Məhkəmə qərarları › İş №e-2-2(113)-2038/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2038/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2038/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu, vərəsəlik) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada onun хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 1737,39 manat məbləğində krеdit bоrcu, 415,18 manat məbləğində faiz bоrcu və 140,03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2292 (iki min iki yüz doxsan iki) manat 60 (altmış) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,93 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilmədini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Həsənov Mübariz Yusif oğlu və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Həsənov Mübariz Yusif oğluna 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Həsənov Mübariz Yusif oğlu İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (ikimin beş yüz) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Həsənov Mübariz Yusif oğlu götürdüyü krеdit bоrcundan 762,61 manat ödəmiş, onun 1737,39 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Həsənov Mübariz Yusif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 403 gün üçün hesablanmış faiz borcu 415,18 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 403 gün üçün hеsablanmış cərimə 140.03 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Həsənov Mübariz Yusif oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından mərhum Həsənov Mübariz Yusif oğlunun adına olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 37 (köhnə Ələsgər Ələkbərov 37) fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X1 pasport qeydiyyatında olmaqla yaşadıqları müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Həsənov Mübariz Yusif oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kredit alan şəxsin vəfat etməsi faktı ilə əlaqədar əlavə olaraq bildirmişdir ki, götürülən kredit məbləği yalnız sığorta olunduğu təqdirdə kredit mütəxəssisləri məhkəməyə müraciət etməmişdən öncə tərəflə danışıqlar aparır, müəyyən güzəştlər edilir. Lakin sözügedən kredit üzrə sığorta məsələsi mövcud olmadığından güzəştlərin olunması barədə tərəflərlə danışıqlar aparılmamışdır. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, əsas borclu 2023-cü ilin sentyabr ayının 28də rəhmətə getmiş, oktyabr ayında və ondan sonrakı aylarda heç bir ödənişlər edilməmiş, oktyabr ayına kimi ödənişlər vaxtlı-vaxtında edilmişdir. Müqavilə müddəti bitdikdən sonra da sistemdə faiz məbləğinin hesablanmasını dayandırmır. İddia tələbinin Cavabdeh1 münasibətdə imtina etmədiklərini, bu barədə dəfələrlə rəhbərliklə müzakirə aparıldığını, onlar tərəfin mövqeyinin hər bir halda yalnız iddia tələb həcminin azaldılması barədə ərizədə cavabdehlər sırasından çıxarılması olduğunu bildirmişdir. Hazırda etibarnamə üzrə iddiaçıya belə bir səlahiyyət verilməməsinə baxmayaraq hər bir halda iddia tələb həcminin azaldılması barədə ərizədə Cavabdeh1 münasibətdə hər hansı iddialarının olmadığını qeyd etmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul etdiyini, müqavilə müddəti başa çatdığı xx.xx.2024-cü il tarixə verilmiş maliyyə arayışına uyğun olaraq əsas və faiz borcunu qəbul etdiyini, lakin cərimənin azaldılmasını və müqavilə müddəti başa çatdığı üçün zaminliyə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı Həsənov Mübariz Yusif oğlu kredit məbləğini götürərkən o? işləyirdi və rəsmi olaraq gəlir yeri var idi, lakin hazırda işləmir. Qardaşının ailəsi borcu ödəməkdən imtina etmədiyini, hazırda onların da maddi cəhətdən vəziyyətlərinin yaxşı olmadığını bildirmişdir. Belə ki, qardaşının yoldaşı da işsizdir, hər hansı gəlir yeri yoxdur. Maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Aylıq ödənişlərdə güzəşt olunacağı təqdirdə aylıq 50 manat olmaqla ödəniş edə biləcəklərini qeyd etmişdir. Hazırda işsiz olsa da ödənişlərin edilməsində qardaşının ailəsinə köməklik etməyə hazırdır. Bankın əməkdaşları onunla əlaqə saxladıqda borc məbləğindən bir qismi ödənişlər ediləcəyi təqdirdə ona cərimə məbləğini siləcəklərini və əsas borcun aylıq hissəhissə ödənilməsində güzəştlər olunacağını, bu təkliflə razı olub-olmadıqlarını soruşduqda hazırda evdə olmadığını, qardaşının ailəsi ilə danışıb onlara məlumat verəcəyini bildirmişdir. Lakin onunla danışdıqdan qısa müddət sonra bank tərəfindən məhkəməyə verildiklərini və borc məbləğinin tələb edildiyini bildirmişdir. Sonda iddianınn qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: X2 Yusif oğlu, Zamin Cavabdeh2, Girov qoyan Həsənov Mübariz Yusif oğlu ilə kreditor İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdehə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən kreditin faiz dərəcəsinin yuxarı həddi 28%, faktiki illik faiz dərəcəsi FİFD 30% təşkil edir. 4.9-cu bəndinə əsasən kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2023-cü tarixli 002R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Həsənov Mübariz Yusif oğluna ümumi məbləği 2500 manat olan illik faiz dərəcəsi 26% olmaqla 12 ay müddətinə kredit ayırmışdır. xx.xx.2023-cü il tarixli ödəniş planına əsasən xx.xx.2022-ci il tarixli 002L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2.1667% olmaqla verilmiş kreditə görə Həsənov Mübariz Yusif oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər hər ayın 22-si (və ya 24-ü olmaqla) 240 manat, sonuncu ay 233,35 manat ödəniş etməlidir. xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə qəbzindən və hesabdan çıxarışdan görünür ki, Həsənov Mübariz Yusif oğlunun hesabına 2500 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdeh Həsənov Mübariz Yusif oğlunun 1737,39 manat məbləğində əsas bоrcu, 415,18 manat məbləğində faiz bоrcu və 140,03 manat məbləğində cərimə borcu, cəmi 2292,60 manat borcu vardır. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Həsənov Mübariz Yusif oğlunun həmin tarixə 1737,39 manat məbləğində əsas bоrcu, 207,44 manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixə isə 171,75 manat məbləğində faiz bоrcu vardır. xx.xx.2024-ci il tarixli **********63 nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 42,93 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, borc alan Həsənov Mübariz Yusif oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum Həsənov Mübariz Yusif oğlunun adına olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 37 (köhnə Ələsgər Ələkbərov 37) fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X1 pasport qeydiyyatında olmaqla yaşadıqları müəyyən edilmişdir. Bakı şəhəri 19, 23, 42 və 53 saylı notariat ofislərindən alınmış cavab məktublarından görünür ki, mərhum Həsənov Mübariz Yusif oğlunun adına vərəsəlik işi açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 37 saylı fərdi yaşayış evinin 1/12 hissəsi Həsənov Mübariz Yusif oğlunun adına qaeydiyyatdan keçmiş və hazırda adınadır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. 3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3a xx.xx.2023cü il tarixli 002R********** saylı saylı kredit sazişinə əsasən aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə 2500 manat kredit vermişdir. Cavabdeh2 zamin kimi xx.xx.2022ci il tarixli 002L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ondan miras qalan əmlakı faktiki olaraq arvadı Cavabdeh4 və oğlu Cavabdeh3 qəbul etmişlər. Mülki qanunvericiliyə əsasən borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək, tərəfləri dinləyib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi N.Ə.Ələkbərov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə Cavabdeh1 qarşı yönələn tələbi göstərməsə və məhkəmə iclasında iştirak edən nümayəndə artıq, həmin cavabdehə qarşı tələbləri olmadığını bildirsə də, məhkəmə bunu həmin cavabdehə münasibətdə iddiadan imtina kimi qəbul etməmişdir. Çünki iddiaçı tərəfindən həmin nümayəndələrə iddiadan imtina etmək səlahiyyətinin verilməsi etibarnamədə qeyd edilməmişdir. Buna görə də məhkəmə iddia ərizəsinə ilkin verilmiş tələb üzrə baxmışdır. Lakin, bununla belə, məhkəmə qeyd edir ki, Cavabdeh1 borc alan Mübariz Həsənovun vərəsəsi olmadığından ona aid hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Çünki mülki qanunvericilikdə növbəlilik qaydasında müəyyən olunmuş vərəsələr sırasında ölənin uşağının arvadı vərəsə olaraq nəzərdə tutulmamış, buna görə də Cavabdeh1 borc alan Mübariz Həsənovun vərəsəsi deyildir. Kreditor, yəni iddiaçı Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək X3a kredit versə də, borcalan və zamin, həmçinin borcalanın vərəsələri, yəni cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müqavilələr üzrə öhdəlikləri tam icra etməyərək kredit məbləğini və ona hesablanmış faizləri aylar üzrə vaxtaşırı ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı mülki qanunvericilik və müqavilə əsasında borcu tələb etmək hüququ yaranmışdır. Buna baxmayaraq məhkəmə tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 415,18 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə təqdim etdiyi maliyyə arayışında kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə faiz borcunu 171,75 manat hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, xx.xx.2024-cü il tarixə hesablanmış maliyyə arayışını, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, həmin maliyyə arayışına əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə hesablanmış 171,75 manat məbləğində müəyyən olunmalıdır. İşin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, mülki qanunvericiliyin tələblərini, müqavilə şərtlərini, Cavabdeh2 əsas və faiz borcu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdеhlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 1737,39 manat əsas borc, 171,75 manat faiz bоrcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 140,03 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 85 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin Cavabdeh2, zamin olaraq ona münasibətdə müddətin ötməsi barədə dedikləri ilə bağlı bildirir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 12 ay müddətində bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, yəni Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Beləliklə məhkəmə işin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, mülki qanunvericiliyin tələblərini, müqavilə şərtlərini, Cavabdeh2 müqavilə müddəti bitən tarixə əsas və faiz borcu qəbul etdiyini nəzərə alaraq hesab edir ki, cavabdеhlərdən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 17379 manat əsas borc, 171,75 manat faiz bоrcu və 85 manat cərimə olmaqla, cəmi 1994,14 manat borc iddiaçı "xxxx" QSC-nin хеyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş 39,94 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 1737,39 manat əsas borc, 171,75 manat faiz bоrcu və 85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1994 (min doqquz yüz doxsan dörd) manat 14 (on dörd) qəpik məbləğində bоrc, 39 (otuz doqquz) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar