Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-197/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 qarşı “ümumi yığıncaqda iştirak etmə öhdəliyinin qoyulması, bölüşdürülməmiş mənfəətin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il üzrə dividendin ödənilməsi barədə qərar qəbul edilməsi üçün cavabdeh Qarayev Vüqar Tapdıq oğlunun üzərinə "xxxx" MMC-nin ümumi yığıncağında iştirak etmə öhdəliyinin qoyulması, "xxxx" MMC 2019-cu il üzrə bölüşdürülməmiş 105.639,12 manat mənfəətin 2/3 hissəsinin- 70.426,08 manat məbləğində dividendin cavabdehlər - "xxxx" MMC və Qarayev Vüqar Tapdıq oğlundan tutularaq iddiaçılar - İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (VOEN **********) iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh Qarayev Vüqar Tapdıq oğlu tərəfindən təsis edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 90 manat həcmində, hər birinin dəyəri 30 manat olmaqla 1 pay şəklində 3 paydan ibarətdir. Cavabdeh2 qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınmışdır. MMC yaradıldığı 22 fevral 2016-cı il tarixdən kauçuk istehsalı ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdən bu günə kimi təsisçi olaraq şirkətin əldə etdiyi gəlirdən heç bir dividend almamışlar. Əksinə, əlavə olaraq şirkətin fəaliyyətinin daha da genişləndirilməsi üçün yatırımlar etmişlər. Artıq şirkətin böyük mənfəət gətirməyə başladığını 2018-ci ilin may ayından cavabdeh Vüqar Qarayev səbəbsiz yerə münasibəti pozmaq qərarına gəlmişdir. xx.xx.2018-ci il tarixdən etibarən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvanda və əsas vəsaitləri hesabına təsisçisi (100 faiz pay) və direktoru olduğu "xxxx" MMC (VÖEN **********) fəaliyyətə başlamışdır. 19 iyun 2018-ci ildə Bakıya gəldikləri zaman "xxxx" MMC-nin fəaliyyət göstərdiyi istehsal sahəsinə- Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanına buraxılmamışlar. (Abşeron Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli, **********18 nömrəli məktubunda öz təsdiqini tapıb). Daha sonra xx.xx.2018-ci il tarixdən isə eyni ərazidə "xxxx" MMC-nin avadanlıqları, xammal və materialları hesabına təsisçisi cavabdehə məxsus "xxxx" MMC (VÖEN **********) fəaliyyətə başlayır. "xxxx" MMC tərəfindən 2016-2021-ci illərdə ödənilmiş vergilər barədə (tədiyyələr üzrə) vergi orqanından alınmış məlumat əsasında müəyyən edilmişdir ki, cəmiyyətin bu müddət ərzində xalis mənfəəti formalaşmışdır. "xxxx" MMC-nin 2019-cu il vergi dövrünü əhatə edən mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavənin 2.1.3 sətrində əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət hesabat dövrünün əvvəlinə 105.639,12 manat göstərilmişdir. Hüquqi şəxsin təsisçiləri olaraq ümumi yığıncaq keçirərək, bu dövr ərzində toplanmış dividendin ödənilməsi tələbi ilə "xxxx" MMC-yə və direktor Cavabdeh2 müraciət edilsə də cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, MMC-nin nizamnaməsində nəzərdə tutulmuşdur ki, ümumi yığıncaqda 75% paya sahib olan təsisçilər iştirak etdikdə etibarlıdır. Cavabdeh iştirak etmədiyindən ümumi yığıncaq səlahiyyətli olmur və qərar qəbul edilməsi mümkünsüz olur. Məhkəməyə təqdim edilmiş vergi orqanına verilmiş hesabatdan məlum olur ki, 105.639,12 manat bölüşdürülməmiş mənfəət mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, mənfəətin yalnız ümümi yığıncağın qərarı ilə bölüşdürülməsi və dividentin tutulması qanunun imperativ tələbi olduğundan hazırki halda da bu barədə ümümi yığıncağın qərarı olmadığına görə məhkəmənin araşdırma predmeti olmamalıdır. Təsisçinin ümümi yığıncaqda iştirak etmək hüququ qanunla və nizamnamə ilə müəyyən olunduğundan onun ümümi yığıncaqda iştirak etməyə məcbur edilmə vəzifəsi qoyulması tələbi əsassızdır. Çünki təsisçi yığıncaqda iştirak etmək vəzifəsi yox hüququ nəzərdə tutulmuşdur. MMC-nin mənfəətinin, dividentinin təsisçidən tutulmasının tələb edilməsi və ümümiyyətlə mənfəətə görə onun cavabdeh olması da yolverilməz pozuntudur. Çünki hüquqi şəxsin təsisçisinin hüquqi şəxsin öhdəliklərinə görə heç bir hüquqi məsuliyyəti yoxdur və təsisçi heç bir halda mənfəətin tutulması üçün cavabdehlik daşıya bilməz. Qeyd edilməlidir ki, MMC yarandığı 2016-cı ildən hazırki vaxta qədər təsisçilər, eləcə də MMC ilə təsisçilər arasında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. MMC rəsmi olaraq 2019-cu ildə fəaliyyətini dayandırmışdır. İddiaçılar hesab edir ki, 2019-cu ildə MMC-nin 105.639,12 manat mənfəətin 2/3 hissəsinin -70.426,08 manat məbləğində dividend ödəniməlidir. Amma nəzərə almırlar ki, həmin mənfəət qeyd etdikləri 105.639,12 manatının 21.199 ABŞ dolları yəni 36038,3 manatı elə iddiaçıların özündədir. Şirkət fəaliyyətini dayandırarkən və mənfəət kimi həmin borcu qeyd edib. Hətta həmin pulun iddiaçılardan tutularaq MMC-yə qaytarılması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi belə icra olunmur. Bundan başqa həmin yerdə qalan pul vəsaitinin 19.616.41 manatı vergi orqanının əsassız silməsi və sonradan geri qaytarmadığı puldur. Hansı ki MMC-yə məxsus olan həmin pul vəsaiti də şirkətin mənfəəti olmasına baxmayaraq hazırki aktivlərdə olmadığından hansı mənfəət bölüşdürülə bilər? Digər bir halda MMC-nin borclu təşkilatlardan qaytardığı borclar şirkətin işçilərinin əməkhaqqısı və şirkət bağlansa da onun avadanlıqların saxlanması üçün icarə götürülmüş sahənin icarə haqqısına xərclənmişdir. Bu gün şirkətin hesabında 1200 manata yaxın pul var ki həmin pulun da şirkətin gündəlik yaranan öhdəlikləri üçün mənfəət olaraq bölüşdürülməsi də məqsədə müvafiq hesab edilə bilməz. Sadəcə vergi orqanı əsassız sildiyi 19.616.41 manatı geri qaytararsa onda həmin pul vəsaiti mənfəət olaraq təsisçilər arasında nizamnamə kapitalındakı pay nisbətinə tənasüb ümümi yığıncağın qərarı ilə bölüşdürülə bilər. Cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vəkil sorğusuna verilmiş 11 dekabr 2018-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Cavabdeh1 (VÖEN: **********) rəhbərinin Cavabdeh2, hüquqi ünvanının AZ0100, ünvan 1dud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbərinin Cavabdeh2, hüquqi ünvanının AZ0102, ünvan 2əhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbərinin X1, hüquqi ünvanının AZ1012, ünvan 3umat mövcuddur. 2 saylı Ərazi Vergilər Departamentinə ********** nömrəli vergi ödəyicisi tərəfindən 2019-cu il vergi dövrü üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə Əlavə 1-dən məlum olur ki, 105.639,12 manat əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət mövcuddur. İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" MMC-nin direktoru Cavabdeh2 göndərilmiş "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə bildirişdə 22 iyul 2022-ci il saat 11:00-da ünvan 4 ünvanında yığıncağın keçirilməsi təklif edilmişdir. "xxxx" MMC-nin təsis edilməsi barədə 2016-cı il tarixli qərarda Cəmiyyətin icra orqanının üzvləri vəzifəsinə Cavabdeh2, İddiaçı2, İddiaçı1 təyin edilmişdir. Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixində qeydiyyata alınmış, Çoşkun Fahri, İddiaçı1, Cavabdeh2 təsisçi kimi qeydiyyata alınmışdır. 22 fevral 2016-cı il tarixində qeydiyyata alınaraq təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin 4.1 bəndinə əsasən cəmiyyətin ali idarəetmə təsisçilərinin azı ilə bir dəfə çağırılan Ümumi Yığıncağıdır. Cəmiyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağının səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. 4.2-ci bəndə əsasən Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. X3 icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi yığcağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin etmək və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını mədudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. 4.3-cü bəndə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək cəmiyyətin təsisçilərinin ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. 4.4-cü bəndə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Ümumi Yığıncaqda cəmiyyətin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün cəmiyyətin nizamnamə kapitalındakı payların 100%-nə malik olan iştirakçılar ümumi yığıncaqda təmsil olunmalıdırlar. İddiaçılar İddiaçı1 və qeyrilərınin Cavabdeh2 qarşı zərərin ödənilməsi və sair barədə ilkin, Cavabdeh2 və "xxxx" MMC- nin zərərin ödənilməsi və sair barədə qarşılıqlı iddiasına dair 2(004)-5877/2018 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-873/2019 05 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 birlikdə verdikləri və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5877/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi xammalın qaytarılması tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmuş, 21199 (iyirmi bir min yüz doxsan doqquz) ABŞ dolları 46 (qırx altı) sent dəyərində rezin istehsalı üçün xammal (20582 kq karbon) iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq “Coşkun Kauçuk’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmiş, qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmət tərəfindən verilmiş arayışa əsasən "xxxx" MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən xx.xx.2019 fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix, xx.xx.2022 fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarixdir. İşin halları ondan ibarətdir ki, "xxxx" MMC-nin təsisçiləri olan iddiaçılar digər təsisçinin üzərinə ümumi yığıncaqda iştirak etmək öhdəliyinin qoyulmasını, bölüşdürülməmiş mənfəətin hüquqi şəxsdən və təsisçidən tutulmasını tələb etmiş, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. -87.1 maddəyə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəyə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Məhkəmə qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təsisçinin üzərinə ümumi yığıncağın iclasında iştirak etmək öhdəliyinin qoyulması tələbinin hüquqi əsası yoxdur. Eyni zamanda iddiaçının nümayəndəsinin ümumi yığıncağın 75 faiz pay sahibləri iştirak etdikdə, yəni cavabdeh təsisçi iştirak etmədikdə səlahiyyətli olmaması ilə bağlı əsaslandırmasına münasibətdə məhkəmə bildirir ki, nizamnamədə ümumi yığıncağın 75 faiz pay sahiblərinin iştirak etdikdə səlahiyyətli olmasının müəyyən edilməsi və bu halın iddiaçıların digər təsisçinin iştirakı olmadan ümumi yığıncağın keçirilməsi hüququndan istifadə etmək imkanından məhrum edilmə kimi onlar tərəfindən qiymətləndirilməsi, təsisçinin üzərinə ümumi yığıncağın iclasında iştirak etmək öhdəliyinin qoyulması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il tarixli qərarında göstərmişdir ki, “Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya)cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər”. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin tam və ya qismən bölüşdürülməsini ümumi yığıncaq müəyyən edə bilər. Qaldırılmış iddiada da mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın keçirilməsinə və ya onun qərarına dair tələb irəli sürülmədən birbaşa bölüşdürülməmiş mənfəətin hüquqi şəxsdən və digər təsisçidən tutulması xahiş edilmişdir. Mənfəət bölüşdürülməmişdirsə bununla bağlı cəmiyyətin ümumi yığıncağı keçirilmədən və qərar qəbul edilmədən cəmiyyətdən bölüşdürülməmiş mənfəətin tutulması tələbi əsassızdır. Tələbin bölüşdürülməmiş mənfəətin digər cavabdeh olan təsisçidən tutulması hissəsinə münasibətdə məhkəmə yuxarıda qeyd edilənlərdən əlavə bildirir ki, qanunvericilikdə mənfəətin təsisçidən yox hüquqi şəxsdən tələb edilməsi halı müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanları nəzərə alaraq iddia tələbinin hüquqi əsası olmadığı qənaətinə gələrək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-197/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-197/2023
15.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver