Məhkəmə qərarları › İş №e-2-2(113)-1972/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1972/2022

14.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1972/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən əsassız hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 204243,90 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95 manat pul vəsaitinin və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Azneftemaş” ASC 05 yanvar 2021-ci il tarixli “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə)” akta əsasən, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədini “Elektrik enerjisindən istifadə qaydaları”nın 5-ci fəslinə uyğun olaraq aşağıdakı kimi müəyyən edilir: 35/6 kv-luq “ Karxana-601” y/st-da 6 kv.luq “Elaqaz açarının xətt ayırıcısının uduqlarında (6 kv.luq 25-26-29 saylı h/x-nin). Müəssisənin enerji ilə təmin olunmasına xidmət edən sayğac Karxana yarımstansiyasında yerləşir və sayğac, sayğacın yerləşdiyi TM yarımstansiya "xxxx" ASC-nin balansındadır. Müəssisə tərəfndən istehlak olunmuş enerjinin dəyərinin hər ay gecikdirimədən ödənilməsi təmin olunur. Lakin, artıq 7 ildən artıq müddətdir ki, "xxxx" ASC-nin X3 və satışı İdarəsi tərəfindən "Azneftemaş” ASC-dən qanunsuz və əsassız olaraq reaktiv enerji və texniki itkilər adı altında əlavə olaraq reaktiv enerji istehlakı hesablanmışdır. Həmin enerjinin dəyəri iddiaçıdan tələb edilmiş və məcburi "xxxx" ASC-yə ödənilmişdir. "Azneftemaş” ASC tərəfindən 27 yanvar 2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət olunaraq, "xxxx" ASC və X3 və Satışı İdarəsi, X1 Agentliyi tərəfindən reaktiv enerji və texniki itkilər adı altında qanunsuz və əsassız olaraq iddiaçıya hesablanmış və cavabdehə ödənilmiş 204243,9 manat məbləğində vəsaiti 3 gün müddətində "Azneftemaş” ASC-nin bank hesabına geri qaytarılması xahiş olunmuş əks halda eyni tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. "xxxx" ASC-nin 7-xx/xx/1427 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, “Mingəçevir şəhəri, Gəncə şossesi ünvanında yerləşən "Azneftemaş” ASC-nin 35/6 kv-luq karxana y/st-da olan elektrik sayğac hesab dəstlərinə müvafiq komissiyanın və nümayəndə Vəzir Məmmədovun iştirakı ilə baxış keçirilmiş, sayğacın qeyd etdiyi parametrlər qarşılıqlı olaraq aktlaşdırılmışdır. Aktda qeyd olunmuş parametrlər onu deməyə əsas verir ki, müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq reaktiv enerji tələbatı çox böyük olan avadanlıqlar vardır. Bu avadanlıqlar tələb etdiyi reaktiv gücü bizim şəbəkədən aldığı üçün şəbəkəmizi yükləyir və şəbəkədə elektrik enerjisinin keyfiyyət göstəricilərini aşağı salır. Aktiv güc itkilərini artırır. (aktiv güc itkisi güc əmsalının kvadratı ilə tərs mütənasibdir) Reaktiv gücü xarakterizə edən kəmiyyət güc əmsalıdır”. Cavabdehin imtinası tamamilə əsassızdır. Keçən 7 il müddət ərzində "Azneftemaş” ASC-dən 204243,90 manat qanunsuz və əsassız olaraq reaktiv enerjinin dəyəri tutulmuşdur ki, həmin məbləğ də iddiaçıya geri qaytarılmalıdır. "Azneftemaş” ASC-yə aşağıdakı illər üzrə hesablanmış aktiv və reaktiv enerji haqqında arayışa əsasən, 2015-ci il üzrə 18879,29 manat; 2016-cı il üzrə 21877,04 manat; 2017-ci il üzrə 40707,43 manat; 2018-ci il üzrə 43363,06 manat; 2019-cu il üzrə 24300,48 manat; 2020-ci il üzrə 28970,67 manat; 2021-ci il üzrə 26145,93 manat, ümumilikdə 204243,90 manat məbləğində pul reaktiv enerji itkisi adı ilə "Azneftemaş” ASC-dən alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, hesab-faktura və abonent haqqında məlumatda reaktiv enerjiyə görə heç bir hesablama aparılmamışdır. Bununla da, iddiaçıya hesablanmış borc reaktiv enerji və texniki itkilər nəticəsində əmələ gəlməmişdir. Bundan başqa, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddia müddəti də ötürülmüşdür. Sonra cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" ASC ilə "Azneftemaş” ASC (abonent kodu **********1) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. - "Azneftemaş” ASC-nin arayışında ******* manat məbləğində pul vəsaitinin aktiv, 204244 manat məbləğində pul vəsaitinin reaktiv enerjiyə görə ödənilməsi qeyd olunmuşdur. "Azneftemaş” ASC iddianın faktiki əsası kimi "xxxx" ASC tərəfindən əsassız olaraq reaktiv enerjiyə görə hesablanmış pulu ödənilməsinə, hüquqi əsası kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın müvafiq bəndlərinə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). - 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. "Azneftemaş” ASC tərəfindən məhkəməyə reaktiv enerjiyə görə hesablanma aparılmasını təsdiq edən sənəd kimi Mərkəzi Aran RETSİ Mingəçevir EŞ tərəfindən tərtib olunmuş sərfiyyat vərəqləri təqdim edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə iddiaya etirazın əsası kimi hesab fakturalar, hesab ödəniş vərəqləri və abunə haqqında məlumatlar təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında aparılmalıdır, yəni, ödənişin aparılması üçün əsas bu sənəddir. Qeyd olunan normanın tələbinə uyğun olaraq "xxxx" ASC tərəfindən "Azneftemaş” ASC-yə hər bir dövr üçün hesab təqdim olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim olunmuş hər 3 sənədi (hesab fakturalar, hesab ödəniş vərəqləri və abunə haqqında məlumatlar) nəzərdən keçirərkən görünür ki, "Azneftemaş” ASC-yə reaktiv enerjiyə görə hesablama aparılmamışdır. Hesablamalarda sayğacların əvvəlki və sonrakı göstəriciləri, həmin göstəricilərin tarifə (0,08 manat) vurularaq yekun sərfiyyat, üzərinə gəlinən ƏDV məbləği qeyd olunmuş, reaktiv enerjiyə görə isə heç bir hesablama aparılmadığı qeyd edilmişdir. Məsələn, 27 yanvar 2020-ci il tarixdən 25 fevral 2020-ci il tarixə qədər olan dövrü əks etdirən hesab vərəqəsində ümumi sərfiyyatın məbləği 22123,22 manat, ƏDV məbləği 3982,18 manat əlavə olunmaqla ümumilikdə 26105,4 manat məbləğində pul vəsaitinin ödənilməli olduğu qeyd olunmuşdur. Eyni dövrü əks etdirən, "Azneftemaş” ASC tərəfindən məhkəməyə təqdim olunmuş Mərkəzi Aran RETSİ Mingəçevir EŞ tərəfindən tərtib olunmuş sərfiyyat vərəqində isə sayğac göstəriciləri həm aktiv, həm rekativ enerjiyə görə göstərilmiş və yekun məbləğ 26105,4 manat göstərilmişdir. Lakin həmin sənəddə göstərilən məlumatları təhlil edərkən görünür ki, 22497,38 manat (6470,28+4814,64+11212,56) aktiv enerji görə, 3607,65 manat (1088,19+13245,62+1194,84) isə reaktiv enerji üzrə hesablama aparılmışdır. Bu göstəricilər əsas götürüldüyü təqdirdə məbləğlərin cəmi (22497,38+3607,65) 26105,03 manat təşkil edir ki, qeyd olunan məbləğ də enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesabla təxminən eynilik təşkil edir. Belə olduğu təqdirdə isə ƏDV hesablanmamış olur ki, bu hal da vergi qanunvericiliyinin tələbinə ziddir. Məhkəmə hesab edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında aparılmalı olduğundan həmin sənəddə göstərilən məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddianın tam və ya qismən təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə sayğacdan kənar olaraq hesablanmış pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Əksinə təqdim olunmuş sübutların müqayisəli təhlilindən görünür ki, iddiaçıya reaktiv enerjiyə görə heç bir əlavə sərfiyyat hesablanmamışdır. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış müqavilə təqdim olunmasa da, tərəflərin müqavilə münasibətlərində olması işin mübahisələndirilməyən halıdır. Lakin iddianın mahiyyətini "Azneftemaş” ASC tərəfindən heç bir əsas olmadan "xxxx" ASC-yə aparılmış ödənişlərin geri qaytarılması təşkil etdiyindən hazırkı mübahisə ilə bağlı Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, "Azneftemaş” ASC tərəfindən "xxxx" ASC-yə aparılmış ödənişlər sayğac göstəricilərinə əsasən və ƏDV məbləği də hesablanmaqla “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında ödənildiyindən həmin pul vəsaitinin əsassız ödənilməsi qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin hallarından görünür ki, hər bir dövr üçün iddiaçıya hesab – faktura təqdim olunaraq bu sənəd əsasında ödəniş aparıldığından təqdim olunma anında, ən geci ödəniş anı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən müddət 2 il müəyyən olunduğundan və məhkəməyə 06 aprel 2022-ci il tarixdə müraciət olunduğundan 06 aprel 2020-ci il tarixə qədər olan dövrə münasibətdə iddia müddəti də ötürülmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar