Məhkəmə qərarları › İş №e-2-2(113)-1980/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1980/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1980/2020 30.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 27297,5 manat icarə haqqının və icarə haqqının vaxtında qaytarılmamasına görə 1721,6 manat pul vəsaitinin, habelə 30 manat dövlət rüsumunun, cəmi 29048,56 manat pul vəsaitinin cavabdeh “xxxxxxxx” MMC-dən tutulub “xxxxxxxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş etibarnaməni nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, əvvəlki etibarnamədən fərqli olaraq, hazırki etibarnamə düzgün olaraq hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmış, lakin etibarnamədə təkrarən nümayəndəyə xüsusi səlahiyyət olan iddia ərizəsinin imzalanması göstərilməmiş, X2 isə hüquqi şəxsin rəsmi işçisi olması ilə bağlı sənədlər əlavə edilməmişdir. Göründüyü kimi etibarnamə verilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə bir daha izah edilsin ki, etibarnamə əsas iş yeri həmin hüquqi şəxs olan işçiyə verildikdə və iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar