Məhkəmə qərarları › İş №e-2-2(113)-2006/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2006/2021

23.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2006/2021 23.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.10.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 33507,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30/10/2019-cu il tarixə yaranan borcuna görə 37200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 12/11/2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 06.11.2019-cu il tarixli **********1 saylı protokol və əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Təbrik” Şadlıq Sarayında cavabdehə məxsus 37200 manat məbləğində əmlak siyahıya alınmışdır. Məlumatın təqdim edilməsi barədə ərizədən görünür ki, qərar əsasında **********1 saylı protokol üzrə cavabdehin 02.12.2021-ci il tarixə 8107,93 manat, o cümlədən 5220,38 manat əsas, 2887,55 manat faiz borcu mövcuddur. 10.12.2021-ci il tarixli 26360 (**********) nömrəli Kapital Bankının qəbzindən görünür ki, Cavabdeh Firması tərəfindən Dövlət Vergi Xidmətinin hesabına 5000 manat köçürmüşdür. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Firması vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh Firmasının dövlət büdcəsinə 30.10.2019-cu il tarixə ödənilməmiş 33507,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat dəyərində əmlak siyahıya alınmışdır. Məhkəmə gedişatında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olan məlumatda əsasən cavabdehin 02.12.2021-ci il tarixə 8107,93 manat borcu qaldığı, daha sonra cavabdehin məhkəməyə təqdim etdiyi qəbzə əsasən 10.12.2021-ci il tarixə əlavə 5000 manat məbləğində borcun ödənildiyi müəyyən edilmiş, yəni Cavabdeh Firması 30.10.2019-cu il tarixə ödənilməmiş cəmi 3107,93 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi iddia tələbində 30.10.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 33507,93 manat məbləğində borc göstərilsə də, faktiki olaraq 3107,93 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Firmasının 30.10.2019-cu il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Firmasının 30.10.2019-cu il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 3107,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh Firmasından 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar