Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1955/2021 17.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə) “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə (Cavabdeh MTK) qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 30618,74 manat borcunun "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK-nın (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 30618,74 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq, cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli, 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 30618,74 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı Cavabdehnə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi, Cavabdeh tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində Cavabdeh MTK arasında bağlanmış 11.09.2003-cü il tarixli, 0235 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 2212 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir; 7.4-cü bəndinə əsasən icarəçi hər il ******* manat (köhnə məzənnə ilə) icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı Şəhər İcra Hakimiyyətinin 15.03.2003-cü il tarixli 117 nömrəli sərəncamına əlavə edilməsi haqqında 31.07.2003-cü il tarixli 383 nömrəli Sərəncamından görünür ki, Cavabdeh MTK-nın 24.06.2003-cü il tarixli, 41 saylı müraciəti, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 05.04.97-ci il tarixli, 815 saylı icarə haqqında müqaviləsi və Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 29.04.2003-cü il tarixli müqaviləsi nəzərə alınaraq, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə Cavabdeh MTK-ya yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün əlavə olaraq, 0,221 ha torpaq sahəsi təqdim olunmuş müqavilə əsasında həmin kooperativin icarəsinə verilməsi qeyd edilmişdir. - İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində «Hüquq” MTK arasında bağlanmış 07.09.2005-ci il tarixli, 0597 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 432,7 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.3cü bəndinə əsasən torpaq sahəsi çoxmrətəbəli qaraj binasının tikintisi üçün verilir; 7.4-cü bəndinə əsasən icarəçi hər il 2592046,08 manat (köhnə məzənnə ilə) icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı Şəhər İcra Hakimiyyətinin 27.07.2005-ci il tarixli 203 nömrəli Sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 16.05.2005-ci il tarixli, 01-04/58 saylı razılıq məktubu, Cavabdeh MTK-nın 02.10.2004-cü ii tarixli, 41 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 20.09.2004-cü il tarixli, 003494 saylı şəhadətnaməsi nəzərə alınaraq, Nəsimi rayonu, Xatai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsinin tutduğu 3943,3 kv.m torpaq sahəsinə bitişik 432,7 kv.m sahə icarə əsasında, ümumi 4376 kv.m torpaq sahəsində 24 m dəmir yolunun mühafizə zolağından məsafə saxlanılmaqla, çoxmərtəbəli qaraj binasının layihələşdirilməsi və tikintisi üçün həmin MTK-nın istifadəsinə verilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 30618,74 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 2212 m2 torpaq sahəsi yaşayış binasının tikintisi üçün icarə əsasında Cavabdehnın istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə «Hüquq” MTK arasında 11.09.2003-cü il tarixli, 0235 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2212 m2 torpaq sahəsi 49 il müddətinə hər il ******* manat (köhnə məzənnə ilə) icarə haqqı olmaqla Cavabdehnın istifadəsinə vermişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əlavə edilməsi haqqında 31.07.2003-cü il tarixli 383 nömrəli Sərəncamı ilə Cavabdeh MTK-nın 24.06.2003-cü il tarixli, 41 saylı müraciəti, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 05.04.97-ci il tarixli, 815 saylı icarə haqqında müqaviləsi və Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 29.04.2003-cü il tarixli müqaviləsi nəzərə alınaraq, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə Cavabdeh MTK-ya yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün əlavə olaraq, 0,221 ha torpaq sahəsi təqdim olunmuş müqavilə əsasında həmin kooperativin icarəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 27.07.2005-ci il tarixli 203 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 432,7 m2 torpaq sahəsi çoxmərtəbəli qaraj binasının layihələşdirilməsi və tikintisi icarə əsasında Cavabdehnın istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə «Hüquq” MTK arasında 07.09.2005-ci il tarixli, 0597 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 432,7 m2 torpaq sahəsi 49 il müddətinə hər il 2592046,08 manat (köhnə məzənnə ilə) icarə haqqı olmaqla Cavabdehnın istifadəsinə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə pretenziya məktubu ünvanlanaraq cavabdehdən 30618,74 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırkı iddianın qaldırılması ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 11.09.2003-cü il tarixli, 0235 saylı və 07.09.2005-ci il tarixli, 0597 saylı müqavilələr Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Hazırkı iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri yaranmamış və nəticədə Cavabdehnın icarə haqqının ödənilməsi ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşısında öhdəliyi mövcud deyildir. Eyni zamanda göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi, Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehndən icarə haqqının tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1955/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1955/2021
17.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver