Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-201/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, estoppel prinsipi, prosessual maraq, qanuni faiz, müqavilənin bağlanma anı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 (bundan sonra Cavabdeh4 MMC), Cavabdeh1 və Cavabdeh5nə (bundan sonra Cavabdeh5 MMC) qarşı iddia ərizəsi və daha sonra başqa cavabdehin cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 04 iyul 2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 259 996 manat əsas borc, xx.xx.2024-cü il tarixə 16029,60 manat faiz borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 541,66 manat olmaqla ümumilikdə 276 567,26 manat kredit borcunun və ödənilmiş 567 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh4 MMC-yə illik 15% olmaqla 9 ay müddətinə 270 000 manat məbləğində bərpa olunmayan kredit xətti verilmişdir. Kredit xətti müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 9 ay müddətinə verilir və kredit xətti müqaviləsinin 2.4-ci bəndinə əsasən faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsəsan kredit xətti üzrə yaranmış borc hissəvi və ya tam ödənildiyi təqdirdə, kredit xətti ödənilən məbləğ həcmində bərpa olunmur. Həmin kredit müqaviləsinin 3.1.7-ci bəndinə əsasən borcalan kredit xətti üzrə hesablanmış faizləri il ərzində 2 dəfə ödəmədikdə bank müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi krediti bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. 2.2. Cavabdeh4 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun iddiaçıya 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 259 996 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 16029,60 manat, illik 5% banka vurulmuş zərər üzrə 541,66 manat olmaqla cəmi 276 567,26 manat məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh3 xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh1 xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2023-cü il tarixdə cəmi 9970 manat məbləğində ödənilmişdir. 2.3. Cavabdeh4 MMC-nin krediti təhlil olunan zaman kreditin təminatçısı olaraq Cavabdeh5 MMC İddiaçı ASC-yə təminat məktubu göndərərək Cavabdeh4 MMC ilə aralarında olan 2608-22 saylı müqaviləyə əsasən 2 158 000 manat dəyərində iş və xidmətlərin icra edilməsi üzrə Cavabdeh4 MMC-nin öhdəlik götürdüyünü, işlərin icra edilməsi üçün Cavabdeh4 MMC işləri mərhələli şəkildə təhfıl verdikcə elektron qaimə üzrə Cavabdeh5 MMC tərəfindən ödənişlərin həyata keçirildiyi bildirilmişdir. Podratçı şirkətin (Cavabdeh4 MMC-nin) gördüyü işərin keyfiyyətindən, həcmindən və sürətindən tam razı olduqlarını və gələcəkdə də fəaliyyətin davam etdiriləcəyini bildirmişlər. Bundan başqa məktubda “One Construction" MMC öhdəlik götürür ki, Cavabdeh4 MMC-nin qarşısında yaranan pul öhdəliyinin İddiaçı ASC-də olan bank hesabına köçürülməklə icra olunacaqdır. İddiaçı ASC-yə təqdim edilən Cavabdeh5 MMC-nin xx.xx.2023-cü il tarixli təminat məktubu əsasında krediti təhlil edilərək müsbət qərar verilmişdir. Cavabdeh4 MMC-yə illik 15% olmaqla 9 ay müddətinə 270 000 manat məbləğində bərpa olunmayan kredit xəttinin verilməsində Cavabdeh5 MMC-nin xx.xx.2023-cü il tarixli təminat məktubu əsas qiymətləndirmə meyarı olmuşdur. Cavabdeh5 MMC təminat məktubunda üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən hazırkı işdə cavabdeh qismində işə cəlb olunmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 472-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndələri X7 və X6 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X7 göstərdi ki, 03 aprel 2023-cü il tarixdə Cavabdeh4 MMC ilk müraciət etdikdə 270 000 manat dəyərində invoysların maliyyələşməsi üzrə kredit ayrılmışdır. Həmin kredit 90 gün müddətinə verilmişdir, hesabdan çıxarışdan görünür ki, həmin vəsait müştərinin hesabına köçürülmüşdür. Daha sonra 90 gün müddətində invoys maliyyələşmə geri qayıtmadığından müştəri kredit xəttinə çevrilmə ilə bağlı müraciət etmiş, bunun nəticəsində 04 iyul 2023-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Eyni zamanda Cavabdeh5 MMC də müvafiq məktubla borcun ödəniləcəyinə zəmanət vermişdir.
7. Cavabdeh5 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, Cavabdeh5 MMC cavabdeh qismində çıxış etməməlidir. Cavabdeh4 MMC tərəfindən Cavabdeh5 MMC üçün 1 milyon 808 min 264 manat dəyərində iş görülmüş, işlərin dəyəri də ödənilmişdir. Cavabdeh4 MMC tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, ödənişlər "xxxx" ASC-də olan hesaba edilsin. Bu səbəbdən də ödənişlər həmin hesaba edilmişdir.
8. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda qeyd etdilər ki, Cavabdeh1 kredit müqaviləsi üzrə zamin dursa da, aldadılmışdır. Belə ki, iddiaçının idarə heyətinin sədri ilə X4 arasında qanunsuz əməkdaşlıq olmuş, X1 idarə heyətinin sədrinə şəxsi borcu olduğu üçün kredit hüquqi şəxsin adına götürülüb şəxsi borcun ödənilməsinə yönəldilmişdir. Direktor hüquqi şəxsin adına pul vəsaitini götürmüş, sonra hüquqi şəxsin adından təsisçiyə kassa məxaric orderi ilə 270 000 manat pul verilmişdir.
9. Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zaman göstərdilər ki, Cavabdeh2 Cavabdeh4 MMC-nin direktoru kimi müqaviləyə imza etmiş, hər hansı şəxsi məsuliyyət götürməmişdir. Zaminlik müqaviləsini isə səhvən imzalamışdır.
10. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada – fiziki şəxsin yaşayış yeri üzrə qeydə alındığı ünvana, hüquqi şəxsin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Cavabdeh1 məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (bank qismində) ilə Cavabdeh4 MMC (borcalan qismində) arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit xətti açır, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür (1.1). Kredit borc və cari xərclərin ödənilməsi məqsədilə verilir (1.2). Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir (1.3). Kredit üzrə borc qalığının uçotu Borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır (1.4). Kreditin əsas şərtləri (2.1): kreditin məbləği - 270 000 (iki yüz yetmiş min) manat; kreditin müddəti - 9 (doqquz) ay; güzəşt müddəti - 0 (sıfır) ay; kreditin illik faiz dərəcəsi - 15 (on beş)%; faizlərin ödənilməsi dövriliyi – aylıq; rəsmiləşdirmə komisyon haqqı - 1 (bir)%; nağdlaşdırma komisyon haqqı - 0 (sıfır)%; dəbbə pulu - illik 30 (otuz)%. Bu kredit xətti üzrə X11 Dərəcəsi (FİFD) 17,49 (on yeddi tam yüzdə qırx doqquz) təşkil edir (2.2).
16. Həmin müqaviləyə əlavə 1 olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2023-cü il, son ödəniş tarixi xx.xx.2024-cü il, birinci – üçüncü aylar 3375 manat, dördüncü ay 3600 manat, beşinci ay 3150 manat, altıncı ay 3375 manat, yeddinci ay 3487,5 manat, səkkizinci ay 3262,56 manat faiz ödənişləri, doqquzuncu ay 3375 manat faiz və 270000 manat əsas borcdan ödəniş olmaqla 273 375 manat olmaqla ümumilikdə 270 000 manat əsas borc, 30375 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
17. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində), Cavabdeh4 MMC (Borcalan qismində) və Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/07/ZM nömrəli və iddiaçı (Bank qismində), Cavabdeh4 MMC (Borcalan qismində) və Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/09/ZM nömrəli, iddiaçı (Bank qismində), Cavabdeh4 MMC (Borcalan qismində) və Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/08/ZM nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, Borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür (1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəlikdir (1.2): nömrəsi – 1**-NF-***9380/KXM, tarixi – xx.xx.2023, məbləği – 270 000 manat, illik faiz – 15 (on beş), müddəti – 9 (doqquz) ay. Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (1.3).
18. İş materiallarında olan iddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh4 MMC-nin əsas borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3379/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 noyabr 2024-cü il tarixli 9/5609 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 04 iyul 2023-cü il tarixli 1**- NF-***9380/KXM nömrəli müqavilə üzrə 04 aprel 2024-cü il tarixə əsas kredit borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 270 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh4 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2024-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh4 MMC kredit məbləğini təşkil edən 270 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 259 996 manat əsas borc, 16029,6 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldadıldıqlarına istinad edərək iddianın rədd edilməsini xahiş edir.
23. Cavabdeh5 MMC kredit müqaviləsi üzrə hər hansı öhdəlik götürmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.
24. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmirlər.
25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
26. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
30. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
31. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
32. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
33. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
34. 14 noyabr 2024-cü il tarixli 9/5609 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli müqavilə üzrə 04 aprel 2024-cü il tarixə əsas kredit borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq əsas borc 259996 manat, faiz borcu isə 16029,6 manat müəyyən edilməlidir.
36. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldadıqları ilə bağlı arqumentlərinə münasibətdə isə göstərir ki, həmin şəxslər tərəfindən bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehlər zaminlik müqavilələrini şəxsən imzaladıqlarını təsdiq etmişlər. Həmin müqavilələrdə isə qəbul edilən öhdəlik aydın ifadə edilmiş, mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə əks etdirilmişdir. Başqa sözlə, cavabdehlər öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.
37. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
38. Bu mənada məhkəmə həmin cavabdehlərin mövqeyini əsassız hesab edir.
39. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Cavabdeh5 MMC-yə münasibətdə isə aşağıdakıların qeyd edilməsi zəruridir.
43. Cavabdeh5 xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya müraciət edərək, Cavabdeh5 MMC ilə Cavabdeh4 MMC arasında bağlanmış 26008-22 saylı müqaviləyə əsasən ümumi məbləği 2 158 000 manat dəyərində iş və xidmətlərin icra edilməsi üzrə Cavabdeh4 MMC-nin öhdəlik götürdüyünü, bu işlərin icra edilməsi üçün Cavabdeh4 MMC işləri mərhələli şəkildə təhvil verdikcə elektron qaimə üzrə Cavabdeh5 MMC tərəfindən ödənişlərin həyata keçirildiyini, Cavabdeh5 MMC-nin sifarişçi kimi podratçı şirkət olan Cavabdeh4 MMC-dən razı olduğunu bildirmiş və Cavabdeh4 MMC qarşısında yaranan pul öhdəliyinin sonuncunun İddiaçı ASC-də açılmış bank hesabına köçürülməklə icra ediləcəyini göstərmişdir.
44. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilmiş nomalarına əsasən qeyd edir ki, zaminlik müqaviləsi də tərəflərin müqavilənin mühüm şərtləri barəsində tələb edilən formada – yazılı olaraq razılığa gəldikdə bağlanılır. Müqavilə isə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. İddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli məktubdan isə Cavabdeh5 MMC-nin hansısa öhdəliyə zamin durması ilə bağlı iradəsi ifadə edilməmiş, iddiaçıya hər hansı oferta irəli sürülməmişdir. Belə olan halda iddiaçı ilə Cavabdeh5 MMC zaminlik münasibətinin yarandığı, Cavabdeh5 MMC-nin 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyət daşıması istisna edilir.
45. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 04 iyul 2023-cü il tarixli 1**-NF- ***9380/KXM nömrəli kredit müqaviləsi üzrə 259 996 əsas və 16029,6 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
46. İddiaçı 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 541,66 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
47. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (ilkin redaksiya).
48. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (sonuncu redaksiya).
49. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
50. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, kreditin müddəti xx.xx.2024-cü il tarixdən bitdiyindən həmin dövrdən sonra əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
51. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, kreditin müddətinin başa çatdığı xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixədək (15 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 534,24 (259 996*5/100/365*15) manat təşkil edir.
52. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kreditin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 534,24 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
53. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 567 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 567 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 14 noyabr 2024-cü il tarixli 9/5609 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
60. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 münasibətdə qismən təmin edildiyini, lakin təmin edilməyən hissənin cüzi məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 567 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsi üzrə 259 996 manat əsas borc, 16 029,60 manat faiz borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 534,24 manat pul olmaqla olmaqla ümumilikdə 276 559,84 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 567 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova