Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2006/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 32000 manat məbləğində icarə haqqının və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, 62 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 6393 kv. m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 65 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixinə 18000 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında uzun illər istifadələrində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanında yerlşən 6393,0 kv.m torpaq sahəsinin icarəsi barədə xx.xx.2020-ci il tarixli, 65 saylı icarə müqaviləsi bağlanmışdır. Məlum olduğu kimi, 2020-ci ildən ölkədə geniş yayılan “Koronavirus (COVİD-19)” pandemiyası ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə ciddi mənfi təsir göstərmişdir. AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Nəticədə 2020-ci ildə karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli ciddi azalmalara səbəb olduğu üçün iqtisadi fəaliyyətləri cox ciddi mənfi təsirlərə məruz qalmışdır. Məlum olduğu kimi, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə dövlət dəstəyinin göstərilməsi barədə bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarına müvafiq dəyişikliklər edilərək, AR ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır)” sözləri əlavə edilmişdir. Həmin qərarın 4 və 4.1-ci bəndinə əsasən: AR İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etsin; Şirkətin əsas fəaliyyəti sərnişindaşıma sahəsi (fəliyyət kodu 49310) olduğundan, “Koronavirus (COVİD-19) pandemiyası nəticəsində ciddi mənfi təsirlərə məruz qalmasının AR İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındığı nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək sözügedən qərarın müvafiq bəndini tətbiq edilməklə, qərara uyğun olaraq icarə haqqının hesablanmaması xahiş olunmuşdur. Lakin bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı bir cavab verilməmişdir və icarə haqqının ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli qərarında göstərilən “Koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmaması”na dair müddəası tətbiq edilərək hazırkı iddia tələbi rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Məmmədova iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda tələb edilən icarə haqqı 2021-ci ilin yanvarından hazırkı günədək olan borcdur. Pandemiya dövründə yaranmış icarə haqları gecikmələrlə də olsa, tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir. Bundan əlavə, cavabdehin “Koronavirus (COVİD-19) pandemiyası” nəticəsində ciddi mənfi təsirlərə məruz qalması AR İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındığı halda, bu barədə onlara məlumat verilərdi və nəticədə 2021-ci ilin tanvar ayına qədər olan icarə haqlarından cavabdeh azad edilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Piriyev iddia tələbinə dair yazılı etirazı müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ilin yanvarın birinə qədər olan icarə haqları tərəflərindən tam şəkildə ödənilmişdir, halbuki etirazda adları çəkilən Qərarlara əsasən onlar həmin dövr üçün ödənişlərdən azad edilməli idi, bu səbəbdən həmin ödənişlərin 2021-ci ilin yanvardan sonrakı dövr üçün nəzərə alınmasını xahiş etdi, daha sonra göstərdi ki, 2021-ci ilin yanvardan hazırkı günədək olan icarə haqlarını mübahisələndirmir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanılmış 11 sentyabr 2020-ci il tarixli 65 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 6393 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 2.1-ci bəndində icarəyəverənin hüquq və vəzifələri içərisində icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək, icarəçinin isə icarə haqqını vaxtında və tam həcmdə ödəmək vəzifəsi qeyd olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 42000 manat, aylıq icarə haqqı isə 3500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-cu il tarixli məktubla xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə 10500 manat məbləğində icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsini təmin etməyi, əks halda qanunvericiliyə uyğun tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsadiq edilir ki, onun dövlət büdcəsinə ödənilməmiş 32000 manat icarə haqqı borcu vardır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 fevral 2022-ci il tarixli MŞB/3-00016 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarə haqlarının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında həmin Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir...Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarəçi 2021-ci ilin yanvar ayına qədər olan öhdəliklərini icra etmiş, lakin həmin dövrdən sonra ödənilməli olan icarə haqlarını ödəməmiş, bu hal cavabdehin izahatında da öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etiraz edərək, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarına edilmiş müvafiq dəyişikliklərə əsasən 2021-ci ilin 1 yanvar tarixinədək icarə haqlarını ödəməli olmadığı halda ödədiyini, bu səbəbdən 2021-ci ilin yanvar ayına qədər ödədiyi icarə haqlarının 2021-ci il üzrə nəzərə alınmalı olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddia ərizəsinin məzmunundan, işin araşdırılan hallarından görünür ki, tələb edilən icarə haqları borcu 2021-ci ilin yanvar ayının birindən xx.xx.2022-ci ili tarixə qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən cavabdehə 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə ödənilmiş icarə haqlarının geri qaytarılması ilə bağlı iddiaçıya müraciət etməli olması izah edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 32000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 32000 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 32000 (otuz iki min) manat məbləğində pul və 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2006/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2006/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver