Məhkəmə qərarları › İş №e-2-2(113)-2032/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2032/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2032/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit xətti, kredit razılaşması, zaminlik, prosessual maraq, müqavilənin ləğvindən sonra hesablanmış dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 4964,76 manat əsas borc, 994,64 manat faiz borcu, 320,43 manat cərimə olmaqla ümumilikdə 6279,83 manat məbləğində pulun və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300 000 manat məbləğində krеdit хətti açılmış, bu müqaviləyə əsasən cavabdehə vеriləcək kredit məbləği və müddətinin ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunması şərtləndirilmişdir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində Cavabdeh1 xx.xx.2021-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2% оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit verilmişdir. 2.2. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 5035,24 manat ödəmiş, onun 4964,76 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən, qaytarılmalı kredit məbləği üzrə faiz bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hər gün üçün hesablanır, bir gün üçün faizi aylıq faizin 1/30 hissəsi təşkil edir. Belə olan halda Cavabdeh1 xx.xx.2023-cü il tarixə 233 gün üçün kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 994,64 manat təşkil edir. Bundan başqa kredit razılaşmasında nəzərdə tutulmuşdur ki, borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 233 gün üçün hеsablanmış cərimə məbləği isə 320,43 manat təşkil edir. 2.3. Qeyd edilən uzunmüddətli krеdit müqaviləsinə əsasən, krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən, adıçəkilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Belə olan halda qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdilər.

5. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək maddi çətinliklərlə bağlı borcunu ödəyə bilmədiyini, iddiaçının isə öhdəliyin restrukturizasiyası ilə razı olmadığını qeyd etdi. Eyni zamanda bildirdi ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razıdır və iş məhkəmənin icraatında olarkən 21 iyun, 16 iyul, 14 avqust, 20 sentyabr 2023-cü il tarixlərdə 247,5 manat olmaqla ödənişlər etmişdir.

6. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz etmədiklərini qeyd edib, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə məhkəmə bildirişləri və mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017L**********62 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000.00 (üç yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Adıçəkilən müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 21 aprel 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.

13. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşmasının 1.1-ci bəndində göstərilmişdir ki, bank məbləği 10000.00 (on min manat) manat olan krediti aylıq faiz dərəcəsi 2 (iki) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.

14. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 20 oktyabr 2021-ci il, son ödəniş tarixi isə 20 sentyabr 2023-cü il olmaqla 10000 manat kredit məbləği və 2729 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 017S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 017L**********62 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

16. Məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, 017S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli 017L**********62 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

17. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 4964,76 manat, faiz borcu 994,64 manatdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2032/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 27 iyul 2023-cü il tarixli 9/5174 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 4964,76 manat, faiz borcu 1035,36 manat təşkil edir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 017L**********62 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Borcalan kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

20. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 4964,76 manat əsas, 994,64 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

21. Cavabdeh1 maddi çətinliklər nəticəsində borcunu ödəyə bilmədiyini qeyd edir, 27 iyul 2023-cü il tarixli 9/5174 nömrəli ekspert rəyi ilə razı olduğunu, ekspertiza təyin olunması barədə qərardad qəbul edildikdən sonra ödənişlər etdiyini bildirir.

22. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

23. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

26. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

27. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

28. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

32. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq əsas borc məbləğini (bütünlükdə) ilk dəfə mediasiya prosesində geri tələb etmişdir və mediasiya barədə təklif Cavabdeh1 xx.xx.2022-ci il tarixdə çatmışdır (səhifə 132).

33. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

34. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

35. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

36. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının mediasiya təklifi yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən (razılaşmadan) imtinaya yönəlmişdir və təklifin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 017R********** saylı razılaşmaya xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı xx.xx.2022-ci il tarixə gecikdirilmiş faiz borcunu və kreditin əsas məbəğini tam şəkildə tələb edə bilər.

37. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

38. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə (kredit razılaşmasının xitamı tarixinə) əsas və faiz borcu ekspert rəyinə əsasən müvafiq olaraq 4964,76 manat və 1035,36 manat müəyyən olunmuşdur.

39. Məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus AZ71ACAB******************** nömrəli bank hesabından xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilənin ləğvi tarixindən (xx.xx.2022-ci il) sonra xx.xx.2023-cü il tarixdə edilmiş 247,5 manat ödənişdən 4,02 manat və 148,29 manat faiz borcuna, xx.xx.2023-cü il tarixdə edilmiş 247,5 manat ödənişdən 115,67 manat və 131,83 manat faiz borcuna, xx.xx.2023-cü il tarixdə edilmiş 247,5 manat ödənişdən 247,5 faiz borcuna, xx.xx.2023-cü il tarixdə edilmiş 247,5 manat ödənişdən 5,57 və 113,81 manat faiz, 128,12 manat əsas borca olmaqla ümumilikdə 766,69 manat faiz, 128,12 manat əsas borca silinmişdir.

40. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə həmin razılaşmanın ləğv edildiyi tarixdən sonra edilmiş ödənişlər nəzərə alınmaqla iddiaçıya 4836,64 (4964,76 - 128,12) manat əsas borc və 268,67 (1035,36 - 766,69) manat faiz borcu mövcuddur.

41. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

42. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

43. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 017R********** saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə razı olduqlarını xx.xx.2021-ci il tarixdə imzaları ilə təsdiq etmişlər. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

46. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə həmin razılaşmanın ləğv edildiyi tarixdən sonra edilmiş ödənişlər nəzərə alınmaqla 4836,64 manat əsas borc və 268,67 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

47. İddia ərizəsində iddiaçı 320,43 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

48. xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşmasının 4.2 və 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.

49. xx.xx.2021-ci il tarixli 017S**********03 saylı, xx.xx.2021-ci il tarixli, 017S**********04 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.

50. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

51. Məhkəmə qeyd edir ki, 27 iyul 2023-cü il tarixli 9/5174 nömrəli ekspert rəyində xx.xx.2022-ci il tarixə iddiaçıya olan cərimə borcu 0 manat göstərilmişdir.

52. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərar).

53. Belə ki, müqaviləyə xitam verilməsi ilə ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir, lakin ləğv anına qədər tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qalxmır. Bu səbəbdən də qüvvədə olmayan müqavilə bəndinə əsaslanmaqla müqavilənin ləğvi tarixindən sonra dəbbə pulu hesablanması mümkün deyildir, çünki müqavilənin qüvvədə olduğu tarixdə iddiaçının belə bir hüququ, cavabdehin isə belə bir öhdəliyi yaranmamışdır. Belə olan halda hesablanmış cərimənin hüquqi əsası mövcud deyildir.

54. Eyni zamanda məhkəmə nəzərə alır ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixə dəbbə pulu borcunun olmamasını müəyyən edən ekspert rəyi ilə razı olmuşdur.

55. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 320,43 manat cərimənin tutulması hissəsində təmin edilməməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

56. İddiaçı eləcə də 100 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

57. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9-00740 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən mediasiya xərci kimi 100 manat məbləğində pul ödənmişdir.

58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 27 iyul 2023-cü il 9/5174 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

61. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

62. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 82 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 82 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 18 manat məbləğində pul İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 21 aprel 2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 20 sentyabr 2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 4836 (dörd min səkkiz yüz otuz altı) manat 64 (altmış dörd) qəpik əsas borc, 268 (iki yüz altmış səkkiz) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə 5105 (beş min yüz beş) manat 31 (otuz bir) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 82 (səksən iki) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 82 (səksən iki) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 18 (on səkkiz) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar