Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2013/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “elektron qaimənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Qaəzənfər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-nə göndərilmiş xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 665616 nömrəli elektron qaimənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mallar (mebel əşyaları) dəyəri ödənilmədən İddiaçı MMC-nə satılmışdır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. 4.3-cü bəndinə əsasən Alıcı yalnız malların təqdim edilməsi ilə bağlı Satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı MMC-nə xx.xx.2020-ci il tarixdə ƏDV daxil 198.240 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, faktiki iddiaçıya verilməyən mebel əşyalarının dəyəri tələb olunur. Əgər elektron qaimədə qeyd edilən mebel əşyaları iddiaçıya verilsəydi bu barədə alqı-satqı müqaviləsinin 3.1.1-ci bəndinə uyğun olaraq müvafiq təhvil təslim aktı tərtib olunardı. əgər malla iddiaçıya verilsəydi belə, həmin müqavilənin 4.3-cü bəndinə əsasən yalnız malların təqdim edilməsi ilə bağlı Satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyərdi. Dəfələrlə Cavabdeh elektron qaimə ilə bağlı müraciət olunsa da, o bildirmişdir ki, narahat olmayın bu formal bir qaimədir. Cavabdeh tərəfindən iddiaçıya vurululmuş elektron qaimənin geri götürülməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət olunsa da, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli elektron qaimə geri götürülməmişdir. Yuxarı göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci tarixli alqı-satqı müqaviləsinə zidd olduğundan, Cavabdeh tərəfindən İddiaçı MMC-nə vurulmuş xx.xx.2020-ci il tarixli elektron qaimə etibarsız hesab edilməlsi zəruridir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2020-ci il tarixdə 017 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə qeyd edilmiş alqı-satqı müqaviləsi üzrə dəyəri 198.240 manat təşkil edən EBAQ 665616 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsi ilə, Cavabdeh İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilmiş və İddiaçı MMC-dən ƏDV daxil 198.240 manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 manat məbləğində pulun Cavabdeh ödənilməsi qət edilmişdir. Qeyd edilmiş qətnamənin məzmuna nəzər yetirildikdə, görünür ki, mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 017 saylı alqı-satqı müqaviləsi təşkil etmiş və Məhkəmə sübut qismində istinad etdiyi sənədlərdən biri də, Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilmiş olan dəyəri 198.240 manat təşkil edən EBAQ 665616 saylı elektron qaimə olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-5/2024 saylı 28 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimə nəticəsində hüquqlarının pozulduğunu irəli sürür. Ona görə də, ilk növbədə müəyyən edilməli olan hazırda qeyd edilmiş elektron qaimənin özünün ümumiyyətlə mülki hüquqi baxımından hər hansı bir nəticə yaradıb-yaratmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”n 1.2.-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf elektron qaimənin etibarsızlığını məhz onda əks olunan malların ona verilməməsi ilə əsaslandırmışdır. Bu xüsusda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 017 saylı alqı-satqı müqaviləsi üzrə verilmiş mallara görə pulun tələb edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin icraartında olan 2-2(104)-5/2024 saylı işin predmetidir. Yəni qeyd olunan elektron qaimə də, qeyd edilmiş işdə sübutlardan biridir. Ona görə də, qeyd edilmiş elektron qaimədə göstərilmiş malların verilib-verilməməsi, verilmiş olan mallara görə borcun olub-olmamasının müəyyən edilməsi, bir növ elektron qaimənin həqiqiliyin müəyyən edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-5/2024 saylı işin predmeti olduğundan, sübutlardan biri kimi nəzərdən keçirilən elektron qaimənin etibarsızlığa ayrıca müstəqil iddia şəkilində baxıla bilməz. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin ayrıca məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “elektron qaimənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2013/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2013/2024
22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver