Məhkəmə qərarları › İş №e-2-2(113)-2005/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2005/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2005/2023 17.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin "xxxx" MMC və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası X1 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, 792.50 (yeddi yüz doxsan iki manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 66,168.42 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05090LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCS00370407- 01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “23” sentyabr 2021-ci il tarixli ZM-1855/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 85,761 (səksən beş min yeddi yüz altmış bir) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DCS00370407-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********50 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 198 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, 792.50 (yeddi yüz doxsan iki manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 66,168.42 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Tərəflər arasında imzalanmış DCS00159374-03 nömrəli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 7,412.01 manat faiz borcu, 1534,96 manat cərimə borcu olmaqla, cəmi 69,044.32 (altmış altı min bir yüz altmış səkkiz manat, qırx iki qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçınınn nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər faiz borcunun səhv hesablandığını, qeyd etmiş, eyni zamanda qeyd etmişdir ki, pul rəsmi qaydada Rusiyaya köçürülüb.7-8 ay ardıcıl olaraq hər ay ödənişlər etmiş, daha sonra Rusiyada müharibə olduqdan sonra ödənişlərdə gecikmələr olmuşdur. Qarşı tərəf də vaxt istəyir ki 2-3 ay ərzində həmin pullar qaytarılacaq və ya mal şəklində veriləcək.1 ilə yaxındır ödəniş edə bilmir. Bankla əlaqə saxladıqda vəziyyəti onlara başa salaraq faizlərin hesablanmamasını xahiş etmişdir. Lakin razılıq olmamışdır. Cavabdeh2 pulun Rusiyaya köçürüldüyünü, həmin məbləğdən istifadə etmədiyini, bununla bağlı olaraq pulun ondan tutulmasına etiraz etdiyini qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ASC və ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCS00370407-01 nömrəli kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X1 (bundan sonra - Fond) “23” sentyabr 2021-ci il tarixli zm-1855/202q nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 85.761 manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 0 (sıfır) ay olmaqla) kredit verir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. İddiaçı ASC “kreditor” Cavabdeh1 MMC “borclu” və Cavabdeh2 “zamin” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli, DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Faiz subsidiyalarının aylıq və cəmi məbləğini əks etdirən cədvəldə xx.xx.2021xx.xx.2023 tarix aralığı üzrə aylıq ödənişlər tərəlfər arasında razılaşdırılmışdır. Cavabdeh1 MMC-yə məxsus bank hesabı çıxarışına əsasən xx.xx.2021 tarixində hesaba 85.761 manat mədaxil olmuşdur. xx.xx.2022 tarixli PB-OUT-06092-2022 saylı xəbərdarlıq məktubunda xx.xx.2021 tarixli DCS00370407-01 nömrəli öhdəlik üzrə borcun ödənilməsi tələb edilmişdir. xx.xx.2022 tarixində iddiaçı tərəfindən pretenziya məktubu “AVİS” üzərindən Cavabdeh1 MMC-yə göndərilmişdir. xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2022 tarixinə Cavabdeh1 MMC-nin 60.097,35 manat əsas borcu, 5.278,57 manat faiz borcu, 792,50 manat cərimə borcu göstərilmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 19 iyul 2023 tarixli 9/5176 nömrəli ekspert rəyində xx.xx.2023 tarixinə -maliyyə arayışında borcun hesablandığı tarixə 60.097,35 manat əsas borc, 7.412,01 manat faiz borcu hesablanmışdır. Tədqiqatən dəyəri 145 manat göstərilmişdir. PB/BL-OUT-00216-2023 saylı xx.xx.2023 tarixli maliyyə arayışında Cavabdeh1 MMC-nin xx.xx.2023 tarixinə DCS00370407-01 nömrəli kredit müqaviləsi üzrə 60.097,35 manat əsas borc, 7.412,01 manat faiz borcu 1.534,96 manat cərimə məbləği qeyd edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh1 MMC və İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, DCS00370407-01 saylı kredit müqaviləsi imzalanmış, xx.xx.2021 tarixində kredit müqaviləsində nəzərdə tutulmuş məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşdüyü öhdəlikləri tam olaraq icra etsə də cavabdeh müqavilə öhdəliklərini pozmuş, müqavilədə nəzərdə tutulmuş məbləği ödəməmişdir. Cavabdeh1 MMC və İddiaçı ASC arasında imzalanmış kredit müqaviləsi üzrə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə məbləği 1990 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi üzrə DCS00370407-01 saylı kredit müqaviləsinə əsasən 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borcun tutulmasına münasibətdə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Belə olan halda 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc Cavabdeh1 MMC-dən tutulmalıdır. Bundan başqa iddiaçı 7.412,01 manat faiz borcunun da tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf xx.xx.2022 tarixində Cavabdeh1 MMC-yə pretenziya məktubunu göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında qeyd edilmişdir ki, Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini əsas götürürərək, hesab edir ki, iddia tələbi faiz borcu hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan faiz məbləği pretenziya məktubunun göndərildiyi tarixə uyğun, yəni 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat tutulmalı, eyni zamanda həmin tarixdən sonrakı dövr üzrə cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən illik 5% hesablamaqla 750 manat cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı 1534,96 manat cərimə borcunun da tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyindən və tərəflər arasında imzalanmış müqavilədə cərimə məbləğinin tutulması razılaşdırldığından iddia tələbi həmin hissədə təmin edilməli, 1534,96 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Digət tərəfdən iş materiallarından görünür ki, Cavabdeh1 MMC və İddiaçı ASC arasında bağlanmış krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə borc alan Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş ödəmədiyini, kredit verən İddiaçı ASC-nin kredit məbləğinin, ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh2 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz və cərimə borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə zamin Cavabdeh2 etirazına münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış zaminlik müqaviləsində zamin öhdəliyin icrası ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Bu baxımdan həmin kredit məbləğindən hər-hansısa şəkildə istifadə edib etməməsindən asılı olmayaraq həmin zamin şəxs borclu ilə birlikdə bank qarşısında öhdəliyin icrası üçün məsuliyyət daşıyır. Bu baxımdan zaminin etirazı əsassızdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 28 noyabr 2022-ci il tarixli 9/5045 №-li məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 60,097.35 (altmış min doxsan yeddi manat, otuz beş qəpik manat) manat əsas borc, 5,278.57 (beş min iki yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat faiz borcu, illik 5 faiz olmaqla 750 manat, 1534,96 manat cərimə, 400 manat mediasiya xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 145 manat tutularaq (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar