Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2036/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “subicarə müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subicarə müqaviləsi, icarə müqaviləsinə xitam, iradə ifadəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “subicarə müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05102023 saylı daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 20 sentyabr 2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında 05102023 saylı daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq iddiaçı müqavilənin 1.1.1-ci bəndində göstərilmiş əmlakı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində həmin əmlaka uyğun olaraq aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış və notariat qaydasında təsdiqlənmiş müqavilənin 3.11-ci bəndinə əsasən cavabdeh 11 və 12-ci aylara düşən icarə haqqının cəmi məbləğində depozit ödənişini etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən bir aylıq icarə haqqı həmin bənddə göstərilmiş şərtə əsasən ƏDV xaric 17 500 manat təşkil edir, beləcə cavabdeh depozit məbləği qismində əmlak təhvil verilərkən ƏDV daxil 41 300 ödəniş həyata keçirməli idi. Müqavilənin 2.1-ci və 16.2-ci bəndlərinə əsasən müqavilənin 1.1.1-ci bəndində göstərilən əmlak xx.xx.2023-cü il tarixində təhvil verilmiş və cavabdeh tərəfindən depozit məbləği kimi sadəcə ƏDV daxil 17 000 manat ödənilmişdir. Qalan məbləğ ƏDV daxil 24 300 manat təşkil edir. Tərəflər arasında imzalanan müqavilənin 7.1 və 8.2-ci bəndlərinə uyğun olaraq icarəyə verənin subicarəçini yazılı qaydada xəbərdar etməklə müqaviləyə birtərəfli xitam vermək hüququ vardır. Cavabdehə xx.xx.2023-cü il tarixində təqdim olunmuş hesab-fakturaya, xx.xx.2023-cü il tarixli bildirişə, xx.xx.2024-cü il tarixli bildirişə, xx.xx.2024-cü il tarixli sonuncu pretenziyaya, şifahi danışıqlara və xəbərdarlıqlara baxmayaraq, qarşı tərəf öz öhdəliyini yerinə yetirməmiş və hər hansı geri dönüş olmamışdır. Əlavə olaraq, əmlak xx.xx.2023-cü il tarixindən təhvil verilmişdir. Bu səbəbdən də subicarə müqaviləsinə xitam verilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 421.1, 425.1, 430-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh 20 sentyabr 2023-cü il tarixli 05102023 saylı daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilə üzrə depozit məbləğinin bir hissəsini ödədikdən sonra digər öhdəliklərini icra etməmişdir. Belə ki, müqavilə üzrə icarə obyekti cavabdehə təmirsiz verildiyindən icarə haqqı ilə bağlı 4 aylıq güzəşt tətbiq edilmişdir. Həmin dövr ərzində cavabdeh icarə obyektini təmir etdirməli, daha sonra fəaliyyətə başlamalı idi. Lakin cavabdeh nə təmiri həyata keçirmiş, nə də icarə haqqını ödəmişdir. Bu səbəbdən cavabdehə pretenziya məktubu göndərilərək, müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verildiyi bildirilmişdir. Lakin müqavilə notariat qaydasında bağlandığından onun ləğvinin notariat sistemində əksi üçün ya hər iki tərəfin notariusda xitama razılıq verməsi, ya da məhkəmə qərarı tələb olunur. Cavabdehin qanuni təmsilçisi Türkiyə Respublikasında olduğundan məhkəməyə müraciət edilmişdir.
6. Məhkəmənin 30 may 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 müqaviləyə xitam verilməsinə razı olduqlarını göstərdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, 20 sentyabr 2023-cü il tarixli müqaviləyə xitam verilməsinə etiraz etmədiklərini, subicarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmənin baxış iclasında cavabdeh iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subicarə müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiqlənmiş (reyestr nömrəsi 3M-6172) 20 sentyabr 2023-cü il tarixli 05102023 nömrəli daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilə bağlanmış, iddiaçı idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 46D ünvanında yerləşən A19 saylı binanın sahəsi 650.00 kv.m təşkil edən birinci mərtəbəsi və sahəsi 300.00 kv.m təşkil edən zirzəmisini cavabdehə icarəyə verməyi, cavabdeh isə icarəyə verilən əmlakları qəbul edib, icarə, xidmət və digər haqları müqavilə ilə müəyyən olunmuş şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
13. İddiaçı cavabdeh tərəfindən depozit məbləğinin və icarə haqqının tam ödənilməməsi əsası ilə icarə müqaviləsinin xitamını tələb edir.
14. Cavabdeh məhkəməyə ərizə təqdim edərək 20 sentyabr 2023-cü il tarixli 05102023 nömrəli daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilənin xitamı ilə razı olduğunu bildirir.
15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
18. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Hazırkı mübahisə 20 sentyabr 2023-cü il tarixli 05102023 nömrəli subicarə müqaviləsindən əmələ gəlmişdir və həmin müqavilə icarə müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 34-cü fəslinin (“icarə”) normaları tətbiq olunur. Bu halda subicarəyə verən və subicarəçi arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) icarəyə verən və icarəçi arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
19. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (421.3).
20. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
21. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsi kimi vaxtaşırı icra edilməli öhdəlik olan icarə müqaviləsinin də ləğvi və ya ondan imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə ünvanlanan xitam bildirişi ilə subicarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verdiyini bildirmişdir. Həmin məktub isə xx.xx.2023-cü il tarixdə cavabdehin elektron poçtuna göndərilmişdir.
22. Cavabdehin həmin halı mübahisələndirmədiyini nəzərə alan məhkəmə hesab edir ki, 20 sentyabr 2023-cü il tarixli 05102023 nömrəli daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqaviləyə (reyestr nömrəsi 3M-6172) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
23. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, 20 sentyabr 2023-cü il tarixli 05102023 nömrəli daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilə (reyestr nömrəsi 3M-6172) xitam verilmiş hesab edilməlidir.
b) Məhkəmə xərci ilə bağlı
24. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 214,78 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir.
28. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli 05102023 saylı “Daşınmaz əmlakın subicarəyə verilməsi haqqında” müqavilə (reyestr nömrəsi 3M- 6172) xitam verilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova