Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2000/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi və sairə” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında iddia icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12175,92 manat 2020-ci ilin iyun, iyul, avqust, noyabr aylarının əsas icarə haqqının, 7.37 manat kommunal xərclərin, 6184,24 manat pul öhdəliklərinin gecikdirilməsinə görə dəbbə pulunun, 1200 manat vəkil xərclərinin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19597,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli, 012-OB/19 saylı İcarə müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən cavabdeh icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanda yerləşən iddiaçıya məxsus binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m olan qeyri-yaşayış sahəsinin icarə müddəti Müqavilənin 4.1-ci bəndinə əsasən 31 yanvar 2022ci il tarixdək müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış icarə müqaviləsinə 01 dekabr 2020-ci il tarixdən xitam verilməsinə və ofis sahəsində olan inventarların çıxarılmasına şərait yaradılmasına dair 01 dekabr 2020-ci il tarixli 20200112 nömrəli məktubu və Müqavilənin 11.1-ci bəndini əsas tutaraq 15 yanvar 2019-cu il tarixli, 012-OB/19 saylı İcarə müqaviləsinə 01.12.2020-ci il tarixdən xitam verilmiş və cavabdehə bu barədə 04.12.2020-ci i ltarixli, Ç20-040 nömrəli məktub göndərilmişdir. Cavabdehə 21.01.2021-ci il tarixli, Ç-21-004 nömrəli məhkəmə qabağı pretenziya göndərilərək, iddiaçıya olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəmə qabağı pretenziyanı almış olsa da, bu günə kimi borc ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2020-ci ilin iyun ayında onlara bildiriş göndərib öz öhdəliklərini karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq icra edə bilməyəcəyini bildirsə də, ölkə ərazisində pandemiya ilə əlaqədar olaraq tətbiq edilmiş karantin fors-major hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal iddiaçı tərəfindən nəzərə alınmış, bu məqsədlə də icarəçiyə icarə haqlarında müəyyən güzəştlər tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin qismən təmin edilməsini (3230 manat məbləği hissəsində), qalan hissədə iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi 12175,92 manat məbləğində icarə haqqının 4540,64 manat məbləğində hissəsi əsaslıdır. Belə ki, ölkə ərazisində mövcud olan karantin rejimi ilə əlaqədar olaraq 4540,64 manat məbləğində icarə haqqı ofisdən istifadə edilmiş günlərə görə (1-20 iyun 2020-ci il və 1-30 noyabr 2020-ci il) hesablanmış, lakin aprel və may ayları üçün icarə haqqı ödənilməli olmadığı halda 1310 manat məbləğində icarə haqqı ödənilmişdir. Həmin məbləği 4540 manat çıxdıqda yekun məbləğ 3230 manat olacaqdır. Beləliklə, ödənilməli olan cəmi borc 3230 manat təşkil edir. İddiaçının tələb etdiyi qalan 8945 manat məbləğində icarə haqqı isə ölkədə və dünyada mövcud olmuş sərt karantin rejimi dövründə istifadə edilməmiş günlər üçün hesablanmışdır. Belə ki, aprel, may və 20 iyun – 01 sentyabr aylarında Nazirlər Kabinetinin qərarlarına əsasən ölkədə bəzi fəaliyyət növləri istisna olmaqla bütün fəaliyyət növləri, o cümlədən cavabdehin və subicarəçi olan Azərbaycan Notariat Palatasının fəaliyyəti də qadağan olunmuşdur. İcarə müqaviləsinə əsasən icarə icarə obyekti yalnız ofis məqsədləri üçün istifadə edilə bilər. Bu səbəbdən dövlət orqanı tərəfindən hər iki icarəçinin fəaliyyəti qadağan edildiyindən icarə obyektindən istifadə edilməsi qeyrimümkün olmuşdır. Bu hal tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci maddəsinə əsasən fors-major hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən istifadə edilməyən günlərə görə icarə haqlarının ödənilməsi qanunsuzdur. Bundan əlavə, subiçarəçidən 2020-ci ilin iyul, avqust ayları üçün icarə haqları almadıqlarını, 2020-ci ilin iyun ayının icarə haqqının həmin ayın əvvəli subicarəçi tərəfindən tam ödənildiyini, lakin 2020-ci ilin 21 iyun tarixindən sərt karantin rejiminin tətbiq edildiyinin nəzərə aldıqlarını, 21.06.2020- 30.06.2020-ci il üçün ödənilmiş icarə haqqının sentyabr ayında ödənilməli olan icarə haqqından çıxdıqlarını bildirdi. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15.01.2019-cu il tarixli, 012-OB/19 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv m olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 kv.m faydalı sahədir, qalan 53 kv.m isə köməkçi sahə kimi sayılır. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 34632 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə). Müqavilənin 5.4-cü bəndinə əsasən icarə üzrə hesabat dövrləri üçün icarə haqqının ödənilməsi hər ay avans ödənişi şəklində müvafiq ayın ilk 5 iş günündən gec olmayaraq həyata keçirilir. Müqavilənin 5.7-ci bəndinə əsasən elektrik enerjisi, daxili su təchizatı və istilik xərcləri rəsmi dövlət tarifinə əsasən hesablanır və icarəçi üçün quraşdırılmış sayğaca əsasən İcarəçi tərəfindən ödənilir. Müqavilənin 6.3.2-ci bəndinə əsasən icarə haqqını, o cümlədən binanın rabitə operatoru ilə icarəçi arasında bağlanmış müqaviləyə müvafiq olaraq rabitə xidmətlərinə görə haqları vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir. Müqavilənin 9.2-ci bəndinə əsasən icarəçi pul öhdəliklərini yerinə yetirilməsinin gecikdirilməsinə görə icarəyə verənin tələbi ilə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,3 % həcmində dəbbə pulu ödəyir. Müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) halların mövcudluğundan irəli gələn bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Müqavilənin 10.2-ci bəndinə əsasən bu Müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan Tərəf bu hallar barədə digər Tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların Tərəfin bu Müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Müqavilənin 10.4-cü bəndinə əsasən fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş Tərəfin üzərinə düşür. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçının cavabdehə ünvanladığı 17 fevral 2020-cı il tarixli Ç20-005 nömrəli məktubuna əsasən aralarında bağlanmış 012-OB/19 saylı müqavilənin icra müddətinin bitməsinə qədər cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin bütövlükdə Azərbaycan Notariat Palatasına sub-icarəyə verilməsinə etiraz edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 01 iyun 2020-ci il tarixli 003 saylı məktubunda ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı icarə haqqının aşağı endirilərək 2020-ci ilin iyun ayı üçün 1443 manat, iyul ayı üçün 1731 manat, avqust ayı üçün 2020 manat, sentyabr ayı üçün 2886 manat müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 23 iyun 2020-ci il tarixli 012 saylı məktubunda bildirmişdir ki, ofis sahəsi karantin rejimi yumşaldıqdan sonra yenidən 03 iyun 2020-ci il tarixdən etibarən istifadə olunmağa başlanmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı və bir sıra rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli müvafiq Qərarına əsasən 21 iyun 2020-ci il tarixdən karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyəti icazə verilən təşkilat və müəssisələr təyin edilib. Lakin, həmin icazə verilən fəaliyyət sahələrinə nə cavabdehin, nə də ki, sub-icarəçinin fəaliyyəti şamil edilməyib. Odu ki, ofisdən istifadə olunması və fəaliyyət göstərməsi qeyri-mümkündür. Yaranmış şəraitdə tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvəsinin müvəqqəti dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını qanunamüvafiq hesab edilmişdir. İddiaçının 07.07.2020-ci il tarixli 003/Ü saylı əmri ilə karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq 2020-ci ilin iyul ayı üzrə güzəştli icarə haqlarının tətbiq edilməsi məqsədilə həmin aya görə təqdim edilən ofis sahələrinin hər 1 kv/metri üçün icarə haqqı 15 manat (ƏDV-siz) təyin edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 21 oktyabr 2020-ci il tarixli 019 saylı məktubunda ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı icarə haqqının aşağı endirilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 01 dekabr 2020-ci il tarixli 20200112 saylı məktubunda icarəyə götürülmüş qeyri-yaşayış sahəsindən respublikada koronavirus pandemiyası ilə tətbiq olunan karantin rejiminə müvafiq olaraq həmin sahədən müəyyən fasilələrlə istifadə olunduğu bildirilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə müvafiq qərarına əsasən 21.11.2020-ci il tarixdə karantin rejiminini yenidən sərtləşdirilməsi qərara alınmışdır. Belə şəraitdə isə, ofisdən istifadə olunması və fəaliyyət göstərilməsi qeyri-mümkündür. Yaranmış şəraitdə respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqini fors-major kimi qiymətləndirərək bu hallar icarə müqaviləsi çərçivəsində öhdəliklərin yerinə yetirilməsini mümkünsüz etmişdir. Bununla bağlı, aralarında bağlanan icarə müqaviləsinə 01.12.2020ci il tarixdən xitam verilməyini və ofis sahəsində olan invertarların çıxarılmasına şərait yaradılmasını xahiş etmişdir. İddiaçının cavabdehə ünvanladığı 21 yanvar 2021-ci il tarixli Ç21-004 nömrəli məhkəməqabağı pretenziya məktubunda cavabdehdən pul öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış 18367,53 manat pul vəsaitinin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosu ilə iddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında 296 saylı 04 mart 2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilədən aydın olur ki, iddiaçı tərəfindən vəkil bürosunun “xxxx” ASCdəki hesabına hüquqi yardıma görə 1190 manat, marka üçün 10 manat olmaqla, cəmi 1200 manat ödənilməsi razılaşdırılmış, materiallara əlavə edilmiş köçürmə sənədinə əsasən həmin məbləğ iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ünvanladığı 31.05.2021-ci il tarixli, 05/3729-13 saylı məktubdan görünür ki, Azərbaycan Notariat Palatası 12.07.2019-cu il tarixdə Nazirlikdə qeydiyyatdan keçmiş, təşkilati-hüquqi forması qeyri-kommersiya hüquqi şəxsidir. Təşkilatın əsas məqsədi notariat xidmətinin inkişafı və təkmilləşdirilməsindən ibarətdir. Cavabdehin təqdim etdiyi 01.05.2020-30.07.2020-ci il tarixinə olan şəxsi hesabdan çıxarışa əsasən Azərbaycan Notariat Palatası tərəfindən 19.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən iyun ayı üçün 2948,16 manat icarə haqqı ödənilmişdir. Cavabdehin təqdim etdiyi 31.07.2020-29.10.2020-ci il tarixinə olan şəxsi hesabdan çıxarışa əsasən Azərbaycan Notariat Palatası tərəfindən 19.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sentyabr ayı üçün 2012,8 manat, oktyabr ayı üçün 3580,14 manat icarə haqqı ödənilmişdir. Cavabdehin təqdim etdiyi 30.10.2020-31.12.2020-ci il tarixinə olan şəxsi hesabdan çıxarışa əsasən Azərbaycan Notariat Palatası tərəfindən 19.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən noyabr ayı üçün 2946,0 manat icarə haqqı ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 15.01.2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15.01.2019-cu il tarixli müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv m olan və binanın mərtəbə planında göstərilən qeyriyaşayış sahəsini cavabdehə icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 2020-ci ilin iyun, iyul, avqust və noyabr ayları üçün icarə haqqını ödəməmişdir. Bundan əlavə cavabdehin 7,37 manat məbləğində ödənilməmiş kommunal xidmətlərə görə borcu da qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.7-ci bəndinə əsasən elektrik enerjisi, daxili su təchizatı və istilik xərcləri rəsmi dövlət tarifinə əsasən hesablanır və icarəçi üçün quraşdırılmış sayğaca əsasən İcarəçi tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci ilin 21 iyun saat 00:00-dan 05 avqust 2020-ci il saat 00:00-dək ölkə ərazisində tətbiq edilmiş karantin rejimi sərtləşdirilmiş, bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən Qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra ... dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni 23.06.2020-ci il tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh 21.06.2020ci il tarixdən 05.08.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı göstərilən dövrdə subicarəçi Azərbaycan Notariat Palatası tərəfindən də cavabdehə icarə haqlarının ödənilmədiyi müəyyən edildi. Belə ki, Mülki Məcəllənin 557.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyrimümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Eyni zamanda iddiaçı gecikdirilmiş günlər üçün 6184,24 manat məbləğində cərimə borcunun da ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.2ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,3 %-ni ödəməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində 1200 manat məbləğində vəkil xərclərinin də cavabdehdən tutulmasını tələb etmişdir. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun “xxxx” ASC-dəki hesabına hüquqi yardıma görə 1190 manat, marka üçün 10 manat olmaqla, cəmi 1200 manat məbləğində pul köçürülmüşdür. Hazırkı halda məhkəmə, vəkilin göstərdiyi yardıma görə cavabdehdən 400 manat məbləğində pulun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas icarə haqqı - 8638,38 manat (01.06.2020-ci ildən 21.06.2020-ci il tarixədək 2266,84 manat (3400,26 AZN – (3400,26 AZN / 30 gün * 10 gün), 05.08.2020-ci ildən 31.08.2020-ci il tarixədək 2966,06 AZN (3405,48 AZN – (3405,48 AZN / 31 gün * 4 gün)), kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9545,75 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas icarə haqqı - 8638,38 manat (səkkiz min altı yüz otuz səkkiz manat otuz səkkiz qəpik), kommunal xərclərə görə 7,37 manat (yeddi manat otuz yeddi qəpik), 500 (beş yüz) manat dəbbə pulu, 400 (dörd yüz) manat vəkil xərci, ümumilikdə 9545,75 manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumun 10 (on) manat hissəsi iddiaçı “xxxx” MMCyə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2000/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2000/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver