Məhkəmə qərarları › İş №e-2-2(113)-204/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-204/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-204/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2na, Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-yə, Cavabdeh2na, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 994882.57 (doqquz yüz doxsan dörd min səkkiz yüz səksən iki manat əlli yeddi qəpik) manat, bundan 489887.29 manat faiz, 504995.28 manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 884.88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3ndən və Cavabdeh4 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh1 MMC arasında 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsi ilə 84 (səksən dörd) ay müddətinə 2.500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit verilmişdir. 03 aprel 2017-ci il tarixdə 022T04160012 saylı 29 aprel 2016-cı il tarixli, 157/0-AZN-SKMF saylı 03 noyabr 2015-ci il tarixli və KM-2449/15-2 saylı 30 oktyabr 2015-ci il tarixli Kredit müqavilələri üzrə razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən qeyd edilən müqavilələr üzrə əlavə təminat kimi Cavabdeh4 və Cavabdeh3 zaminliyi əlavə edilmişdir. Eyni tarixdə, yəni xx.xx.2017-ci ildə "xxxx" ASC ilə Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması FondununCavabdeh1MMC-yə qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh1MMC, Cavabdeh3 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/5-01384 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********474 saylı 01 avqust 2022-ci il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulmasıbBank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 994882.57 (doqquz yüz doxsan dörd min səkkiz yüz səksən iki manat 57 qəpik) manat təşkil edir. Bundan 489887.29 (dörd yüz səksən doqquz min səkkiz yüz səksən yeddi manat 29 qəpik) manat faiz, 504995.28 (beş yüz dörd min doqquz yüz doxsan beş manat 28 qəpik) manat cərimə borcu təşkil edir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi iddia tələbinin əsassız olmasını, faiz borclarının həddindən artıq şişirdildiyini qeyd etmiş, eyni zamanda ekspert rəyinin düzgün verilmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi daha əvvəlki xx.xx.2023 tarixli məhkəmə iclasında qeyd etmişdir ki, tərəflər arasında baş kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn ayrılıqda üç məhkəmə icraatı hal-hazırda davam edir. Həmin baş kredit müqaviləsində 15.000.000 (on beş milyon) manat kredit xətti açılmış və kredit xətti üç şirkətə verilmişdir. Bu şirkətlər Cavabdeh1 MMC, "xxxx" MMC və "xxxx" MMC şirkətləridir. Əsas müqavilə İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmışdır. Kredit xətti açılarkən X3 vasitəsilə verilmişdir. Kredit xətti açılarkən 15.000.000 manat kreditin ayrılmasında bir müəssisəyə ayrılması mümkün olmadığından həmin üç şirkət arasında bölünmüşdür. Hazırki iş üzrə ayrılmış 2.500.000 manat kredit tam olaraq dekabr ayında ödənilmişdir. Ayrılmış 15.000.000 manat kreditin 6.000.000 manatı təminat olmadığından bloklanmışdır. Bank ləğv edildikdən sonra, pul vəsaitinə blok qoyulmuş nəticədə həmin vəsaiti çıxara bilməmiş, bununla belə hesablarında olan kreditlərə isə faizlər hesablanmışdır. Bankdan məlumat verilmişdir ki, həmin məbləğlər sığortalı məbləğlər olmadığından verilə bilməz. Bununla bağlı məhkəmə mübahisələri olmuş, sonda Ali Məhkəmənin mövqeyinə uyğun olaraq həmin vəsaitlər sığortalanmış vəsait hesab olunmuşdur. Daha sonra həmin məbləğlərin əvəzləşdirilməsi olmuşdur. Cavabdeh1 MMC-yə münasibətdə 2021-ci ilin dekabr ayında həmin bloklanmış vəsaitdən 2.500.000 manat çıxılmış, yerdə qalan digər vəsaitlər digər hüquqi şəxslərə münasibətdə silinmişdir. Bununla belə həmin silinən məbləğlərdən əlavə ödənişlər olmuşdur ki, həmin ödəmələr üzrə silinmələrin təyinatı müəyyənləşdirilməlidir. İndiyə kimi 376.000 manat faiz borcundan ödəmə olmuşdur. Ümumi ödənilmiş məbləğ 2.876.241,08 manat təşkil edir. Borc məbləği ilə bağlı şirkətlər qrupu çətin vəziyyətə düşmüşdür. Belə ki, kredit məbləği ayrıldığı zaman qeyri rəsmi olaraq 15% tələb edilmiş həmin vəsait ödənilmişdir. Eyni zamanda 6.500.000 manat məbləğə blok qoyulmuşdur ki, bunun nəticəsində ümumilikdə verilmiş kredit məbləği 5.500.000 manat olmuşdur. Pul verildiyi müddətdə ölkədə devalivasiya olmuş, daha sonra kredit işi ilə bağlı sənədlər korrupsiya hallarının araşdırılması ilə bağlı aidiyyəti orqanlara göndərilmişdir. Həmin araşdırma nəticəsində hər-hansı neqativ halın olduğu üzə çıxmamışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" açıq səhmdar cəmiyyətinin “Nərimanov” filialı və Cavabdeh1 MMC arasında imzalanmış 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsi ilə 84 (səksən dörd) ay müddətinə 2.500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit verilmişdir. "xxxx" açıq səhmdar cəmiyyətinin “Nərimanov” filialı və Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş ödəniş qrafikindən məlum olur ki, xx.xx.2023 tarixi kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3 olmaqla imzalanmış 03 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC, Cavabdeh4 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi üzrə zamin olmuşlar. Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 göndərilmiş 01 avqust 2022 tarixli **********474 nömrəli bildiriş məktubunda 994.882,57 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müaciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. **********2 nömrəli 21 iyul 2022 tarixli maliyyə arayışında 19 iyul 2022 tarixinə 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi üzrə 489.887 manat faiz borcu, 504995 manat cərimə borcu hesablanmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 17 aprel 2023 tarixli 9/1253 nömrəli ekspert rəyində 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2022 tarixə olan borcu 453.757,6 manat hesablanmışdır. xx.xx.2021-ci il tarixdə əsas borc üzrə borc məbləği ödənildiyindən qeyd olunan tarixdən sonrakı dövr üçün faiz borcu hesablanmamışdır. xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 4.616 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 20.384 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 25.000 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 8.733,27 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 16.250,13 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat Cavabdeh1 MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. xx.xx.2017 tarixli ödəniş tapşırığına əsasən 50.000 manat LPO "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018 tarixli 2(006)-2970/2018 tarixli qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı X4 1.212.167,07 manat tələbi cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda olan 2.500.0000 məbləğində kredit tələbi ilə əvəzləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018 tarixli 2(006)-2987/2018 tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 2.539.393,08 manat kredit tələbi (əmanəti) cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 5.300.0000 məbləğində kredit tələbi ilə əvəzləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(006)-3099/2019 tarixli qətnaməsinə əsasən iddiaçı X4 oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “depozit vəsaitində olan pul vəsaitinin sığortalanmış hesab edilməsi və ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(006)-3111/2019 tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2016 tarixli 70260319-24 nömrəli və xx.xx.2016-cı il tarixli 70260319-26 nömrəli müqavilə üzrə cəmi 2.539.393,08 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı Cavabdeh4 ödənilməsi qət edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh1 MMC arasında kredit müqaviləsi imalanmış, həmin müqavilə əsasında 2.500.000 manat vəsait borcalana ayrılmışdır. Daha sonra cavabdehin iddiaçıda olan depozit hesabında olan məbləğlər hesabına 2.500.000 manat məbləğində əsas borc silinmişdir. Cavabdeh müqavilə üzrə digər əlavə ödəmələrin olduğunu, ekspert rəyi və iddiaçının iddia tələbində səhvə yol verildiyini, borc məbləğinin həddindən artıq şişirdildiyini qeyd etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borcun tam olaraq ödənilməsi öz təsdiqini tapır. Bundan savayı, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə ödəməli olduğu faiz məbləğini tam olaraq ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 tarixli Qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə hesab edir ki, bank və müştəri arasında olan kredit müqaviləsindən irəli gələn münasibətlər zamanı bankın əsas məqsədi ayrılmış kredit məbləğindən faizlər şəklində gəlir əldə edilməsidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə faiz borcunun qarşı tərəfdən tələb edilməsində haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi faiz borcu hissəsində tam olaraq əsaslı hesab edilə bilməz. Belə ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizaının nəticəsində məlum olmuşdur ki, kredit müqaviləsi üzrə ödənilməmiş cəmi faiz məbləği 453.757,6 manat hesablanmışdır. Belə olan halda məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasına uyğun olaraq hesab edir ki, həmin məbləğ də cavabdeh- Cavabdeh1 MMC-dən tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iddia tələbinə olan etiraza münasibətdə qeyd edir ki, cavabdeh tərəfin nümayəndəsi tərəflər arasında olan kredit müqaviləsindən irəli gələn məsələlər barədə ümumi məlumatlar versə də konkret olaraq mövqeyi bundan ibarət olmuşdur ki, onlara hesablanmış cərimə və faiz məbləğlələri şişirilmişdir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, qeyd edilən halların olmaması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertiza tədqiqatı aparıldığı müddət ərzində sənədlərin təqdim edilməsi ilə bağlı ekspert tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən məqbul hesab edilərək, tərəflər bu barədə məlumatlandırılmışdır. Cavabdeh tərəf qeyd etdiyi nüanslarla bağlı məhkəməyə və ya ekspertiza orqanına bu barədə sübutları təqdim etməmişdir. Belə olan halda məhkəmə ekspertin təqdim edilmiş sübutlar əsasında rəyində rəy verdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin etirazı əsassızdır. Bundan başqa iddiaçı 504.995,28 manat dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış 29 aprel 2016-cı il tarixli 022T04160012 nömrəli kredit müaqviləsinin 4.8 bəndinə əsasən borcalan bu müqavilənin 4.2 bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı 2.5-ci bəndə uyğun olaraq cərimə faizlərini ödəyir. Cərimə gecikdirlən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. 2.5-ci bəndə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulunun hesablanması ilə bağlı razılaşma olduğundan, eyni zamanda borcun ödənilməsinin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı cərimə məbləğinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə tələb edilən cərimə məbləğinin tənasübsüz dərəcədə çox olduğunu nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə məbləği 22.687 manat müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, 29 aprel 2016-cı il tarixli 022T04160012 nömrəli kredit müqaviləsi üzə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC ilə 03 aprel 2017-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinin əsasında Cavabdeh4, Cavabdeh3 zamin durmuşlar. Məhkəmə borc alan Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş kredit üzrə ödəmələri ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən LPO İddiaçı ASC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh4, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərc və 884,88 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 17 aprel 2023 tarixli 9/1253 nömrəli ekspert rəyinin verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 150 manat da cavabdehlərdən tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3ndən 453.757,6 manat faiz borcu, 22.687 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 884,88 manat dövlət rüsumu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3ndən müştərək qaydada 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar