Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1944/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Firmasına (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 192339 (yüz doxsan iki min üç yüz otuz doqquz) manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh firması arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51315.0 kv.m. torpaq sahəsi Cavabdeh firmasının icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarəhaqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarəhaqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarəhaqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 192339 (yüz doxsan iki min üç yüz otuz doqquz) manat icarəhaqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-19255/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarəhaqqı borcunu ödəməkdən imtina etmişlər (akt iddia ərizəsinə əlavə edilir).
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 234549,73 (iki yüz otuz dörd min beş yüz qırx doqquz manat yetmiş üç qəpik) manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Yahyayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh özü həmin müqavilənin bağlanması üçün müvafiq ərizə ilə iddiaçıya müraciət etmiş, müqaviləni iddiaçının etibarnamə üzrə nümayəndəsi imza etmişdir. Bundan əlavə, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən icarə haqları da ödənilmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh icarə müqaviləsindən xəbərsiz olmuş, etibarnaməni iddiaçı torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə vermiş, müqavilənin bağlanmasına iddiaçının razılığı olmamışdır. Bu səbəbdən göstərilən müqavilə üzrə iddiaçıdan vəsait tələb edilə bilməz.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7950 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51315.0 kv.m. torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 461835 manat; aylıq icarə haqqı 38486,25 manat təşkil edir.
10. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 234549,73 manat təşkil edir.
11. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Cavabdeh iddia tələbinə etirazında ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu bildirir.
13. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.
15. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.
16. Materiallardan görünür ki, cavabdehə qarşı yönəlmiş iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən irəli gəlir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
21. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
22. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
24. Cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
25. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
26. Bundan əlavə, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 142863,82 manat vəsait ödənilmiş, icarə müqaviləsini imza edən şəxsə iddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə vermiş, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmişdir.
27. Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
28. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
29. Bu səbəbdən məhkəmə cavabdehin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumnetini əsassız hesab edir.
30. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 234549,73 manat borcu qalmış, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin sahiblik və istifadəsindədir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
33. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 234549,73 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 524,55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Firmasından 234549,73 (iki yüz otuz dörd min beş yüz qırx doqquz manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh Firmasından 524,55 (beş yüz iyirmi dörd manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova