Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-197/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “X6 X4” X7nin cavabdeh X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X6 X4” X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “Qaraçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 150500 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı publik hüquqi şəxs və iddianın predmeti zərərin əvəzinin ödənilməsindən ibarət olsa da, mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan "Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X6 X2 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Eyni zamanda, "Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, hazırki tələbə inzibati icraat qaydasında baxılacağını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “X6 X4” X7nin cavabdeh X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X6 X4” X7nin cavabdeh X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-197/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-197/2022
12.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver