Məhkəmə qərarları › İş №e-2-2(113)-2011/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2011/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2011/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə-017R********** saylı krеdit razılaşması üzrə 1200,71 manat məbləğində krеdit bоrcu, 68,19 manat məbləğində faiz bоrcu və 29,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1298,66 manat (min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 017L**********17 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 4799,29 manat ödəmiş, onun 1200,71 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 125 gün üçün hesablanmış faiz borcu 68,19 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 125 gün üçün hеsablanmış cərimə 29,76 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 017L**********17 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 120 ay müddətinə illik faiz dərəcəsi 28% olan 100000 manat məbləğində kredit xətti açılmışdır.

6. İddiaçı QSC ilə kredit alan – Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 017R********** saylı krеdit razılaşmasından görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit sazişi xx.xx.2021-ci il tarixli, 017L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmışdır.

7. xx.xx.2021-ci il tarixli köçürmə bildirişindən görünür ki, Cavabdeh hesabına 6000 manat məbləğində vəsait köçürülmüşdür.

8. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

9. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 017R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 1200,71 manat, faiz borcu 68,19 manat, cərimə borcu 29,76 manat olmaqla, ümumilikdə 1298,66 manat təşkil edir (cərimə hesablanmış gecikdirilən günlərin sayı-125 gün).

10. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borcun xx.xx.2024-cü il tarixə qədər qaytarılması tələb edilmiş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 017L**********17 saylı uzunmüddətli kredit müqaviləsi ilə Cavabdeh üçün 120 ay müddətinə illik faiz dərəcəsi 28% olan 100000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə kredit alan – Cavabdeh arasında kredit sazişi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir.

14. İddia tələbinin bir hissəsini Cavabdeh 1200,71 manat məbləğində krеdit bоrcu, 68,19 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, Cavabdeh 1200,71 manat (min iki yüz manat yetmiş bir qəpik) əsas borc, 68,19 manat (altmış səkkiz manat on doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

16. İddia tələbinin digər hissəsini cavabdehdən 29,76 manat cərimə borcunun tutulması təşkil edir.

17. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

18. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 29,76 manat (iyirmi doqquz manat yetmiş altı qəpik) tutularaq iddiaçıya ödənilməlidir.

19. Eləcə də, iddiaçı 32,99 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,99 manat (otuz iki manat doxsan doqquz qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 017R********** saylı kredit razılaşması üzrə 1200,71 manat (min iki yüz manat yetmiş bir qəpik) əsas borc, 68,19 manat (altmış səkkiz manat on doqquz qəpik) faiz borcu, 29,76 manat (iyirmi doqquz manat yetmiş altı qəpik) cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,99 manat (otuz iki manat doxsan doqquz qəpik) olmaqla, cəmi 1331,65 manat (min üç yüz otuz bir manat altmış beş qəpik) pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar