Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-201/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent kodu 09/1560 olan Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə 2018-ci il tarixdən iddianın məhkəməyə göndərildiyi tarixədək yaranmış 14668,72 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 09/1560 olan cavabdehə elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 14668,72 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 14668,72 manat borcu bu günə qədər ödəməyərək iddiaçıya zərər vurmuşdur. İddiaçının əməkdaşlarının hər ay cavabdehin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. İddiaçı mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-288/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi tərəflərindən icra edilmiş, iddiaçının 5928,16 manat borcu silinmiş, balans hesabatı sayğacının göstəriciləri əsasında hesabatın aparılmasına son qoyulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının tələbi əsassızdır, belə ki, tələb edilən borcun hansı qaydada hesablanması məlum deyildir. Həmin borcun təsdiqi kimi yalnız iddiaçı tərəfindən təqdim edilmiş abonent saldosu təqdim edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elekdirikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının 036154 nömrəli birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehə məxsus 09/1560 nömrəli abunə haqqında hesabata əsasən xx.xx.2021ci il tarixə cavabdehin iddiaçıya 17103,69 manat qalıq borcu mövcuddur. Cavabdehə məxsus 09/1560 nömrəli abunə haqqında hesabata əsasən xx.xx.2021ci il tarixə cavabdehin iddiaçıya 14964,51 manat qalıq borcu mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-288/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK üçün elektrik enerjisindən istifadəyə görə balans hesabatı sayğacıyla hesablanmış 5928,16 manat borcun silinməsi və gələcək hesabat liftlərin 38611640M295328 nömrəli (1-ci blok), 38613641M295518 nömrəli (2-ci blok), 38612506M295798 nömrəli (3-cü blok) sayğaclarının və su nasosunun 38612472M296557 nömrəli sayğacının göstəriciləri əsasında aparılması, balans hesabatı sayğacının göstəriciləri əsasında hesabatın aparılmasına qadağa qoyulması, 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-392/2019 nömrəli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-288/2019 saylı 19 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul olunmuş icraata başlamaq haqqında qərara əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-288/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdehin abunə haqqında məlumatlarından görünür ki, cavabdehə yazılmış 5928,16 manat məbləğində borc iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə silinmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən 09/1560 abonenet kodu altında fəaliyyət göstərən Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etməsi nəticəsində 2018-ci il tarixdən hazırkı günədək 14668,72 manat məbləğində cəmiyyət qarşısında borcu vardır. 09/1560 nömrəli abonentə məxsus arayışlardan görünür ki, cavabdehin xx.xx.2019cu il tarixə qalıq borcu 5287,95 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 9966,70 manat, xx.xx.2021-ci il tarixə qalıq borcu 16209,14 manat, xx.xx.2022-ci il tarixə qalıq borcu 14816,82 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli 9/1228 nömrəli rəydən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq “X2 MTK-nın (abunə kodu-09/1560) mövcud olan avadanlıqlar nəzərə alınmaqla, 2018-2021-ci il tarixədək 34037,72 manat borc yaranmışdır. Bundan da 19369 manat məbləğində ödəniş edilmişdir. Qalıq borc 14668,72 manat təşkil edir. Tarif şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Həmin məbləğ "xxxx" ASC Elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixinə yaranmış 17103,69 manat məbləğində borcunun 7 gün müddətində ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdehdən elektrik enerjisinə görə yaranmış borcu tələb etmək hüququ onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydalarının: 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.13-cü maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından və abonent saldosundan da görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə sayğac göstəricilərinə görə ümumilikdə 14668,72 manat borcu mövcuddur. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı 14668,72 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 14668,72 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 14668,72 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 14668,72 (on dörd min altı yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manat hissəsi iddiaçı "xxxx" ASC, 50 (əlli) manat hissəsi isə cavabdeh "xxxx" MTKdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-201/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-201/2022
29.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver