Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1948/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Metag İnşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “Metag İnşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "METAG İNŞAAT TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı filiaılından 40 556.19 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 4055.61 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 3548.65 gecikdirmə faizi olmaqla ümumiliklə 48160.45 borc məbləği, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 235 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə "METAG İNŞAAT TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı filia(lıbundan sonra “Sifarişçi” adlandırılacaq) arasında 30 sentyabr 2020-ci il tarixli Subpodrat Müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Subpodratçı Müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən işləri (bundan sonra “İşlər” adlandırılacaq) yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini Subpodratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən Sifarişçi işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğinin (qiyməti) ödəməlidir. Müqavilənin 5.1-ci maddəsinə əsasən Tərəflər bu Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.3-cü maddəsinə əsasən Sifarişçi Müqavilədə müəyyən olunmuş müddət ərzində, ödəmələri aparmasa (qarşısıalınmaz qüvvə təsiri istisna olmaqla) hər gecikdirilmiş gün üçün ödənilməsi nəzərdə tutulan məbləğin 0,1% həcmində Subpodratçı dəbbə pulunun ödənilməsini tələb edə bilər, lakin dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 10%-indən çox olmamalıdır. Tərəflər arasında imzalanmış X3 və İnvoyslara əsasən aşağıda qeyd olunmuş elektron-qaimə üzrə dəyəri qeyd olunmuş İşlər Subpodratçı tərəfindən Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən təhvil alınmışdır: 1. 28 aprel 2021-ci il tarixli, EBBA seriyalı, 878976 nömrəli elektron qaimə-fakturaya əsasənəsas məbləğ 25 055.57 (iyirmi beş min əlli beş manat 57 qəpik) manat, ƏDV 4 510.00 (dörd min beş yüz on manat) manat, ümumilikdə 29 565.57 (iyirmi doqquz min beş yüz altmış beş manat 57 qəpik) manat 2. 11 avqust 2021-ci il tarixli, EBBG seriyalı, 245610 nömrəli elektron qaimə-fakturaya əsasənəsas məbləğ 17 043.09 (on yeddi min qırx üç manat doqquz qəpik) manat, ƏDV 3 067.76 (üç min altmış yeddi manat yetmiş altı qəpik) manat, ümumilikdə 20 110.84 (iyirmi min yüz on manat səksən dörd qəpik) manat 3. 21 sentyabr 2021-ci il tarixli, EBBJ seriyalı, 452318 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 44 500.56 (qırx dörd min beş yüz manat əlli altı qəpik) manat, ƏDV8 010.10 (səkkiz min on manat on qəpik) manat, ümumilikdə 52 510.66 (əlli iki min beş yüz on manat altmış altı qəpik) manat; (Həmin elektron qaimə-fakturaya əsasən Sifarişçi tərəfindən Subpodratçıyaəsas məbləğ 34 369.65 (otuz dörd min üç yüz altmış doqquz manat altmış beş qəpik) manat, ƏDV 6 186.54 (altı min yüz səksən altı manat əlli dörd qəpik) manat, ümumilikdə 40 556.19 (qırx min beş yüz əlli altı manat on doqquz qəpik) manat ödənilməmişdir) Yuxarıda qeyd olunanlara əsasən əsas məbləğ 34 369.65 (otuz dörd min üç yüz altmış doqquz manat altmış beş qəpik) manat, ƏDV 6 186.54 (altı min yüz səksən altı manat əlli dörd qəpik) manat, ümumilikdə 40 556.19 (qırx min beş yüz əlli altı manat on doqquz qəpik) manat dəyərində borc məbləği Sifarişçi tərəfindən Subpodratçıya bu günədək ödənilməmiş vəSifarişçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 10 (on) gün ərzində öhdəliyini tam icra etməmişdir. Beləliklə, "METAG İNŞAAT TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı finliıanlı İddiaçı MMC – yə 40 556.19 (qırx min beş yüz əlli altı manat 19 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 4055.61 ( dörd min əlli beş manat 61 qəpik) manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 3548.65 (üç min beş yüz qırx səkkiz manat 65 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 48160.45 (qırx səkkiz min bir yüz altmış manat 45 qəpik) borc məbləği yaranmışdır. İddiaçı Müqavilə üzrə öz öhdəliyini icra etmiş və öhdəliyin qarşılıqlı icrası vaxtı çatdığı halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir və beləliklə də, iddiaçı Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini Cavabdehdən tələb edir. Həmçinin Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə İddiaçıya ziyan vurmuşdur. Buna görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Beləliklə, cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə "METAG İNŞAAT TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli Subpodrat Müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Subpodratçı Müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən işləri (bundan sonra “İşlər” adlandırılacaq) yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini Subpodratçıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən İşin xüsusiyyətləri bu Müqaviləyə əlavə edilmiş X4 ilə müəyyənləşdirilir.
10. Müqvilənin 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı Tərəflərlə razılaşdırılmış qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X5 ilə müəyyənləşdirilir. Müqavilə dəyəri 90018 (doxsan min on səkkiz) AZN təşkil edir(ƏDV daxil deyil).
12. Müqavilənin 2.2-ci bəndinə əsasən "Subpodratçı"-nın faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi “Subpodratçı”-nın nümayəndəsi tərəfindən hesablanacaq və həmin işləri sübut edən sənədlərdə (aktlar, Forma №2 və s) əks olunaraq “Sifarişçi”yə ödəniş edilməsi üçün təqdim ediləcək.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən material üçün nəzərdə tutulan məbləğ üzrə 50 % AVANS şəklində öncədən ödəniş olacaq, məbləğin qalan hisssəsi isə material iş sahəsinə təhvil verildikdən sonra ödəniləcək. İşçilik ödəmələri isə hər 15 gündən bir görülən işə görə həyata keçiriləcək.
14. Müqavilənin 2.6-cı bəndinə əsasən Müqavilə qiymətinin ödənilmə qrafiki X4 ilə müəyyən edilir.
15. Müqavilənin 2.7-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər köçürmə qaydasında həyata keçiriləcəkdir.
16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən Sifarişçi işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğinin (qiyməti) ödəməlidir.
17. Müqavilənin 4.3-cü bəndinə əsasən "Subpodratçı” tərəfindən yerinə yetirilən İşlərin İcrası Qrafikində müəyyən edilmiş vaxtda Tərəflərin səlahiyyətli nümayəndələrinin, o cümlədən "Sifarişçi”-nin göstərdiyi müvafiq şəxslərin iştirakı ilə aralıq və yekun "Təhvil- Təslim Aktı” əsasında Təhvil verilir.
18. Mqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi təhvil-təslim Aktını aldığı gündən sonra 3 (üç) iş günü ərzində onu imzalamalıdır.
19. Müqavilənin 5.1-ci bəndinə əsasən Tərəflər bu Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20. Müqavilənin 5.3-cü bəndinə əsasən Sifarişçi Müqavilədə müəyyən olunmuş müddət ərzində, ödəmələri aparmasa (qarşısıalınmaz qüvvə təsiri istisna olmaqla) hər gecikdirilmiş gün üçün ödənilməsi nəzərdə tutulan məbləğin 0,1% həcmində Subpodratçı dəbbə pulunun ödənilməsini tələb edə bilər, lakin dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 10%-indən çox olmamalıdır.
21. İddiaçı MMC tərəfindən 29565,57 manatlıq xidmətə dair xx.xx.2021-ci il tarixli EBBA878976 saylı, 20110,84 manatlıq xidmətə dair xx.xx.2021-ci il tarixli, EBBG245610 saylı və 52510,66 manatlıq xidmətə dair xx.xx.2021-ci il tarixli EBBJ452318 saylı eqaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
22. Cavabdeh tərəfindən EBBJ452318 saylı e-qaimə üzrə 1260 manat və EBBA878976 saylı e-qaimə üzrə 4510 manat məbləğində ƏDV ödənişləri və 3631,32 manat məbləğində müqavilə üzrə ƏDV avans ödənişi edilmişdir.
23. 02.11.2020-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçı MMCnin hesbaına 20174 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 25055,57 manat və xx.xx.2023-cü il tarixə 7000 manat məbləğində ödənişlər edilmişdir.
24. Cavabdeh ARF-in 06.07.022-ci il tarixli məktubunda İddiaçı MMC ilə bağlanmış müqavilə əsasında aralarında yaranan qalıq 41543,65 manat ödəməni xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat və xx.xx.2022-ci il tarixdə 10000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
25. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
29. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
31. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən müəyyən qədər ödənişlər edilsə də, qalan məbləğin dörd dəfəyə hissələrlə iddiaçıya ödənilməsini yazılı məktub göndərməklə öhdəsinə götürsə də bugunə kimi qalıq borc ödənilməmiş qalmışdır. Həmin 40556,19 manat (ƏDV daxil) məbləğində borcun cavabdehdən tutulmasını xahiş edir.
32. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 40556,19 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 4055,61 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 4055,61 manat məbləğində müəyyən edilməlidir.
37. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 3548,65 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə əsaslı hesab etmir.
38. Belə ki, Mülki Məcəllənin:
39. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
40. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
42. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
43. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
44. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
45. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
46. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
47. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
48. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
49. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.
50. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.
51. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
52. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
53. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
54. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, dəbbə və faiz borcunu cavabdehin sonuncu ödəniş tarixindən iddianın məhkəməyə verildiyi tarixə kimi olan dövr üçün tutulmasını xahiş edir (xx.xx.2023-xx.xx.2025-ci il tarixinə kimi, yəni 22 ay müddətinə). Beləliklə, 22 ay müddətinə gecikdirilmiş 40556,19 manat borca illik 5% ilə hesablanan faiz borcu 3718 manat təşkil edir, cavabdehə tətbiq edilən dəbbə pulu məbləği isə 4055,61 manat təşkil edir.
55. Göründüyü kimi iddiaçının 22 aylıq müddət üçün tutulmasını xahiş etdiyi 3548,65 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (4055,61 manat) ilə əhatə olunduğu üçün, yuxarıda qeyd edilən normaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində faiz borcunun da tutulmasının tələb edilməsi əsassızdır, həmin hissədə iddia təmin edilməməlidir.
56. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 235 manat dövlət rüsumu və 320 manat vəkil xərci ödənişləri ödənilmişdir.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
59. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 235 manat dövlət rüsumu və 320 manat hüquqi xidmət xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "METAG İNŞAAT TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialından 40 556,19 manat əsas borc məbləği, 4055,61 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 235 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova