Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-200/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 299.545 ABŞ dolları məbləğində əsas borcun, 30.000 ABŞ dolları məbləğində zərərin əvəzinin, cəmi 329.545 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsümunun alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ABŞ beynəlxalq şirkəti olaraq kompyuter avadanlıqları və texnologiyaları, proqram təminatlarının quraşdırılması və satışı ilə məşğuldur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2015-ci il tarixli müqavilə əsasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı “xxxx” MMC-ni müxtəlif avadanlıqlarla təchiz edir, alıcı “xxxx” MMC isə həmin avadanlıqların qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür. Bu mallar alıcı “xxxx” MMC-yə X1 Dubay şəhəri logistika şirkəti vasitəsi ilə təhvil verilmişdir. Eyni zamanda müəssisələr arasında olan rəsmi və nağd ödənişlərin hamısı, xx xxxxxx 2016-cı ildə olan hesablaşmalar da nəzərə alınmaqla “xxxx” MMC-nin İddiaçınə ümumi borcu xx xxxxxx 2016-cı il tarixə 299.545 ABŞ dolları təşkil edir. Mallar qəbul edildikdən sonra cavabdeh “xxxx” MMC müqavilə şərtlərinə uyğun olaraq, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında razılaşma sənədi tərtib edilmişdir ki, bu sənəddən göründüyü kimi “xxxx” MMC İddiaçınə 299.545 ABŞ dolları borcludur. Göstərilən müqavilədən əlavə digər müqavilə də mövcud olmuşdur ki, xırda ödənişlərlə 2016-2019-cu illər ərzində ödəmələr aparılmış, lakin sonda razılaşma protokolunda göstərilən məbləğ bu günə qədər ödənilməmişdir. Bu sənəd tərtib edildikdən və müəssisəyə təqdim edildikdən sonra “xxxx” MMC-nin rəhbərliyi onlarla əlaqəyə çıxmaqdan yayınmış, müraciətlərinə əhəmiyyətli, dolğun bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş, öhdəliyini icra etməmişdir. Odur ki, qeyd olunan pul cavabdehdən məhkəmə qaydasında tələb edilməlidir. Cavabdeh bu hərəkəti ilə onlara ən azı 30.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Ona görə də cavabdeh əsas borcdan başqa onlara zərərin əvəz olaraq 30 000 ABŞ dolları da ödəməlidir. Bundan başqa, iddia qaldırılması üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “xxxx” MMC-dən 299.545 ABŞ dolları məbləğində əsas borcun və 30.000,00 ABŞ dolları məbləğində zərərin ödənilməsini tələb edir. Və həmin borcun yaranmasının əsası kimi Cavabdeh MMC-nin imzası və möhürü olmayan xx xxxxxx 2015-ci il tarixli müqaviləni və mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmış xx.xx.2016-cı il tarixli akt göstərir. Borcun hansı malların və ya xidmətlərin “xxxx” MMC-yə təqdim edilməsi nəticəsində yaranması ümumiyyətlə qeyd olunmamışdır. Borcun yaranmasını təsdiq edən sifariş forması, təhviltəslim aktı, gömrük sənədləri və ya hər-hansı digər sənəd sübut kimi məhkəməyə təqdim edilməmişdir və belə bir sənədlərin olmadığı iddiaçı tərəfindən etiraf edilmişdir. Məhkəməyə təqdim edilmiş müqavilədə ümumiyyətlə Cavabdeh MMC-nin imza və möhürü olmadığı görünür, həmçinin həmin müqavilənin 8.3-cü bəndinə əsasən - “Bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir. Təqdim olunan müqavilənin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsi öhdəliyin əmələ gəlməyinin əsaslarını tənzimləyir və həmin maddənin 1-ci bəndinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında müqavilə olmadığından öhdəlik də yarana bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.3-cü maddəsinə əsasən - əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Tərəflər arasında mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən istifadə edilməsi barədə razılaşma nəzərdə tutulmamışdır və təqdim edilən akt etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən müqavilələr yazılı sübutlara aid edilmişdir və məhkəmə mübahisəsi zamanı onların əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim olunmalıdır. İddiaçının məhkəməyə sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim etmədiyindən sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli müqavilə bağlanmamışdır və iddiaçı məhkəməyə həmin müqavilənin imzalanmasına dair sübütlar təqdim etməmişdir. Həmçinin xx.xx.2016-cı il tarixli akt mülki məcəllənin tələbləri nəzərə alınmaqla imzalanmamışdır və etibarsızdır. İmzalanmayan və qanuni qüvvəyə minməmiş müqavilə üzrə hər hansı ödənişin tələb edilməsi isə absurd və qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında göstərilənlərə əlavə olaraq bildirdi ki, xx.xx.2016-cı il tarixli akt şirkətinin əvvəlki rəhbərliyinin vaxtında tərtib edilib. Aktın həmin vaxt MMC-nin direktoru olmuş A.Salahov tərəfindən imzalanıb-imzalanmamasına dair şübhələri var. Eləcə də göstərilmiş borcun yaranma əsasları, o cümlədən iddiaçı tərəfindən cavabdehə hər hansı mal verilməsi barədə şirkətdə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş: - xx xxxxxx 2015-ci il tarixli ABR-SFT/122015 saylı müqavilədən görünür ki, həmin müqavilə satıcı İddiaçı tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş, alıcı Cavabdeh MMC tərəfindən isə imzalanmamışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müxtəlif avadanlıqlar, bundan sonra mallar adlandırılacaq bu müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş texniki xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun olaraq satıcı alıcıya təchiz etməyi, alıcı isə onları qəbul edib, qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən təchiz edilən bütün mallar avans ödənişinin tarixindən altmış (60) gün ərzində çatdırılmalıdır. 3.2-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 1 nömrəli əlavəyə əsasən 270.518 (iki yüz yetmiş min beş yüz on səkkiz) ABŞ dolları təşkil edir və həmin məbləğ 35% avans olaraq, 65%-i isə mallar çatdırıldıqdan sonra 30 gün ərzində bu müqavilənin imzalanmış nüsxəsi və proforma hesabı satıcı tərəfindən təqdim edildikdən sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. 5.2-ci bəndinə uyğun olaraq satıcı avans ödəmənin tarixindən 60 (altmış) gün ərzində malı alıcıya çatdırmadığı halda alıcının ödədiyi ilkin ödənişi və gecikdirilən malların məbləğin hər gecikdirilən gün üçün 1%-ni təşkil edən cəriməni alıcının hesabına qaytarmalıdır. -İddiaçı və Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda göstərilmişdir ki, xx.xx.2016-cı il üçün Cavabdeh MMC-nin İddiaçınə 299.545 (iki yüz doxsan doqquz min beş yüz qırx beş) ABŞ dolları məbləğində borcu var. Həmçinin Cavabdeh MMC tərəfindən İddiaçınə verilmiş bütün sifarişlər çatdırılmış və qəbul edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 5/578 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsi axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. Təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sağ hissəsində olan möhür əksinin görünüşü axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. Həmin aktın nüsxəsinin sol hissəsində olan möhür əksinin təsviri Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 43/17 SLİ saylı və xx.xx.2011-ci il tarixli 003/11 saylı alqı-satqı müqavilələrində (i.v. 228-230) olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuli-yyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdir. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sağ hissəsində olan imzanın görünüşü axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/639 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 185-ci vərəqində olan xx xxxxxx 2016-cı il tarixli aktda “Salahov Alim” yazılarının üstündəki imza, 218-219-cu vərəqələrində olan xx xxxx 2017-ci il tarixli, 43/17SLİ nömrəli alqı-satqı müqaviləsinin 2-ci vərəqənin aşağı sol küncündə “/Salahov A.İ./” soyadı önündəki imza, 220-222-ci vərəqələrində olan xx xxxx 2011-ci il tarixli 003/11 nömrəli alqı-satqı müqaviləsinin 3-cü vərəqində “Salahov A.İ” və “A.İ.Salahov” soyadları önündəki imzalar – öz aralarında eyni bir şəxs tərəfindən imza olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı Özbəkistan Respublikasında olan şirkət vasitəsi ilə Azərbaycan Respublikasında nümayəndəliyini həyata keçirirdi. O da İddiaçı AR-də nümayəndəsi kimi fəaliyyət göstərirdi. İddiaçı borcluları ilə üzləşmə aktlarının tərtib edilməsində və borcların alınmasında səlahiyyətli şəxs olmuşdur. Cavabdeh MMC-nin direktoru ilə yazışmalar aparmış, hazırkı borc müəyyən edilmişdir. Cavabdeh MMC-dən borcun ödənilməsi barədə razılıq əldə edilmişdir. Cavabdeh MMC-nin direktoru Alim Salahovun iştirakı ilə üzləşmə aktı tərtib olunaraq imzalanmışdır. Ziya adlı şəxs həmin vaxt MMC-də maliyyə direktoru olduğundan bütün əməliyyatlarda iştirak etmişdir. Son üzləşmə aktı 2016-cı ilin noyabrında tərtib edilmişdir. Üzləşmə aktı tərtib edildikdən sonra dəfələrlə borcun ödənilməsi tələb edilmiş, borcun bir hissəsi Cavabdeh MMC tərəfindən ödənilmiş, qalan borc ödənilməmişdir. Tərəflər arasında danışıqlardan sonra Cavabdeh MMC-nin əvvəlki direktoru da, hazırkı direktoru da borcun ödəniləcəyi ilə bağlı söz versə də, ödəməmişdir. Şahid həmçinin bildirdi ki, üzləşmə aktı ilk olaraq Cavabdeh MMC tərəfindən imzalanmışdır. Üzləşmə aktı İddiaçı tərəfindən faksimile klişe vasitəsi ilə imzalanıb. Onların qanunvericiliyi buna yol verir. Cavabdeh MMC-yə müəyyən mallar təqdim olunmuşdur. Lakin MMC tərəfindən borcun əsas hissəsi ödənilməmişdir. Cavabdeh MMCnin hazırki direktoru Ziya Cavabdeh MMC-də maliyyə direktoru olub və bütün əməliyyatlarda iştirak edib. Axırıncı dəfə borcu 2019-cu ilin əvvəli tələb edilmişdir. Tərəflər arasında müqavilə yoxdur, bir neçə dəfə tələb edilmişdir, müqavilə imzalanmayıb. İnvoys əsasında işləyiblər. Sifariş aktları cavabdeh tərəfindən dolduralaraq iddiaçıya təqdim edilirdi və həmin aktlar əsasında invoys verilirdi. Sifariş aktları email vasitəsilə verilirdi. - İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubda xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən tərəflərindən cavabdehə cəmi 205.756 ABŞ dolları məbləğində malın verildiyi, cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2018-ci il tarixdə edildiyi və müqavilə şərtlərinə əsasən hesablanmış cərimə daxil olmaqla xx.xx.2018-ci il tarixə cavabdehin borcunun 219.282,60 manat təşkil etdiyi göstərilmiş, cavabdehdən 299.545 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə mallar təqdim etdiyini və həmin mallara görə cavabdehin 299.545 ABŞ dolları məbləğində borcunun olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 567, 385, 442 və 448.1-cı maddələri təşkil edir. Həmin maddələrə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehin ona alqı-satqı müqaviləsindən irəli gələn 299.545 ABŞ dolları məbləğində borcunun olmasını sübuta yetirmək üçün tərəflərin təsdiq etdikləri xx.xx.2016-cı il tarixli akta istinad etmişdir. Cavabdeh isə mübahisəli aktda göstərilən borcun mövcud olmasını, eləcə də ümumiyyətlə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını və iddiaçı tərəfindən malların təqdim edilməsini inkar etmişdir. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi xx.xx.2016-cı il tarixli aktda cavabdehin iddiaçıya 299.545 ABŞ dolları məbləğində borcunun olması həmin vaxt şirkətin direktoru olmuş A.Salahov tərəfindən təsdiq edilmişdir (göstərilən hal iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir). Lakin sözügedən aktda həmin borcun hansı əsaslarla (hansı müqavilə əsasında, hansı mallara və ya xidmətlərə görə)və nə vaxt (və ya hansı müddət üçün) yaranması göstərilməmiş, eləcə də həmin borcun yaranması üçün əsas olan ilkin mühasibat uçotu sənədlərinə istinad edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya mübahisəli borcun yaranması üçün əsas olmuş ticarət əməliyyatlarını (malların cavabdehə təqdim edilməsini) təsdiq edən ilkin mühasibat uçotu sənədlərinin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, mübahisəli borcun yaranması üçün əsas olmuş malların cavabdehə təhvil verilməsini təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş invoys və yükün göndərilməsi barədə qaimələrə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, məhkəməyə həmin sənədlərin kserosurətləri təqdim edilmişdir. Halbuki MPM-nin 89.3-cü lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İkincisi, iddiaçı hazırkı iddia ərizəsində xx.xx.2016-cı il tarixli aktla təsdiq edilmiş, yəni həmin aktın imzalandığı tarixdən əvvəl yaranmış borc məbləğinin ödənilməsini tələb etdiyi halda təqdim edilmiş qaimə və invoysların əksəriyyəti 2017-2018-ci illərdə, yəni aktın tarixindən sonrakı tarixlərdə tərtib edilmişdir. Belə olan halda isə həmin invoys və qaimələrin aktda göstərilmiş borc məbləği ilə əlaqəsinin olmaması açıq-aşkardır. Üçüncüsü, təqdim edilmiş invoys və yük qaimələrin əksəriyyətində alıcı qrafasında “xxxx” MMC deyil, digər şirkətlərin ( xx.xx.2018-ci il tarixli Sİ16-6014 saylı invoysda Bakinity Distribution, xx.xx.2016-cı il tarixli Sİ16-6013 saylı invoysda Ata Texnologiya şirkətinin, xx.xx.2017-ci il tarixli Sİ17-6032 saylı invoysda Daxili İşlər Nazirliyinin, xx.xx.2017-ci il tarixli Sİ17-6026 saylı; xx.xx.2017-ci il tarixli HQAB0001032 saylı; xx.xx.2017-ci il tarixli HQAB0001337 saylı; xx.xx.2017-ci il tarixli HQAB0001066 saylı invoyslarda “Softline Solution” şirkətinin) adı göstərilmişdir. Dördüncüsü, iddiaçının təqdim etdiyi invoyslar iddiaçı tərəfindən tərtib edilmiş birtərəfli sənəd olmaqla, yük qaimələri isə həmin qaimələrdə göstərilmiş yükün yükalan şəxsə göndərilməsini təsdiq edən sənəd olmaqla, malların cavabdehə çatdırılmasını təsdiq etmir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əlavəyə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, həmin müqavilə və müqaviləyə əlavə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi malların cavabdehə təqdim edilməsinin sifarişlər əsasında həyata keçirildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya sifarişlərin verilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı işdə iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin (şifahi və ya yazılı) bağlanmasını, cavabdehin malların təqdim edilməsi ilə bağlı sifarişlər verməsini və həmin sifarişlərə əsasən cavabdehə malları təqdim etməsini, yəni tərəflər arasında alqı-satqı münasibətlərin mövcud olmasını sübuta yetirə bilməmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə tədqiq edilmiş sübutlara məcmu şəklində qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2016-cı il aktda göstərilmiş borc məbləğinin yaranma əsaslarını, vaxtını təsdiq edən ilkin mühasibat uçotu sənədləri məhkəməyə təqdim edilmədiyi təqdirdə borcların üzləşdirilməsi aktı malların təqdim edilməsindən irəli gələn borcun mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut hesab edilə bilməz. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi istinad etdiyi hallarla məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidin ifadələri arasında tələb olunan borcun məbləği, eyni zamanda yaranma vaxtı və əsasları ilə bağlı müəyyən ziddiyyətlər, kifayət qədər aydın olmayan məqamlar mövcuddur. Belə ki, İddiaçı iddia ərizəsində bir tərəfdən cavabdehin malların təqdim edilməsinə görə onlara olan borcundan 2016-2019-cu illər ərzində ödəmələr apardığını, yəni faktiki olaraq 2016-cı il tarixli aktda göstərilən borcun bir hissəsinin ödənildiyini etiraf etdiyi halda digər tərəfdən xx.xx.2016-cı il tarixli aktda göstərilmiş məbləğdə borcun ödənilməsini tələb edir. Bundan fərqli olaraq ddiaçı İddiaçı tərəfindən cavabehə ünvanlanmış pretenziya məktubunda cəmi 205.756 ABŞ dolları məbləğində malın verildiyi, müqavilə şərtlərinə əsasən hesablanmış cərimə daxil olmaqla xx.xx.2018-ci il tarixə borcun 219.282,60 manat təşkil etdiyini göstərilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid R.Nasirov isə birinci məhkəmə iclasında iddiaçının tələb etdiyi 299.545 ABŞ dolları məbləğində borcun bir hissəsinin ödənildiyini və borcun məbləğini dəqiqləşdirəcəyini, növbəti iclasda isə borcun 299.545 ABŞ dolları məbləğində təşkil etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində, eləcə də iddia tələbinin əsası kimi istinad etdyi sübutlarda nəzərdə çarpan yuxarıda göstərilən ziddiyyətlər də iddiaçının borcun tutulmasına dair iddia tələbinin əsassızlığına dəlalət edir. Belə olan halda məhkəmə iddiaçının borcun tutulması tələbinə dair hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. İddia tələbinin maddi zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması (müqavilədən irəli gələn maddi zərər tələbi olduqda isə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması), ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı işdə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının hər hansı pozuntusuna yol verilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda isə İddiaçı maddi zərərin ödənilməsi tələbinə dair iddiası da əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərclərinə münasibətdə məhkəmə məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının Cavabdeh MMC-nin təşəbbüsü ilə keçirildiyini və ekspert qarşısında qoyulmuş sualların bir qisminə cavabdehin dəlillərini təkzib edən cavablar verildiyini nəzərə alaraq ekspertiza tədqiqatlarının dəyəri olan 173,52 manat məbləğində pul vəsaitinin 86,76 manat hissəsi iddiaçıdan, 86,76 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsini ədalətli hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 173,52 manat məbləğində pul vəsaitinin 86,76 manat hissəsi İddiaçındən, 86,76 manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-200/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-200/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver