Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2029/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh6 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh6 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh6 və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 13727,61 manat əsas borcun, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 336,57 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 169,25 manat, cəmi 14233,43 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə illik 16% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-yə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh2 MMC-yə kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq zamin Cavabdeh6 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/1 nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh5 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/3 nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Qanuni nümayəndə 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/2 nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh2 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2025-ci il tarixə banka əsas borc üzrə əsas borcu 13727,61 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 336,57 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 169,25 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0, cəmi 14233,43 manat məbləğində borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.İmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı (kreditor) və Cavabdeh2 MMC (borcalan) arasında bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla, 36 ay müddətinə, 50000 (əlli min) manat məbləğində kredit verilmişdir.
13. İddiaçı (kreditor), Cavabdeh2 MMC (borcalan) və Cavabdeh6 (zamin) arasında bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/1 nömrəli zaminlik müqaviləsinə görə zamin 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
14. İddiaçı (kreditor), Cavabdeh2 MMC (borcalan) və cavabdeh Qanuni nümayəndə (zamin) arasında bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/2 nömrəli zaminlik müqaviləsinə görə zamin 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
15. İddiaçı (kreditor), Cavabdeh2 MMC (borcalan) və Cavabdeh5 (zamin) arasında bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S-2879 ZM/3 nömrəli zaminlik müqaviləsinə görə zamin 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
16. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan əsas borc 13727,61 manat, faiz borcu 336,57 manat, cərimə borcu 169,25 manat olmaqla, ümumilikdə borcu 14233,43 manat təşkil edir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 09 mart 2022-ci il tarixli, 104-S- 2879 nömrəli kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 13727,61 manat məbləğində əsas bоrc, 336,57 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən (əsas borclu və zaminlər) tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 169,25 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsi faktı iş materialları öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də təmin edilməlidir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 09 mart 2022-ci il tarixli, 104-S-2879 nömrəli kredit müqaviləsi üzrə 13727,61 manat əsas bоrc, 336,57 manat faiz borcu, 169,25 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 133 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh6 və Qanuni nümayəndə birgə qaydada 13727,61 manat əsas borc, 336,57 manat faiz borcu, 169,25 manat dəbbə pulu, 133 manat dövlət rüsumu, ümumilikdə 14366,43 (on dörd min üç yüz altmış altı manat qırx üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova