Məhkəmə qərarları › İş №e-2-2(113)-1941/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1941/2025

04.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1941/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı borcun silinməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 564754,64 manat ümumi məbləğin 129820,47 manat hissəsinin **********00040 nömrəli abonent kodundan silinməsinə və ümumi məbləğdən ödənilmiş 434934,17 manat pulun **********00040 nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə (metal əritmə) müqavilə əsasında **********00040 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2024-cü ilin oktyabr ayına qədər cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatı olmadığından tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, sonradan məlum olduğu kimi, 2016-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayınadək sayğac göstəricisindən əlavə, aktlar əsasında ümumilikdə 564754,64 manat məbləğində borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi, aktlar əsasında iddiaçıya ümumilikdə 564754,64 manat məbləğində əsassız borc hesablanmış və bu borcun 434934,17 manat hissəsi ödəniş kimi cavabdehdən iradəyə zidd şəkildə alınmış, 129820,47 manat hissəsi isə ödənilməmiş qalmışdır. Hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə iddiaçı tərəfindən edilən ödənişlərdən qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxıbdır. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirildi ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək hesaba işlənmişdir. Bundan başqa, aktlar əsasında hesablanmış borcun ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa, pulun geri qaytarılacağını) bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə, qazın verilməsini dayandıracaqlarını da qeyd etdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və iddiaçının aldadıldığı aydın oldu. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək, sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 564754,64 manat məbləğində əlavə borc hesablamış və həmin borcun bir hissəsini qanunsuz olaraq edilmiş ödənişlərdən tutmuşlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Qeyd edilmişdir ki, cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi və pulun geri qaytarılması tələb edilmiş, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Qazdan istifadə qaydaları”nın 5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, həmçinin bildirdi ki, onlarda olan bütün aktları məhkəməyə təqdim etmişlər, digər aktlar cavabdeh tərəfindən onlara təqdim edilməyibdir, ona görə təqdim edə bilmir. Lakin həmin aktların tarixi, məbləğ abonent saldosunda öz əksini tapmışdr.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İB ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, AMX-3684/20 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən istehlakçının istifadəsində 1 ədəd metaləridən vardır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən qaz sayğacının nömrəsi **********, quraşdırılma tarixi xx.xx.2018-ci il, üzərindəki plombların nömrəsi isə 05501157-dir. Həmin müqaviləin 7.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən istehlakçı müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur.

8. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2023-cü ilin noyabr ayında qaz sərfiyyatı üçün 39229,3 manat borc hesablanmışdır. Akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır.

9. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2023-cü ilin dekabr ayında qaz sərfiyyatı üçün 35567,18 manat borc hesablanmışdır. Akt İddiaçı MMCnin nümayəndəsi tərəfindən imzalanmışdır.

10. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G- 400 ********** markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmadığından hesabat 5755***-*******=54506; 54506x2327=126835; 126835-4078=122757 kimi aparılacağı qeyd edilmişdir.

11. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmadığından hesabat 5777***-*******=21851; 21851x12327=50847; 50847-21851=28996 kimi aparılacağı qeyd edilmişdir.

12. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmadığından hesabat 5848***-*******=71101; 71101x12327=165452; 165452-71101=94351 kimi aparılacağı qeyd edilmişdir.

13. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmadığından hesabat 5922***-*******=112354; 112354x12327=261448; 261448-112354=149094 kimi aparılacağı qeyd edilmişdir.

14. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığından hesabat 6001***-*******=78997; 78997x3,4=268590; 268590-103074=165516 kimi aparılacağı qeyd edilmişdir.

15. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığından hesabat 6072***-*******=70993; 70993x3,4=241376; 241376-117937=123439 kimi aparılacağı qeyd edilmişdir.

16. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığından hesabat 6110***-*******=38181; 38181x3,4=129815; 129815-48986=80829 kimi aparılacağı qeyd edilmişdir.

17. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığından hesabat 6177***-*******=66310; 66310x3,4=225454; 225454-70521=154933 kimi aparılacağı qeyd edilmişdir.

18. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığından hesabat 6262***-*******=85189 (mexaniki göstərici); 17258***-*******9=22072 (elektron göstərici); 85189x3,4=289643; 289643-22072=267571 kimi aparılacağı qeyd edilmişdir.

19. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2024 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-400 ********** markalı qaz sayğacının elektron hissəsi düzgün hesabat aparmadığı üçün xx.xx.2024-cü il tarixində əvəzlənərək dövlət yoxlamasına göndərilmiş və sayğacın işləmədiyi dövrdə hesabat 6301***-*******=39476 (mexaniki göstərici); 17258***-*******1=196 (elektron göstərici); 39476x3,4=134218; 134218-196=134022 kimi aparılacağı qeyd edilmişdir.

20. İddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda göndərilmiş elektron qaimələr təqdim edilmişdir.

21. İddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən müxtəlif vaxtlarda Cavabdeh İB-nin bank hesabına edilmiş ödənişlərlə bağlı ödəniş tapşırıqları təqdim edilmişdir.

22. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin (abonent kodu: **********000040) ümumilikdə borcu 129820,47 manat (sayğac oxunması: 3874247,84 manat + aktlar: 564754,64 manat – ödəmələr: 4309182,01 manat = son borc: 129820,47 manat) təşkil edir.

23. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə pretenziya məktubu göndərilərək, 3 gün ərzində cavabdeh orqan tərəfindən əsassız hesablanmış 564754,64 manat ümumi məbləğin 129820,47 manat hissəsinin **********00040 nömrəli abonent kodundan silinməsinə və ümumi məbləğdən ödənilmiş 434934,17 manat pulun **********0040 nömrəli abonent koduna geri qaytarılmasına dair göstəriş verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

24. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

28. İddia tələbini 564754,64 manat ümumi məbləğin 129820,47 manat hissəsinin **********00040 nömrəli abonent kodundan silinməsi və ümumi məbləğdən ödənilmiş 434934,17 manat pulun **********00040 nömrəli abonent koduna geri qaytarılması təşkil edir.

29. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qaz sayğacının elektron hissəsinin düzgün hesabat aparmaması ilə əlaqədar baxış keçirilərək Cavabdeh İB tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmiş və aktlar əsasında iddiaçıya yanaşı olaraq 564754,64 manat borc hesablanmışdır.

30. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.

31. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, iddiaçı tərəfindən həmin aktlar üzrə edilmiş ödənişlər də əsassız olaraq qəbul edilməli və iddiaçının tələbinə uyğun olaraq Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış və ödənilmiş 434934,17 manat (dörd yüz otuz dörd min doqquz yüz otuz dörd manat on yeddi qəpik) məbləğində pul vəsaiti iddiaçının **********00040 nömrəli abonent koduna geri qaytarılmalıdır.

33. İddia tələbinin 564754,64 manat ümumi məbləğin 129820,47 manat hissəsinin **********00040 nömrəli abonent kodundan silinməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, abonent saldosundan göründüyü kimi, abonentin 2024-cü ilin oktyabr ayının sonuna olan ümumi borcu 95538,31 manat (ayın əvvəlinə olan cəmi borc 63721,47+həmin ay üçün sərfin məbləği 66053,46+akt əsasında hesablanmış 29484,84 manat - həmin ay ödənilmiş 63721,46=95538,31) təşkil etmiş, həmin məbləğ tam şəkildə 2024-cü ilin noyabr ayında ödənilmişdir. 129820,47 manat 2024-cü ilin noyabr və dekabr ayı üçün sayğac göstəricisinə əsasən hesablanmış debütor borcdur və həmin ilin noyabr və dekabr ayları üçün iddiaçı barəsində aktın tərtib olunması və əlavə məbləğin hesablanması müəyyən olunmur. İddiaçı barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış borcun ümumi məbləği 564754,64 manat olmuş (ümumilikdə 2016-cı il üzrə 20865 manat + 2017-ci il üzrə 178361,4+ 2023-cü il üzrə 74796,48 manat, 2024-cü il üzrə 290731,76 manat=564754,64 manat) və həmin məbləğin hamısı ödənilmişdir. İddiaçı həmin məbləğin 434934,17 manat hissəsinin qaytarılmasını xahiş etmişdir.

34. Beləliklə, 129820,47 manat 2024-cü ilin noyabr və dekabr ayı üçün sayğac göstəricisinə əsasən istifadə olunmuş qaz sərfi üzrə hesablanmış debütor borc olduğundan həmin borcun silinməsi üçün əsaslar müəyyən edilmir, ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə aktlar əsasında hesablanmış və ödənilmiş 434934,17 manat (dörd yüz otuz dörd min doqquz yüz otuz dörd manat on yeddi qəpik) məbləğində pul vəsaiti iddiaçının **********00040 nömrəli abonent koduna geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar