Məhkəmə qərarları › İş №e-2-2(113)-199/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-199/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-199/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin cavabdeh «Cavabdeh” MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC «Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «Cavabdeh” MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehdən icarə haqlarına görə 479092,98 manat məbləğində borcun, 100000 manat cərimənin və texnikaya dəymiş 250000 manat məbləğində maddi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Cavabdeh” MMC ilə “xxxx” MMC arasında AP-İ-17/3 saylı xx xxxxxxxx 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş texnikaları «Cavabdeh” MMC-yə icarəyə verir və həmin texnikaların idarə olunması üzrə xidmət göstərir, «Cavabdeh” MMC isə verilmiş icarə və xidmətlər müqabilində bu Müqavilədə müəyyən olunmuş müddət, qayda və həcmdə “xxxx” MMC-yə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq sözügedən texnikalar «Cavabdeh” MMC-nin istifadəsinə verilsə də, «Cavabdeh” MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq, müqavilə nəzərdə tutulmuş icarə haqları tam ödənilməmiş, nəticədə «Cavabdeh” MMC-nin müqavilə üzrə nəzərdə tutulmuş icarə haqları üzrə ümumilikdə 479092,98 manat borcu yaranmışdır. «Cavabdeh” MMC-nin bu öhdəliklərə laqeyd yanaşması onun müqavilədə nəzərdə tutulmuş məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Müqavilənin 2.1.4-cü bəndinə əsasən “İcarə verən” icarə müddəti başa çatdıqdan sonra “İcarəçiyə” təkərin istifadə əmsalının (protektorun) 30% nisbətində qaytarmalıdır. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icarə haqqı ödənilməsə və ya ödənilməsi iki aydan çox müddətə gecikdirilsə, “İcarə verən” dəbbə pulun və dəymiş zərərin əvəzini (qalan məbləğdə) ödənilməsini İcarəçidən tələb etmək hüququna malikdir. Eyni zamanda texnikalara hər iki tərəfin nüayəndələri ilə baxış keçirilmiş, texnikalarda olan qüsurlar və dəymiş maddi ziyan müəyyənləşdirilmiş, bununla bağlı təhvil-təslim aktı tərtib olunmuşdur. İstifadəyə verilmiş texnikalara istifadə müddətində küllü miqdarda maddi ziyan dəymişdir. Nəticədə istifadəyə verilmiş 28 ədəd texnikaların hamısı hazırda istifadəyə yararsız vəziyyətə düşmüşdür. Onların təmir olunması və yararlı hala salınması üçün dəymiş maddi ziyanın 250000 manat həcmində olduğu müəyyən edilmişdir. Həmçinin Müqavilənin 2.3.6-cı bəndinə əsasən texnikaya vurulmuş ziyanı İcarəyə verənə tam məbləğdə (real zərər və əldən çıxmış fayda məbləğində) ödəmək “İcarəçi”nin vəzifəsidir. Dəfələrlə «Cavabdeh” MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış, yaranmış borcu ödənilməsi bildirilmişdir. Lakin müqavilənin müddətinin bitməsinə baxmayaraq «Cavabdeh” MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin həmin ünvanından köçməsi səbəbindən, poçt göndərişlərinin sonuncuya çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında bağlanmış arasında xx xxxxxxxx 2017-ci il tarixli AZP-2017-09/05-1 saylı “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən icarəçi verilmiş icarə və xidmətlər müqabilində bu müqavilədə müəyyən olunmuş müddət, qayda və həmcdə haqqı icarəyə verənə ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxxxx 2017-ci il tarixli “Qarşılıqlı razılaşma protokolu”-dan görünür ki, icarə haqqı Azərbaycan Respublikasının milli valyutasında göstərilməklə, ay ərzində 28 gün və 280 saatlıq iş normasına uyğun olmaqla ümumilikdə 104.600 (yüz dörd min altı yüz) manat təşkil etmişdir. “xxxx” MMC ilə «Cavabdeh” MMC tərəfindən həmin aktlar imzalanaraq möhürlənmişdir. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə 2 saylı Əlavə olan “Təhvil-təslim Aktı”-dan görünür ki, «Cavabdeh” MMC tərəfindən texnikalar tam işlək vəziyyətdə təhvil alınmışdır. xx.xx.2018-ci il tarixli tərəflər arasında tərtib edilmiş birgə üzləşmə aktından görünür ki, xx xxxxxxxx 2017-ci ildən – xx xxxx 2018-ci il dövrü üzrə «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan borcu 479092.98 (ƏDV daxil olmaqla ) manat təşkil edir. Akt tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC ilə «Cavabdeh” MMC arasında xx.xx.2017-ci il tarixli, AZP-2017-09/05-1 saylı “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. “xxxx” MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 479092.98 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən icarəyə verənin icarə haqqı ödənilməsə və ya ödənilməsi iki aydan çox müddətə gecikdirilsə, dəbbə pulun və dəymiş zərərin əvəzini (qalan məbləğdə) ödənilməsini icarəçidən tələb etmək hüququ müəyyən edilmişdir. Buna görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 10000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “texnikalara dəymiş 250000 manat məbləğində maddi zərər“ hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə sübutetmə ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə sübut olunmadığından təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, «Cavabdeh” MMC-dən AP-İ-17/3 saylı xx xxxxxxxx 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla ) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti “xxxx” MMC xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. «Cavabdeh” MMC-dən AP-İ-17/3 saylı xx xxxxxxxx 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla ) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar