Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2011/2023 21.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit xətti müqaviləsi, bərpa olunan kredit xətti, zaminin ölümü, dəbbə pulunun azaldılması, vəsatətin əsassızlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 prosessual hüquqi varisi X4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3196,69 manat əsas borc, müqavilə müddətindən sonra illik 5 faizlə hesablanmaqla 127,87 manat və 383,6 manat cərimə məbləği olmaqla ümumilikdə 3708,17 manat məbləğində pulun və 60 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 0430/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə invoysların maliyyələşdirilməsi elan edilmiş hesab faktura üzrə debitor borcların ödənişi məqsədilə kredit xəttindən istifadəyə görə 15% ödəmək şərtilə 12 ay müddətində 17000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Həmçinin kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh2 ilə iddiaçının Sabunçu filialı arasında 0430/Z nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 2.2. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərə 0430/K nömrəli xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli 22- 22622/222 saylı bildiriş, eyni zamanda həm poçt, həm də elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixli 6-2-22/2-2593/2023 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. 2.3. Eyni zamanda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi haqqında protokol verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 472.2-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat Cavabdeh2 hüquq varisi müəyyən olunanadək dayandırılmış, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2011/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş, daha sonra X6 Cavabdeh2 prosessual hüquqi varisi qismində işə cəlb olunmuşdur.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdilər ki, cavabdeh "xxxx" MMC ilə “Araz” supermarketlər şəbəkəsi arasında müqavilə münasibətləri olmuş, həmin müqavilə üzrə ödənişləri iddiaçı həyata keçirmişdir. Bu ödənişlər sırasına xx.xx.2023-cü il tarixdə ödənilən 4000 manat da daxil olmuşdur. Belə ki, iddiaçıya verilən ərizə üzrə üçüncü şəxsə olan 4459,2 manat məbləğində öhdəliyin 4000 manatlıq hissəsi sonuncu tərəfindən maliyyələşdirilmiş, həmin məbləğin xx.xx.2021-ci il tarixədək illik 15 faizlə qaytarılması şərtləşdirilmişdir. Lakin kredit məbləği tam qaytarılmamışdır.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri qeyd etdi ki, 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyində cərimə borcu ilə bağlı silinmə aparılmadığından əsas və faiz borcu yanlış hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəf ekspert rəyi ilə razı deyildir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 prosessual hüquq varisi X6 müvafiq borcdan əvvəlcədən xəbəri olmadığını, ekspert rəyi ilə razı olduğunu, lakin maddi çətinliklərlə bağlı hazırda ödənişləri həyata keçirə bilmədiyini bildirdi.
10. Cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin adıçəkilən cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və qanuni faiz borcunun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İddia ərizəsinə əlavə olunmuş "xxxx" ASC (Borc verən qismində) ilə "xxxx" MMC (Borc alan qismində) arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsinin 1-ci hissəsinə əsasən, Borc verən Borc alana 12 (on iki) ay müddətində (xx.xx.2022-ci il tarixədək) 17000 (on yeddi min) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 15 (on beş) % ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (1.1). Kredit xəttinin təyinatı: İnvoysların maliyyələşdirilməsi, elan edilmiş hesab faktura üzrə debitor borcların ödənişi (1.2). Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2021-ci il tarixli, 0430/Z saylı Zaminlik müqaviləsi çıxış edir (1.3). Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 16,9 (on altı tam onda doqquz) faiz təşkil edir (1.4). Kredit xəttinin açılmasına görə Borc alan Borc verənə kreditin məbləğinin 1% həcmində komissiya ödəyir. Müvafiq komissiya Borc alanın Borc verəndəki bank hesablarından Borc verən tərəfindən akseptsiz qaydada tutulur (1.5).
15. Adıçəkilən müqavilənin 3-cü hissəsinə əsasən, Kredit xətti Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 60 (altmış) gündən çox olmamaqla tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciəti və "xxxx" MMC, "xxxx" MMC-yə verilən invoys sənədlərini təqdim edir. Bu Müqavilə üzrə kredit xəttinin 10 000 (on min) manat məbləğində olan hissəsi "xxxx" MMC-yə təqdim edilən və 7 000 (yeddi min) manat məbləğində olan hissəsi "xxxx" MMC-yə təqdim edilən invoys sənədləri üzrə istifadə edilir. Bu Müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz. Bu bənddə nəzərdə tutulan müraciətdə göstərilən tranşlar üzrə məbləği Borc verən Borc alan üçün Borc verəndə açılan **********8522675212 №-li cari hesaba köçürməklə verir (3.1). Kredit xətti çərçivəsində istifadə edilən hər tranş üzrə əsas borc həmin tranş üzrə ödəniş müddəti ərzində Borc alan tərəfindən tam olaraq Borc verənə qaytarılır. Müvafiq tranş üzrə hesablanmış faizlər, tranş üzrə borcun yarandığı gündən etibarən, hər ayın müvafiq tranşın verildiyi günədək Borc alan tərəfindən Borc verənə ödənilir (3.2). Kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə ödənişlərin tarixi qeyri-iş gününə düşdükdə, ödəniş növbəti iş günündə həyata keçirilir (3.3). Faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir (3.4).
16. Məhkəməyə təqdim edilən "xxxx" ASC (Bank qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 0430/Z nömrəli zaminlik müqaviləsinin 1-ci hissəsinə əsasən, bu Müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik "xxxx" MMC (“Borc alan”) ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0430/K saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır: kreditin məbləği - 17000 (on yeddi min) manat; kreditin müddəti - 12 (on iki) ay; kredit üzrə illik faiz dərəcəsi - 15 (on beş) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır (1.3). Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir: kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi (1.4). Zamin Bankın tələbinə qarşı Borc alanın irəli sürə biləcəyi etirazları irəli sürə bilməz (1.5). Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
17. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 005 nömrəli ərizədən görünür ki, "xxxx" MMC iddiaçıya müraciət edərək "xxxx" MMC-yə təqdim edilmiş EBBC 561432 seriya və nömrəli elektron qaimə üzrə ƏDV-siz məbləği təşkil edən 4559,2 manat məbləğdən 4000 manatlıq hissənin maliyyələşdirilməsini, müqavilə üzrə ödənilmə şərtinin 30 gün + 30 gün olmaqla xx.xx.2021-ci il tarixinədək olmasını xahiş etmişdir.
18. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, ödənilmiş – əsas borc 803,31 manat, faizlər 216,5 manat, cərimə faizi 338,16 manat, ödənilməmiş – əsas borc 3196,69 manat, müqavilə müddətinə faizlər (15%) 0 manat, müqavilə müddətindən sonra faizlər (5%) 127,87 manat, cərimə faizi isə 383,61 manat təşkil edir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 4000 manat, xx.xx.2023-cü il tarixə əsas borc 2856,89 manat, faiz borcu 114,28 manat (5%-lə) təşkil edir, cərimə borcu isə müəyyən edilmir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı cavabdehə 12 ay müddətində (xx.xx.2022-ci il tarixədək) 17000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 15% ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, kreditdən təyinatı üzrə istifadə etməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında faktiki kreditlərdən istifadə qaydası hər birinin ödəniş müddəti 60 gündən çox olmamaqla tranşlarla cavabdehin iddiaçıya tələb olunan məbləğ göstərilməklə yazılı müraciəti və "xxxx" MMC, "xxxx" MMC-yə verilən invoys sənədlərini təqdim etməsi, iddiaçının isə həmin invoys sənədini maliyyələşdirməsi formasında olmuşdur. Bu qaydada xx.xx.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC iddiaçıya "xxxx" MMC-yə olan öhdəliyi əsasında EBBC 561432 seriya və nömrəli invoysu təqdim etmiş, həmin invoys üzrə iddiaçı 4000 manat maliyyələşməni tətbiq etmişdir. Cavabdeh kredit məbləğini təşkil edən 4000 manat pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 3196,69 manat əsas, 383,6 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
22. Cavabdeh2 prosessual hüquq varisi X6 ekspert rəyi ilə hesablanmış borca etiraz etmir, lakin maddi çətinliklərlə bağlı borcu ödəyə bilmədiyini bildirir.
23. Cavabdeh1 MMC isə hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə kredit münasibətlərinin hüquqi tənzimlənməsi xüsusiyyətlərinin şərh edilməsini zəruri sayır (Mülki Məcəllənin müqavilə bağlanarkən və öhdəliklər icra olunarkən qüvvədə olan normaları əsasında).
25. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
29. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər) və qanuni faizlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
32. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
33. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
34. Həmçinin nəzərə alınmalıdır ki, icraatın gedişində iddiaçı vəsatət təqdim edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin bank hesabından çıxarışdan ödəmələr üzrə silinmələrin bank tərəfindən “Loan principial repayment” – əsas borc və “Loan interest repayment” – faiz borcu üzrə aparıldığı görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4385 nömrəli ekspertiza rəyindən də görünür ki, hesabdan çıxarış məlumatlarından cərimənin hesablanması təsdiq olunmur. İddiaçının nümayəndəsinin qeyd etdiyi tarixlərdə aparılan silinmələrə nəzər salanda aydın olur ki, həmin silinmələr “Loan interest repayment” – faiz borcu üzrə aparılmışdır. Belə olan halda qeyd olunan məbləğlərin cərimə borcuna silinməsi ilə bağlı iddiaçının bildirdikləri əsassızdır.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 4000 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi) əsas borc 2856,89 manat, faiz borcu 114,28 manat (5%-lə) təşkil edir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə borc məbləği 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla 2856,89 manat əsas borc, 114,28 manat faiz (gecikdirilmiş əsas borca illik 5%-lə) borcu kimi müəyyən edilməlidir.
37. Məhkəmə zamin Cavabdeh2 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
38. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsində və zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, ayrı-ayrı kreditlər də kredit xətti müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də Cavabdeh2 adıçəkilən kredit xətti müqaviləsi üzrə ayrı-ayrı kreditlər üzrə digər cavabdeh "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyır.
43. Məhkəməyə təqdim edilən 29 mart 2023-cü il tarixli 334960 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
44. Məhkəmə qeyd edir ki, zaminliyə xitam verilməsi əsasları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
45. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir.
46. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir.
47. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir.
48. Eyni zamanda tərəflər arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 0430/Z nömrəli zaminlik müqaviləsində də zaminin ölümü zaminliyin xitamı kimi şərtləşdirilməmişdir.
49. Məhkəmə icraatın gedişində X5 Cavabdeh2 prosessual hüquq varisi kimi tanımışdır.
50. Belə ki, 26 sentyabr 2023-cü il tarixli 2V-661 və 2V-662 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6365 ünvanında yerləşən ümumi sahəsi 215.6 kv.m olan bağ evi və yerləşdiyi 0,12 ha torpaq sahəsi və XTK**********1018 ban nömrəli, ******* mühərrik nömrəli, 10TL931 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras əmlakların üzərində X4 tam pay almaq hüququ tanınmışdır.
51. Həmin miras əmlaklarının dəyərinin iddia tələbinin həcmindən açıq-aşkar çox olduğunu nəzərə alan məhkəmə hesab edir ki, X1 Aqil Arif oğlunun prosessual hüquq varisi kimi 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklər üçün birgə məsuliyyət daşıyır.
52. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsi üzrə 2856,89 əsas borc və 114,28 manat qanuni faiz borcu cavabdehlər "xxxx" MMC və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
53. İddia ərizəsində iddiaçı 383,6 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
54. 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alana penya hesablana bilər.
55. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
56. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
57. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
58. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsi verilmiş 4000 manat kredit üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
59. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin 150 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
60. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 150 manat məbləğində pul cavabdehlər "xxxx" MMC və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
61. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
62. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/18-00055 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, iddiaçının nümayəndəsi və "xxxx" MMC-nin baş direktoru Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya prosesində prosesdən imtina edilmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənmişdir.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
65. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
66. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
67. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
68. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
69. Məhkəmə mübahisənin əmələ gəlməsində cavabdehlərin mediasiya prosesində razılığa gəlməməsi və pretenziya məktubuna cavab verməməsinin bilavasitə rolu olduğunu nəzərə alaraq (bax §58, 62) hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pul cavabdehlər "xxxx" MMC və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 200 manat cavabdehlər "xxxx" MMC və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutulmalıdır.
V. Nəticə:
70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 0430/K saylı kredit müqaviləsi üzrə 2856 (iki min səkkiz yüz əlli altı) manat 89 (səksən doqquz) qəpik əsas borc, əsas borca illik 5%-lə hesablanmaqla 114 (yüz on dörd) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3121 (üç min yüz iyirmi bir) manat 17 (on yeddi) qəpik məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 prosessual hüquqi varisi X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova