Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-200/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su sızması nətizəsində iddiaçıya dəymiş 5000 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və su sızmasının qarşısının alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində “X7”də sahibkarlıq fəaliyyəti göstərir. 2023-cü ilin noyabr ayının ortalarında həmin yaşayış binasının mənim sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etdiyi sahənin zirzəmisinin tavanından, binanın şaxtasından su axmağa başlamışdır. Binanın idarə edilməsi ilə məşğul olan cavabdeh "xxxx" MMC-nin direktoru X4 iddiaçıya bildirmişdir ki, qəza binanın şaxtasının 12-ci mərtəbəsində yerləşən hissəsində baş vermişdir və həmin qəzanı aradan qaldırmaq üçün 12-ci mərtəbəki X1 məxsus olan 43-cü mənzilə usta daxil olmalıdır, şaxtanın divarını sökməlidir və qəzanı aradan qaldırmalıdır, lakin X2 təmir işinin aparılmasına imkan vermir, ustanın mənzilə daxil olub təmir işlərini aparmasına maneələr törədir. Binanın şaxtasından axan çirkab su nəticəsində mənə məxsus olan qeyri-yaşayış sahəsinin tavanı və döşəməsi yararsız hala düşmüşdür. Tavandakı alçipan çökmüşdür, döşəmədəki laminat şişmişdir, zirzəmini üfunət iyi bürümüşdür. Həmin sahədən istifadə etməyi qeyri-mümkün olmuşdur. Bu barədə dəfələrlə binanın rəhbərliyini həyata keçirən cavabdeh "xxxx" MMC-nin rəhbərliyi məlumatlandırılmasına baxmayaraq, baş vermiş qəzanın aradan qaldırılması, qəzanın fəsadlarının qarşısının alınması üçün heç bir tədbirlər görülməmişdir. Nəticədə qeyriyaşayış sahəsinə 5000 (beş min) manat dəyərində maddi zərər dəymiş, normal qaydada sahibkarlıq fəaliyyətinə ciddi maneələr yaradılmışdır. Qeyd edilən hadisə səkkiz aydır davam edir. Çoxmərtəbəli yaşayış binasının kommunnikasiyalarında yaranmış nasazlıqların aradan qaldırılması vəzifəsi çoxmərtəbəli yaşayış binasını idarə edən cavabdeh "xxxx" MMC-nin vəzifəsidir. xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya ilə müraciət edərək, qəzanın qarşısının alınmasını və onun fəsadlarını aradan qaldırılmasını tələb edilmişdir. Pretenziya məktubu Dövlət Vergi Xidmətinin Elektron ünvan saytında “Onlayn kargüzarlıq” vasitəsilə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə göndərilmişdir. Lakin, cavabdeh pretenziyaya heç bir cavab verməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-200/2025 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMMC ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. X6 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə görə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 585 kv.m olan qeyriyaşayış sahəsi gözəllik xidmətlərinin göstərilməsi ilə bağlı kommersiya fəaliyyətinin aparılması üçün İddiaçı icarəyə verilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli 10/7454 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1 saylı mağaza “X7” adlı qeyri-yaşayış sahəsinə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməsli olan işlərə sərf ediləcək (ediləcək) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1 saylı mağaza “X7” adlı qeyri-yaşayış sahəsinə su sızma nəticəsində zərər dəydiyi müəyyən edilir. Lakin yuxarı mərtəbədə yerləşən tikililərin qapıları bağlı olduğundan (cavabdeh iştirak etmədi), həmin tikililərə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də görə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1 saylı mağaza “X7” adlı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək dəqiqliklə mümkün olmamışdır.
9. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/M 42-135/25 saylı rəyinə görə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1 saylı mağaza “X7” adlı qeyri-yaşayış sahəsinə dəymiş zərərlə bağlı tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli 10/7454 nömrəli ekspert rəyindəki smetada göstərilmiş işləri çəkilməli xərclərin (material və usta haqları nəzərə alınamaqla) 626,70 manat təşkil edir.
10. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının qanuni sahiblik və istifadəsində olan ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə həmin binanın ümumi şaxtasında olan nasazlıq səbəbindən su sızması nəticəsində zərər dəymişdir.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
13. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
14. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.
15. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
16. 119.7-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir.
17. 123-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək ... mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələridir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
21. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
22. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
23. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
24. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
25. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
29. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
30. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
31. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
32. Məhkəmə hesab edir ki, zərərin mövcudluğu, habelə cavabdehin təqsiri ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə iş materiallarında olan sənədlər, eləcə də işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapdığından iddia tələbi dəymiş zərərin tutulması hissəsində qismən təmin edilməli, dəymiş zərərə görə cavabdehdən tutulmalı olan pul "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə uyğun olaraq müəyən edilməlidir.
33. Belə ki, iddiaçı iddia ərizəsində dəymiş zərərin 5000 manat olmasını göstərsə də, bununla bağlı ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
34. Məhkəmə iddia tələbini ikinci, su sızmasının qarşısının alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsassız hesab edir.
35. İddiaçı tərəfindən məhkəməyə su sızmasının hazırda da davam etməsi barədə hər hansı sübut təqdim edilməmişdir.
36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 626,70 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 70 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
40. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-qiymətləndirici ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (200+100) manat təşkil edir.
41. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən 200 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-yə, 100 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMMC-dən 626,70 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 656,70 (altı yüz əlli altı manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh MMMC-dən aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova