Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2032/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulunun azaldılması, prosessual qənaət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2024-cü il tarixli avadanlığın icarəyə verilməsi haqqında müqavilə üzrə ƏDV daxil olmaqla 27671 manat əsas borc, 102 659,41 manat dəbbə pulunun və ödənilmiş 568 manat dövlət rüsumunun, 1200 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 06 mart 2024-cü il tarixdə avadanlığın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və onun əlavəsi hesab olunan protokollara görə iddiaçı tərəfindən cavabdehin istifadəsinə avadanlıqlar verilməli, onlar tərəfindən isə protokollarla razılaşdırılmış məbləğ ödənilməli idi. Əməkdaşlıq edilən dövrdə cavabdehə siyahısı müqavilə və protokollarla müəyyən edilmiş avadanlıqlar icarəyə verilmiş, lakin razılaşdırılmış haqq ödənilməmişdir. Cavabdehin həmin müqavilə və əlavələri üzrə ƏDV xaric 23 450 manat borcu yaranmışdır. Müqavilənin 3.9-cu bəndinə görə cavabdeh təqdim edilən hesab-faktura əsasında ödəməni vaxtında və tam məbləğdə ödəməyi öhdəlik olaraq götürmüşdür. Həmçinin müqavilənin 4.2-ci bəndinə görə müqavilə üzrə ödənişlər 7 bank günü ərzində köçürmə yolu ilə ödənilməli idi. Sözügedən müqavilənin 6.5-ci bəndində qeyd olunur ki, gecikdirilən hər gün üçün ödənilməli olan pul vəsaitinin 1%-i məbləğində dəbbə pulu ödənilməlidir. 06 mart 2024-cü il tarixdən bu günədək cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Yəni 371 gündür ki, müvafiq ödənişlərin köçürülməsi gecikdirilir. Bu səbəbdən ƏDV daxil 27 671 manat məbləğində vəsaitin 1%-i gecikdirilən hər gün üçün, yəni günlük 276,71 manat olmaqla cavabdehdən tutulmalıdır. Belə olan halda dəbbə pulunun ümumi məbləği 102 659,41 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2, 324.1, 700-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin birinci hazırlıq iclasında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, hüquqi yardımla bağlı iddiaçı “X3 Company” şirkətinə müraciət edib, şirkət də ona müraciət etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” xəbərdarlıq çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcarəyə verən qismində) ilə cavabdeh (İcarəçi qismində) arasında bağlanmış 06 mart 2024-cü il tarixli 24FT-P001 nömrəli avadanlığın icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq İcarəyə verən müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi hesab edilən “X2”nda göstərilən xidmətlərin göstərilməsini, İcarəçi isə göstərilmiş xidmətləri qəbul edib həmin protokola uyğun ödənilməsini həyata keçirməyi öhdələrinə götürürlər (2.1). Bu müqaviləyə əsasən göstərilən xidmətlər ilə bağlı ödəniləcək haqq müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi hesəb edilən “Protokol” ilə müəyyən olunur (4.1). Göstərilən xidmət haqqı “İcarəyə verən”nin təqdim etdiyi hesab-faktura əsasında “İcarəçi” tərəfindən 7 (yeddi) bank günü ərzində köçürmə yolu ilə həyata keçirilir (4.2). “İcarəçi” ilə “İcarəyə verən”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb, möhürlənmiş təhvil-təslim aktları tərəflər arasında hesablaşmaların aparılmasına əsas verir (4.3). Xidmətlər göstərildikdən sonra tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalanır. Xidmətlərin qəbul tarixi avadanlıqların icarəyə çatdırıldığı tarix hesab edilir (4.4). Xidmətlər göstərildikdən sonra tərtib olunmuş təhvil-təslim aktı “İcarəçi”yə təqdim olunduğu tarixdən 1 (bir) iş günü ərzində “İcarəçi” tərəfindən imzalanır (4.5). “İcarəçi” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş qaydada avadanlıqların çatdırılması və icarənin sonunda geri daşınması tələb olunarsa və bu xidmətin dəyəri “Protokol”da əksini taparsa, “İcarəyə verən” avadanlıq hazır olduqda daşınma xidmətləri vasitəsilə avadanlığı “İcarəçi”nin ünvanına və icarə sonunda “İcarəçi”nin ünvanından geri daşınmasını təmin edir (5.1). “İcarəyə verən” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş qaydada avadanlıqların çatdırılması və icarənin sonunda geri daşınması xidmətinin dəyəri “Protokol”da əksini tapmadığı təqdirdə “İcarəçi” avadanlığı öz ünvanına və icarə sonunda “İcarəyə verən”nin ünvanına geri daşınmasını təmin edir (5.2).
12. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “İcarəçi” saz vəziyyətdə “Sullair FL- 113” markalı 425H model dizel hava kompressoru “İcarəyə verən”dən təhvil almış, “İcarəçi”nin nümayəndəsi avadanlığın istifadə qaydaları, istismar və təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmış, tərəflərin razılaşdığı minimum icarə müddətinin 60 gün hesab edilməsi, avadanlığının moto iş saatının 3008 saat olması razılaşdırılmışdır.
13. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş icarə aktlarından görünür ki, xx.xx.2024-cü il tarixli aktla 06 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək 26 gün üçün icarə haqqı ƏDV daxil olmaqla 7906 manat, xx.xx.2024cü il tarixli aktla 01 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək 27 gün üçün icarə haqqı ƏDV daxil olmaqla 8210,08 manat, xx.xx.2024-cü il tarixli aktla 01 may 2024cü il tarixdən 31 may 2024-cü il tarixədək 31 gün üçün icarə haqqı ƏDV daxil olmaqla 9426,38 manat, xx.xx.2024-cü il tarixli aktla 01 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək 7 gün üçün icarə haqqı ƏDV daxil olmaqla 2128,54 manat olmaqla ümumilikdə icarə haqqı ƏDV daxil 27671 manat olaraq təsdiq edilmişdir.
14. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli MT2404 00081457 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7906,0028 manat, xx.xx.2024-cü il tarixli MT2405 10131469 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8210,0799 manat, xx.xx.2024-cü il tarixli MT2406 10316366 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 9426,3843 manat, xx.xx.2024-cü il tarixli MT2406 10466865 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2128,5384 manat olmaqla ümumilikdə ƏDV daxil 27671,0054 manat icarə haqqı üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 06 mart 2024-cü il tarixli 24FT-P001 nömrəli avadanlığın icarəyə verilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi hesab edilən “X2”nda göstərilən avadanlığı cavabdehin icarəsinə verməyi göstərilməsini, cavabdeh isə göstərilmiş avadanlığı qəbul edib həmin protokola uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən “Sullair FL-113” markalı 425H model dizel hava kompressoru xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, icarə haqqı dövri olaraq hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, icarə haqqı ilə bağlı cavabdehə elektron qaimələr göndərilmişdir. Hər iki hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 27671 manat kimi təsdiq edilmişdir.
16. İddiaçı 06 mart 2024-cü il tarixli 24FT-P001 nömrəli avadanlığın icarəyə verilməsi haqqında müqavilə üzrə ƏDV daxil olmaqla 27671 manat icarə haqqının tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
23. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
25. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
26. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
27. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh icarə haqqını ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
28. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcyb tutulması hissəsində təmin olunmalı, 06 mart 2024-cü il tarixli 24FT-P001 nömrəli avadanlığın icarəyə verilməsi haqqında müqavilə üzrə 27671 manat icarə haqqı Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı həmçinin 102 659,41 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
35. 06 mart 2024-cü il tarixli 24FT-P001 nömrəli avadanlığın icarəyə verilməsi haqqında müqavilənin 6.5-ci bəndinə əsasən, göstərilmiş xidmətlər ilə əlaqədar müəyyən olunmuş xidmət haqqı “İcarəçi” tərəfindən müqavilədə göstərilən vaxtda ödənilmədikdə, “İcarəçi” “İcarəyə verən”ə hər gecikdirilmiş təqvim günü üçün ödənilməli olan pul vəsaitinin 1%-i məbləğində dəbbə pulu ödəməlidir.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
39. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən sonuncu dəfə icarə aktının təsdiq edildiyi xx.xx.2024-cü tarixdən sonra uzun müddət hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
40. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda 1400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
41. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1400 manat məbləğində cərimə Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
42. İddiaçı ödənilmiş 568 manat dövlət rüsumunun və 1200 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.
43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, **********01 nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 177 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Həmçinin **********02 nömrəli mədaxil qəbzinə əsasən 393 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
44. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2032/2025 nömrəli qərardadı ilə artıq ödənilmiş 149,67 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
48. Hüquqi yardım xərcinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
49. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 58/24 nömrəli iddiaçı ilə “X3 Company” MMC arasında bağlanılmış hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsini sifariş vermiş, həmin müqaviləyə istinad etməklə xx.xx.2024-cü il tarixdə “X3 Company” MMC-yə 500 manat ödəniş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə 54/24 nömrəli müqaviləyə istinad etməklə “X3 Company” MMC 150 manat ödəniş etmişdir.
50. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EM-1689VK-7106/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən (xx.xx.2024-cü il tarixli EO-1689VK- 5104/24 nömrəli orderdə göstərilən müqavilə) görünür ki, hüquqi yardım üçün haqq 320 manat razılaşdırılmışdır.
51. Mülki Prosessual Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
52. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
53. Göstərilməlidir ki, mülki prosessual qanunvericilikdə nümayəndə və vəkillərə ödənilən haqq məhkəmə xərci hesab edilməklə müvafiq hallarda məhkəmə tərəfindən həll edilir. Bu zaman vəkilə ödənilən xərclərlə bağlı da konkret məlumatların təqdim edilməsi zəruridir. Lakin məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli müqavilənin və həmin müqavilə üzrə nümayəndə və vəkil kimi çıxış etməyən üçüncü şəxsə ödənilən xərcin hazırkı işə aidiyyəti öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla, “X3 Company” MMC hazırkı iş üzrə nümayəndə və ya vəkil hesab oluna bilməz. Bununla yanaşı, adıçəkilən müqavilə və ödənişlərin məhz hazırki iddia tələbi üzrə edilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Bu səbəbdən də məhz vəkilə ödənilmiş xərc üzrə qiymətləndirmə aparılmalıdır.
54. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 320 manat hüquqi yardım xərci ağlabatandır və cavabdehdən tutulmalıdır.
55. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul da Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 mart 2024cü il tarixli avadanlığın icarəyə verilməsi haqqında müqavilə üzrə 27671 manat əsas borc, 1400 manat dəbbə pulu olmaqla 29071 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat, hüquqi yardım xərcinin 320 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova