Məhkəmə qərarları › İş №e-2-2(113)-1953/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1953/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1953/2025 22.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC qarşı xitam bildirişinin ləğv edilməsi, əldən çıxmış fayda və dəymiş maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 yanvar 2025-ci il tarixli xitam bildirişinin ləğv edilməsi, Nizami Mall tərəfindən bağlı saxlatdırılan hər gün üçün günlük 350 manat tariflə (əldən çıxmış fayda və dəymiş maddi ziyan) hesablanmaqla Cavabdeh MMC-dən tutulması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMCdən əvəzi alınaraq "xxxx" MMC hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 8.5-ci bəndində əsasən mübahisələr 30 gün müddətində danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə tərəflər məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər. Lakin pretenziya xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və pretenziyada xx.xx.2021-ci il tarixdən etibarən hər ay üçün qeyri-rəsmi alınan əlavə icarə və kommunal ödənişinə görə toplam 30.000 manat məbləğində pul vəsaitinin geri qaytarılmsını tələb edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə ünvanladığı pretenziyada göstərilən tələbin mahiyyəti ilə cavabdehə qarşı irəli sürülən tələbin mahiyyəti fərqli olmuş, həmçinin pretenziyanın göndərilməsindən 30 gün müddət keçməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC qarşı xitam bildirişinin ləğv edilməsi, əldən çıxmış fayda və dəymiş maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar