Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2010/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, 600828 saylı və 29 dekabr 2021-ci il tarixli, 600828 saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 2052 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun silinməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsi arasında müqavilə bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz ünvanında yerləşən obyektdə (mağaza) sudan istifadə edir. Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları 13 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz ünvanında yerləşən mağazaya gələrək orada d=20 mm-lik boru vasitəsilə sudan sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunma halı aşkarlanmış və bu barədə 13 dekabr 2021-ci il tarixli, 600828 saylı akt tərtib etmişlər. Bundan sonra Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 600828 saylı aktına əsasən dəymiş ziyanın hesablanması aparılmış, borunun diametri 20 mm, su buraxma qabiliyyəti saatda 1,14 kubmetr, gündəlik istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün götürülmək şərtilə cəmi sərfiyyat 2052 kubmetr müəyyən olunmuş və 2052 manat dəymiş ziyan hesablanmışdır. Bildirmək istəyir ki, aşağıda qeyd edəcəyi səbəblərə görə Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən 13 dekabr 2021-ci il tarixli, 600828 saylı aktını və həmin akt əsasında tərtib edilən Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 600828 saylı aktını əsassız və qanunsuz hesab edir. Belə ki, aktda ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz ünvanında yerləşən mağazada sudan qeyri-qanuni istifadə edilmə barədə qeyd edilənlər həqiqətə uyğun deyildir. Məhkəmənin nəzərinə çatdırır ki, Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları 13 dekabr 2021-ci il tarixdə onun mağazasına deyil, onun mağazası ilə üzbəüz yerləşən mağazaya baxış keçirmiş, həmin mağazada aşkarlanan hallara dair akt tərtib edib, o aktı səhvən onun adına yazmışlar. Həmin mağazanın isə ona heç bir aidiyyatı yoxdur. Sadəcə həmin mağaza sahibəsi olan Məmmədova Ruhəngiz ilə onun soyadı uyğun gəldiyinə görə, belə bir yalnışlığa yol vermişlər. Bundan əlavə Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 600828 saylı aktına nəzər salınsa gördülər ki, həmin aktda mağazada gündəlik istifadə olunan suyun həcmini 5,7 ton hesablamışlar və onu da 360 günə vurmaqla 2052 kubmetr sudan istifadə olunduğunu müəyyən etmişlər. Cavabdeh orqanın belə bir hesablama aparması, mağazada gündəlik 5,7 ton sudan istifadə olunmasını qeyd etməsi gülüncdür. Buradan da bir daha aydın olur ki, Cavabdeh ASC-nin əməkdaşları kifayət qədər səhvlərə yol verərək və işlətmədiyi suyun dəyərini qat-qat artıq hesablamaqla ondan tutmaq istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1.1-ci maddəsində qeyd edilir ki, qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüququdur. Göründüyü kimi cavabdeh tərəfindən akt tərtib edilərkən də onun hüququ pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun tərəfindən ona məxsus mağazada su xəttinə qeyriqanuni qoşulma halı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi su xəttlərinə qanunsuz qoşulma hallarının olmamasına nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra su xəttinə qanunsuz qoşulmaya görə istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Cavabdeh ASC ilə bağlanmış müqavilə şərtlərində heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh ASC tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Sudan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış suyun alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, 600828 saylı akt üzrə hesablanmış 2052 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Quluzadə iddia tələbinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. C.Quluzadə izahatında bildirmişdir ki, Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları 13 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz ünvanında yerləşən mağazaya gələrək orada d=20 mm-lik boru vasitəsilə sudan sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunma halı aşkarlanmış və bu barədə 13 dekabr 2021-ci il tarixli, 600828 saylı akt tərtib etmişlər. Bundan sonra 2052 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, akt düzgün tərtib edilmiş, dəymiş ziyan sudan istifadə qaydalarına uyğun hesablanmışdır və qanunidir. C.Quluzadə məhkəmə iclasında ona verilən suala cavab olaraq qeyd etmişdir ki, yoxlama dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 600828 saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus obyektin (market) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə diametri d=20 mm plasmas boru vasitəsilə sudan, sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunduğu aşkarlanmışdır. ********** saylı xx.xx.2021-ci il tarixli qanunsuz istifadə fakturasından isə görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 360 gün götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (2052 m3) 2052 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2021-ci ilin dekabr ayına borcu 2052 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış su sayğacından keçməyən D=20 mm plastik boru vasitəsilə çəkilmiş kənar xəttin aşkarlanması barədə 600828 saylı akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı 2052 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı 600828 saylı akta əsasən hesablanmış 2052 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 600828 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının iştirakı olmadan (imtina etməklə) cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2052 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 600828 saylı aktına və qanunsuz istifadə fakturasına əsasən İddiaçı hesablanmış 2052 manat məbləğində borc silinməlidir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hazırkı halda iddiaçının mediasiya xərclərini ödəməklə dövlət rüsumunu ödəməkdən azad edildiyini, eyni zamanda hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli 600828 aktına əsasən İddiaçı hesablanmış 2052 manat məbləğində borc silinsin. İddiaçı tərəfindən çəkilmiş mediasiya xərclərin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2010/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2010/2022
17.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver