Məhkəmə qərarları › İş №e-2-2(113)-1964/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1964/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1964/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı nümayəndəsi X3, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi xərclərin 86.715 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi xərclərin 86.715 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2012-ci il və 13 oktyabr 2017-ci il tarixli icarə müqvilələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən ümumi sahəsi 277,3 kv/m olan qeyri-yaşayış sahəsi İcarəyə verənlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən 13 oktyabr 2027-ci ilə qədər icarəçi (iddiaçı) İddiaçı icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində İcarəçinin oğlu və etibarnamə ilə nümayəndəsi Xəyyam Səlimov tərəfindən əvvəlcə “Philomena”, sonra isə “White Rabbit” adlı restoran açılaraq işlədilmiş və hər ay icarə haqqı olaraq 3-4 min manat icarəyə verənlərə ödənilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı 2021-ci ilin iyun ayına kimi restoran işləməmişdir. Həmin dövrdə İcarəyə verən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İcarəçi İddiaçı və onun adından etibarnamə ilə çıxış edən Xəyyam Səlimov arasında əldə edilmiş şifahi razılığa əsasən, sonuncu 2020-ci ilin mart-aprel aylarından 2021-ci ilin may ayına kimi şəxsi vəsaitləri hesabına restoranda təmir işləri aparmışdır. Ümumi razılıq əsasında restoran təmirdən sonra 2021-ci ilin iyun, iyul, avqust aylarında əvvəlki qaydada işləmiş, sentyabr ayından başlayaraq icarə haqqının 4.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 27 avqust 2021-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ataları Baxış Babayev heç bir əsas göstərmədən və buna hüququ olmadan restoranı bağlayaraq açarları Xəyyam Səlimovdan alıb işi dayandırmışdır. Beləliklə iddiaçı Arif Qarayevin hüquqları pozulmuş, ona maddi ziyan vurulmuşdur. İcarəyəverənlə İcarəçi arasında olan razılığa əsasən restoranda İddiaçı və onun oğlu Xəyyam Səlimov tərəfindən göstərilən materiallar alınmaqla təmir-abadlıq işləri aparılmışdır: Dekorasiya işləri üçün 7.700 manat, Daş dövrü mağazasından alınmış metlax və digər materiallar 7.000 manat, Divar kağızları və aksesuarları 9.800 manat, Mebel və aksesuarlar 21.700 manat, Şüşə və aksesuarlar 2.500 manat, Havalandırma sistemləri 6.500 manat, Təmir işlərini aparan ustalara əmək haqqı 9.600 manat, Elektrik işləri 950 manat,Yaşıllıq-dekor işləri 4.500 manat, Şkaf-mebel 1.000 manat, Çilçıraq-spotlar 3.500 manat, Rəsmlər 3.500 manat manat, Xırda işlər 500 manat, Sanitar qovşaq 2.000 manat,Aksesuarlar 800 manat, Masalar 4.400 manat, Mərmər masalar 1.680 manat, Yumşaq mebel 15.000 manat, “Santemaxs”dan materiallar 1.385 manat, Kamera sistemi 1.000 manat, Təmizlik işləri 1.500 manat, Nəzarətçiyə əmək haqqı 7.000 manat, Çöl pilləkən mərməri 3.700 manat təşkil etməklə, cəmi 103.715 manat xərclənmişdir. Bundan başqa, restoran heç bir xəbərdarlıq edilmədən, qəflətən bağlandığı üçün İddiaçı vəsaiti ilə əvvəlcədən alınmış 10.000 manat dəyərində ərzaq məhsulları korlanmış və vurulmuş maddi ziyan cəmi 113.715 manat təşkil etmişdir. Cavabdehlər tərəfindən vurulmuş 113.715 manat maddi ziyanın 27.000 manatı onlar tərəfindən qaytarılsa da, qalan maddi ziyan 86.715 manat təşkil edir və hazıra kimi qaytarılmamışdır. Aparılmış təmirlə bağlı araşdırılma aparmaqla əldə edilmiş sənəd və qəbzlərdən görünür ki, 20 iyul 2020-ci il tarixli 2.590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı Xəyyam Səlimova müxtəlif adda ümumi dəyəri 1.385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmışdır. X1 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, Səlimov Xəyyamı uzun müddətdir tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş vermiş, sifarişin dəyəri 6.500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6.500 manat ona ödənilmişdir. X4 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Ziya Bünyadov prospekti 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, Səlimov Xəyyamı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8.000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7.700 manat təşkil etmiş, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmiş, 7.700 manat tam ödənilmişdir. Şahin Kərimov tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən Səlimov Xəyyamı tanıyır, onun sifarişi ilə “White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4.500-5.000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir. X8 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, X13 küçəsində yerləşən restoranın təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7.000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər – 4.500 manat, restoranın içini taxta ilə təmir etmişlər – 5.200 manat, divanları təmir etmişlər – 8.500 manat, qapıları təmir etmişlər – 3.500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər “White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur. X5 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində “Daş Dünyası” mağazasından Səlimov Xəyyam 7.000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia ərizəsini əsassız hesab edir. Eyni iddia ilə qarşı tərəf məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə iclasında şahid ifadələri sübut qismində olmuşdur. Hazırda həmin iş üzrə kommersiya məhkəməsinin digər qətnaməsi vardır, lakin apellyasiya məhkəməsi həmin qətnaməni düzgün tərtib etməməsi səbəbindən ləğv edib. Cavabdeh1 qarşı olan iddia üzrə işə baxılıb, qətnamə qəbul edilib. Hesab edir ki, həmin qətnamə bu iş üzrə predisual əhəmiyyət daşıyır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, İddiaçı tanımır, iddiaçının nümayəndəsi X6 tanıyır, münasibətləri yaxşı olmuşdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanımır. Şəhərdə yerləşən restoranda iş görmüşdür. Orada havalandırma kondisoner işləri görmüşdür. Ona sifarişi Xəyyam vermişdir. İşi 6500 manata danışmışlar və pulu Xəyyam ona vermişdir. Məhkəmə iclasında şahid Seyağı Seymur ifadəsində bildirdi ki, ona mebellər sifariş verilmişdi, o da danışıb, razılaşıb, işi görmüşdür. Girişdə taxtalardan reklam, tavanda dekor, 13 ədəd qapı düzəltmiş, kabinetlərdə olan divanları bərpa etmişdir. Sifarişi Xəyyam vermişdir. Ona 23000-24000 manat cəmi pul verilib, əvvəl 6000 manat verilmişdi, daha sonra işlərə uyğun olaraq digər pullar ödənilib. Pulları Xəyyam ödəmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, obyektdə dəmir işləri görmüş, tavanın setkaları, barın dekorları olan işləri görmüşdür. Xəyyam sifariş vermişdir. İşlərə görə 7000 manat məbləğ verilmişdir. Pulu ona Xəyyam ödəmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, 2-3 il əvvəl babası ilə ora gəlib, Xəyyamın orda yır-yığış etdiyini görmüş, babası ona 22000 manat pul vermiş, həmin pulu Xəyyama vermişdir, orada yüngül mübahisə olmuşdu. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 13 oktyabr 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki; Həmin müqavilənin: 1-ci bəndinə görə icarəyə verən birgə mülkiyyət üzrə onlara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən ümumi sahəsi 277.3 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndinə görə icarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 və Cavabdeh2 aylıq 300 manat icarə haqqı ödəyir. 8-ci bəndinə əsasən icarəçilər icarəyə verən(lər)in razılığı olmadan icarəçilərə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Müqavilə icarəyə verənlər və icarəçinin imzası və notariat qaydasında təsdiq edilmişdir. 20 iyul 2020-ci il tarixli 2590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı Xəyyam Səlimova müxtəlif adda ümumi dəyəri (ƏDV daxil) 1385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmamışdır. X1 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, Səlimov Xəyyamı uzun müddətdir ki, tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş verdi, sifarişin dəyəri 6500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6500 manat ona ödənilmişdir. X4 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Ziya Bünyadov 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, Səlimov Xəyyamı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7700 manat təşkil etdi, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmişdir. 7700 manat tam ödənilmişdir. X2 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən Səlimov Xəyyamı tanıyır, onun sifarişi ilə "White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4500-5000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir. X8 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, X13 küçəsində yerləşən restoranının təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər - 4500 manat, restoranın içini taxta ilə təmir etmişlər - 5200 manat, divanları təmir etmişlər - 8500 manat, qapıları təmir etmişlər - 3500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər "White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur. X5 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində "Daş Dünyası” mağazasından Səlimov Xəyyam 7000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 13 oktyabr 2017-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən birgə mülkiyyət üzrə onlara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən ümumi sahəsi 277.3 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir, İddiaçı icarəyə verən Cavabdeh1 və Cavabdeh2 aylıq 300 manat icarə haqqı ödəyir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehlərdən obyektin təmirinə çəkilmiş xərcə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının nümayəndələrinin və vəkilinin izahatlarından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının nümayəndələrinin və vəkilinin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı cavabdehlər tərəfindən ona icarəyə verilmiş obyektin təmirinə xərcin onun tərəfindən çəkilməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bununla yanaşı, məhkəmə tədqiqatı zamanı mübahisə predmeti olan obyektin təmirinin X9 tərəfindən aparılması müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən təmir aparılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlər ifadələrində iddiaçı tərəfindən onlara hər hansı bir ödənişin olunmasını təsdiq etməmişlər. Məhkəmə iddiaçının dəlilləri üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən tələb olunan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi xərclərin 86.715 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar