Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2005/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “dividendin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2018-2024-cü illər üzrə ödənilməmiş xalis mənfəətindən cəmiyyətin nizamnamə kapitalındakı payına mütənasib olaraq İddiaçı xeyrinə 200 000 manat məbləğində dividendin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdehndə 300 payla, 30%-lə üç təsisçisindən biridir. Cəmiyyətin uzun illər mənfəətlə işləməsində iddiaçının böyük əməyi olmuşdur. Belə ki, iddiaçı icraçı direktor olaraq cəmiyyətin qanuni təmsilçisi və direktoru olan atası X1 ilə işləyərkən cəmiyyət uzun müddət problemsiz fəaliyyət göstərmiş və hər hansı neqativ hal olmamışdır. Lakin sonra cəmiyyətin direktoru X2 olduğundan cəmiyyətin daxilində problemlər yaranmağa başlamışdır. Nəticədə iddiaçı cəmiyyətin idarəçiliyindən faktiki olaraq uzaqlaşdırılmış, cəmiyyətə buraxılmamağa başlanılmışdır. Həmçinin cəmiyyətin mənfəətliliyinin həqiqətən də nə qədər olması və bunun düzgünlüyünün yoxlanması və digər maliyyə sənədləri ilə tanış olmaq hüququndan faktiki olaraq məhrum olmuşdur. İddiaçı əslində 2015-ci ildən başlayaraq hazırkı dövrə qədər əldə edilmiş xalis mənfəətdən dividendlər əldə etsə də, bu məbləğlərin tam düzgün hesablanması və tam olaraq ödənilməsi barədə şübhələr mövcuddur. Belə ki 2018-2024-cü il tarixində ödənilmiş dividendlərin bir qismi əslində 2015-2018-ci illər arasında ödənilməmiş xalis mənfəət hesabına ödənilmişdir. İddiaçı cəmiyyətin malliyyə sənədlərinə buraxılmadığından dəqiq məlumtalara mallik deyildir. Bu məsələnin aydınlaşdırılması üçün cavabdehə 18 dekabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş və 2019-cü ildən hazırkı tarixə qədər mənfəətin nə qədər olması və nə qədər dividend ödənilməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin məktubda verilən rəqəmlərin düzgün olmasında ciddi şübhələr var. Həmçinin cavab məktubunda iddiaçının təhdid elementlərinin də olduğu açıq-aydın görünür. Bu isə təsadüf deyildir. Belə ki, bundan əvvəl də iddiaçı öz payını könülllü olaraq təhvil verməsi, verməzsə, onun barəsində “tədbirlər” görəcəyi ilə bağlı dəfələrlə cəmiyyətin hazırki direktoru X2 tərəfindən hədələnmişdir. Cəmiyyətin pretenziya məktubuna ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bunun elementləri aydın görmək mümkündür. Cəmiyyətin qeyd edilən illərdə xalis mənfəəti barədə ən mötəbər məlumat verə biləcək orqan olan Dövlət Vergi Xidmətinə ünvanlanan sorğu da nəticəsiz qalmışdır. Baxmayaraq ki, təsisçinin iştirakçısı olduğu cəmiyyətin xalis mənfəəti barədə məlumat almağa tam haqqı var, Dövlət Vergi Xidməti bunu vergi sirri hesab etmişdir. Cəmiyyət burada maraqlı şəxs olduğundan onun birtərəfli qaydada verəcəyi rəqəmlər mötəbər sayıla bilməz. Buna görə də məhkəmə işin hərətərəfli, tam və obyektiv araşdırılması üçün Dövlət Vergi Xidmətindən bu məlumatların alınması üçün öz səlahiyyətlərindən istifadə etməlidir. Buna baxmayaraq, şifahi məlumatlara əsasən 2018-2024-cü illər üzrə ödənilməmiş xalis mənfəətdən iddiaçıya düşən dividend haqqı 200 000 manat məbləğindədir. Məhkəmə iddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Həmin Məcəllənin 91.3.3-cü maddəsinə əsasən, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətinin xalis mənfəətinin bölüşdürülməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Qanunvericiliyin tələblərinə görə cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Bu mənada xalis mənfəətin bölüşdürülməsi ilə bağlı məsələ ümumi yığıncağın iclasında baxılmalı, yalnız ümumi yığıncağın qərarından narazı qalındığı təqdirdə, məhkəmə qaydasında həmin qərar mübahisələndirilməli və ya ümumi yığıncaq xalis mənfəətinin bölüşdürülməsini qərara aldıqda, lakin ödəmədikdə hüquqi şəxsdən tutulmasını tələb etməlidir. Konstitusiya Məhkəməsi də göstərmişdir ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. ... Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır ... mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir (M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, ********** nömrəli mədaxil qəbzi ilə 490 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edildiyinə görə, ödənilmiş 490 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-156, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “dividendin ödənilməsi” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 (dörd yüz doxsan) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2005/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2005/2025
28.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver