xx.2025-ci il tarixdə verildiyi nəzərə alındığında məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

23. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 6.515,61 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə, müqavilənin 5.3-cü maddəsinə əsasən 6.449,85 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin 5.3-cü maddəsinə əsasən Sifarişçi Müqavilədə müəyyən olunmuş müddət ərzində, ödəmələri aparmasa (qarşısıalınmaz qüvvə təsiri istisna olmaqla) hər gecikdirilmiş gün üçün ödənilməsi nəzərdə tutulan məbləğin 0,1% həcmində Subpodratçı dəbbə pulunun ödənilməsini tələb edə bilər, lakin dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 10%-indən çox olmamalıdır.

26. Göründüyü kimi, tərəflər xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin 5.3-cü bəndi ilə işlərin dəyərinin ödənilməsi gecikdirildikdə cərimə ödənilməsini razılaşdırmışlar.

27. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində, iddia qismən əsaslıdır.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

30. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 940 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş tam ödənilməmiş elektron qaimənin tarixi xx.xx.2021-ci il olmuş, iddia ilə isə Məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir.

32. Göründüyü kimi, qaimənin tarixindən 4 il vaxt keçmişdir.

33. 4 il üzrə tələb edilən əsas borca illik 5 faiz hesablanmaqla olan məbləğ 1.303,12 (6.515,61x5/100=325,78 (1 il üçün), 325,78x4=1.303,12 (4 il üçün)) manat təşkil etsə də, iddiaçının tələbini nəzərə alaraq, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 651,5 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə, 132 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

35. İşdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, **********48 nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə 132 manat pul ödəmişdir.

36. Lakin, Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,67 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.

38. Belə ki, işdən görünür ki, İddiaçı MMC-yə hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürsounun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli elektron order verilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödənmişdir.

39. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Əsas borc üzrə 6.515 (altı min beş yüz on beş) manat, 61 (altmış bir) qəpik, cərimə borcu üzrə 300 (üç yüz) manat, cəmi 6.815 (altı min səkkiz yüz on beş) manat, 61 (altmış bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 651 (altı yüz əlli bir) manat 5 (beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 (doxsan dörd) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar