Məhkəmə qərarları › İş №e-2-2(113)-1971/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1971/2022

03.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1971/2022 03.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “müqaviləyə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixdə 06/2436/DLİZ nömrəli X3 Müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus “Mercedes Benz E350” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması; tərəflər arasında bağlanmış 02.12.2019-cu il tarixdə 06/2436/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən yaranmış 12934.76 manat əsas borc, 6189.64 manat mükafat borcu, 136.66 cərimə faizi, cəmi 19261.06 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixdə 06/2436/DİLİZ nömrəli X3 Müqaviləsinə əsasən iddiaçı təsviri bü müqavilədə göstərilən 1 ədəd, 2006-cı il buraxlışı olan, “Mercedes Benz E350” markalı **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 18343 manat təşkil edir. Bu ümumi məbləğdən 4726 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 573,23 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 32 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 02.01.2020ci il tarixdən etibarən hər ay 573,23 manat olmaqla ödəniş etməli olduğu təqdirdə 06.03.2020-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı “iddiaçı tərəfindən cavabdehin faktiki qeydiyyatda olduğu Bakı şəh., Nəsimi ray., Azadlıq PR. 86 İNZ/BİNA ünvanına müxtəlif tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçının nümayəndəsi R.Yolçuyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 06/2436/YDLİZ nömrəli X3 Müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2006-cı il buraxılışlı olan, Mercedes Benz E350 markalı, mühərrik, ban WDBUF56J66A928314 nömrəli, nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 32 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 02.08.2022-ci il tarixənədək qüvvədədir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 18343 manat təşkil edir. Bu ümumi məbləğdən 4726 manat lizinq verənin mükafatını təşkil edir. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5 faizi məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 02.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 02.12.2019-cu il tarixli, 06/2436/YDLİZ nömrəli X3 Müqaviləsində nəzərdə tutulmuş lizinq obyekti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X4 Uçotu haqqında Şəhadətnaməsindən görünür ki, cavabdeh 30.09.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən cavabdehin əsas fəaliyyət növü şəxsi maşınların sürücü ilə icarəsidir. AD saylı, 593493 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2006-cı il buraxılışlı olan, Mercedes Benz E350 markalı, mühərrik, ban WDBUF56J66A928314 nömrəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən tərtib edilmiş 2436/098 saylı, 25.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 05.04.2022-ci il tarixinə 12934.76 manat əsas borc, 6189 manat mükafat borcu, 6189.64 manat mükafat borcu, 136.66 manat gecikdirilmiş cərimə borcu, cəmi 19261.06 manat borcu mövcuddur. İddiaçı 08.07.2021-ci il tarixli, 06/2436 saylı xəbərdarlıq məktubu ilə 485 gün müddətində yaranmış 10513.66 manat borcun tam şəkikldə ödənilməsini 5 gün müddətində təmin edilməsini xahiş etmiş, əks təqdirdə lizinq müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz, dəbbə pullarının ödənilməsi və müqaviləyə xitam verilərək öz mülkiyyətçisinə qaytarılması tələbi ilə aidiyyatı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.02.2022-ci il tarixli MŞB/6- 806 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 02.12.2019-cu il tarixli, 06/2436/YDLİZ nömrəli X3 müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə iddiaçıya 12934.76 manat əsas borc, 6189.64 manat mükafat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi, habelə Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3cü bəndinə əsasən hesablanmış 136.66 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iddia ərizəsində tərəflər arasında bağlanmış 02.12.2019-cu il tarixdə 06/2436/DLİZ daxili lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması tələbi də irəli sürülmüşdür. Belə ki, borcun gecikdirilməsi və cavabdehin müqavilə ilə nəzərdə tutulan ödənişləri qrafik üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun lizinq müqaviləsi üzrə iddiaçıya 12934.76 manat əsas borc, 6189.64 manat mükafat borcu, 136.66 cərimə faizi , cəmi 19261.06 manat borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 02.12.2019-cu il tarixli, 06/2436/YDLİZ nömrəli X3 müqaviləsi ləğv edilməli, iddiaçıya məxsus “**-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” avtomobil mülkiyyətçisinə qaytarılmalı, cavabdehdən 12934.76 manat əsas borc, 6189.64 manat mükafat borcu, 136.66 cərimə faizi, cəmi 19261.06 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 06/2436/DLİZ nömrəli X3 Müqaviləsi ləğv edilsin. İddiaçı MMC-yə məxsus “**-PB-***” dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” markalı avtomobil Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 06/2436/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən yaranmış 12934,76 (on iki min doqquz yüz otuz dörd manat yetmiş altı qəpik) manat əsas borc, 6189,64 (altı min yüz səksən doqquz manat altmış dörd qəpik) manat mükafat borcu, 136,66 (bir yüz otuz altı manat altmış altı qəpik) manat cərimə, cəmi 19261,06 (on doqquz min iki yüz altmış bir manat altı qəpik) manat pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar