Məhkəmə qərarları › İş №e-2-2(113)-202/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-202/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-202/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, mediasiya xərci) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 559.720,18 manat məbləğində əsas borc, 23.967,07 manat məbləğində faiz borcu, 11.610,80 manat məbləğində cərimə borcu, ümumilikdə isə 595.298,05 manat məbləğində pulun və 885,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 20 aprel 2023-cü il tarixli342736-1-38496 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə "xxxx" ASC-də dövriyyə vəsaitlərinin artırılması məqsədilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəliklərin maliyyələşdirilməsi məqsədi üçün illik 12,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 660.000 manat məbləğində kredit xətti açılmış, həmin məbləğdən 650.386 manat məbləğində kredit vəsaiti cavabdehin digər bankda olan kredit öhdəliklərinin icrası üçün "xxxx" ASC-yə köçürülmüşdür. Eyni zamanda, xx.xx.2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) 20 aprel 2023-cü il tarixli 367915-7-2779 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh2 MMC üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 559.720,18 (beş yüz əlli doqquz min yeddi yüz iyirmi, 18) manat məbləğində əsas borc, 23.967,07 (iyirmi üç min doqquz yüz altmış yeddi, 07) manat məbləğində faiz borcu, 11.610,80 (on bir min altı yüz on, 80) manat məbləğində cərimə borcu, ümumilikdə isə 595.298,05 (beş yüz doxsan beş min iki yüz doxsan səkkiz, 05) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Bundan əlavə, Bank ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 367915-7-2779 saylı zaminlik müqaviləsinin tələbinə görə «kredit alan» xx.xx.2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «zamin» «kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin və qanunvericiliyin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli 342736-1- 38496 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC və Cavabdeh1 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh2 MMC və Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin, Bank tərəfindən ödənilmiş 885,30 (səkkiz yüz səksən beş, 30) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında çıxarışından göründüyü kimi, Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 1da bağlanmış xx.xx.2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə həll edilir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək “Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 575.685,87 (beş yüz yetmiş beş min altı yüz səksən beş, 87) manat məbləğində əsas borc, 42.576,77 (qırx iki min beş yüz yetmiş altı, 77) manat məbləğində faiz borcu, 11.610,80 (on bir min altı yüz on, 80) manat məbləğində cərimə borcu, ümumilikdə isə 629.873,44 (altı yüz iyirmi doqquz min səkkiz yüz yetmiş üç, 44) manat məbləğində pulun və 919,87 (doqquz yüz on doqquz, 87) manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 MMCnin 20 aprel 2023-cü il tarixli 3427З6-1-38496 saylı kredit Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə, pretenziya məktubunun məhkəməyə çatdırıldığı tarixə Banka 575.685,87 manat əsas borc və 42576,77 manat faiz borcu mövcuddur. Ekspert rəyinə əsasən iddia tələblərini artırmaq zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 342736- 1-38496 saylı kredit xətti müqaviləsinə əsasən:

10. Müqavilənin 1.2.1-ci bəndinə əsasən Express Bank ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəliklərin maliyyələşdirilməsi. və dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit verilir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit xəttinin limi 660.000 manatdır.

12. Müqavilənin 2.3.1-ci bəndinə əsasən kredit xətti xx.xx.2026-cı il tarixə kimi açılır.

13. Müqavilənin 2.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 12.5% olmaqla və bu müqavilənin 2.4-cü və 4.9-cu bəndinə əsasənfaiz dərəcəsinin artırılması və ya azaldılmasıın mümkünlüyü nəzərə alınmaqla hesablanır.

14. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilmiş kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən icra edilmədikdə, o hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 100 manat orc məbləğinə 1 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir.

15. xx.xx.2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1(bundan sonra mətndə Cavabdeh1) 20 aprel 2023-cü il tarixli 367915-7-2779 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

16. İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 342736-1- 38496 saylı, xx.xx.2023-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə cəmi 595298,05 manat borcu müəyyən edilmişdir.

17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə -"xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 342736-1-38496 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla pretenziya məktublarının cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixə və maliyyə arayışlarının verildiyi xx.xx.2024cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/5331 saylı ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu 575685,87 manat, faiz borcu 36580,04 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 575685,87 manat və faiz borcu 42576,77 manat müəyyən edilmişdir. Həmçinin bank tərəfindən təqdim edilmiş maliyyə arayışından göründüyü kimi xx.xx.2023-cü il tarixli, 342736-1-38496 saylı kredit müqaviləsi üzrə əsas borcdan 90665,82 manat məlbəğində ödəniş edildiyi göstırilsə də MMC-nin bank hesabdan çıxarış məlumatlarında əsas borcdan 74.815,50 manat məbləğində ödəniş edildiyi müəyyən edilir. Göstərilən ödənişlər arasında fərq edən 15850,32 manat məbləğində ödəniş təqdim edilmiş sənədlərdə öz əksini tapmır. Təqdim edilmiş hesabdan çıxarışa əsasən kredit müqaviləsi üzrə cərimə müəyyən edilmədi.

19. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının 20 aprel 2023-cü il tarixli 342736-1-38496 saylı kredit xətti müqaviləsi üzrə (dəqiqləşdirmə ərizəsinə əsasən) tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil edir. Beləliklə, məhkəmə 20 aprel 2023-cü il tarixli 342736-1-38496 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu və əsas borca hesablanmış faiz borcu iddia ərizəsində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 20 арrеl 2023-ci il tarixli 3427З6-1-38496 saylı kredit muqaviləsi üzrə 575.685,87 manat əsas borc, 42.576,77 manat faiz borcu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 11610,80 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən kredit müqaviləsi üzrə 11.610,80 manat məbləğində dəbbə pulu tutulmalıdır.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 919,87 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

37. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 919,87 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 20 арrеl 2023-ci il tarixli 3427З6-1-38496 saylı kredit muqaviləsi üzrə 575.685,87 manat əsas borc, 42.576,77 manat faiz borcu, 11.610,80 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 919,87 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar