Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2041/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Qasımov Anar Əli oğlunun iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qasımov Anar Əli oğluna, X5, X3 və X6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 002R********** saylı kredit razılaşması üzrə 17763,55 manat məbləğində kredit borcu 3062,76 manat məbləğində faiz borcu və 4097,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24923,54 manat məbləğinin və 200 manat məbləğində mediasiya xərcinin Qasımov Anar Əli oğlundan, X4, X1, X2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qasımov Anar Əli oğluna İddiaçı QSC ilə bağladığı 30 oktyabr 2009-cu il tarixli, 02L000006678 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 14 noyabr 2017-ci il tarixli, 02L000006678S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 216 ay, kredit xəttinin məbləği 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Qasımov Anar Əli oğlu İddiaçı QSC ilə bağladığı 06 mart 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 avqust 2020-ci il tarixli 002R**********S saylı, 09 dekabr 2020-ci il tarixli, 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qasımov Anar Əli oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08 aprel 2021-ci il tarixdən banka qaytarmamışdır. Qasımov Anar Əli oğlu götürdüyü kredit borcundan 12236,45 manat ödəmiş, onun 17763,55 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qasımov Anar Əli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14 dekabr 2021-ci il tarixə 309 gün üçün hesablanmış faiz borcu 3062,76 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiriən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 14 dekabr 2021-ci il tarixə 309 gün üçün hesablanmış cərimə 4097.23 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Qasımov Anar Əli oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X9, X7, X8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Qasımov Anar Əli oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, İddiaçı QSC tərəfindən 05 iyul 2022-ci il tarixli yeni maliyyə arayışı təqdim olunmuş və borcdan ödənildiyinə görə əsas borcun məbləği 17258,65 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qasımov Anar Əli oğlu iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, faiz və cərimə borcunun tutulması ilə razı olmadığını bildirdi. Kredit müqaviləsi bağlandıqdan sonra ölkədə pandemiya elan olunduğundan o, fəaliyyətini tam dayandırmışdır. Buna baxmayaraq, çətinliklə də olsa borc məbləğini qismən ödəmişdir. Apardığı ödənişlər əsassız olaraq faiz və cərimə borclarının silinməsinə yönəldilmişdir. Hesab edir ki, pandemiya ilə bağlı faiz və cərimə borcunun hesablanması əsassızdır. Cavabdehlər Qasımov Anar Əli oğlu, X8, X7 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Qasımov Anar Əli oğlu ilə "xxxx" QSC arasında bağlanmış 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - Qasımov Anar Əli oğlu ilə "xxxx" QSC arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli, 02L000006678S saylı sazişə əsasən kredit xəttinin müddəti 216 ay, kredit xəttinin məbləği 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - Qasımov Anar Əli oğlu ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 06 mart 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında kredit alan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. - 03 iyun 2020-ci il tarixli köçürmə qəbzinə əsasən Qasımov Anar Əli oğluna 30000 manat məbləğində pul vəsaiti verilmişdir. - 002S**********03 saylı, 08 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X8 borclunun 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 02S000013085 saylı, 14 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən X9 borclunun 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 02S000013085SA saylı, 08 dekabr 2017-ci il tarixli sazişlə 02S000013085 saylı, 14 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. - 02S**********01 saylı, 08 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X7 borclunun 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 05 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Qasımov Anar Əli oğlunun 06 mart 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 08 fevral 2022-ci il tarixinə əsas borcu 17258,65 manat, faiz borcu 3150,17 manat, cərimə 4513,07 manat olmaqla, ümumilikdə borcu 24921,89 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Qasımov Anar Əli oğlu kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Cavabdeh Qasımov Anar Əli oğlu tərəfindən borc məbləği mübahisələndirildiyindən aparılmış ödənişlərin müqavilə şərtlərinə uyğun olaraq əsas və faiz borcuna düzgün hesablanmasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2022-ci il tarixli, 9/3708 №-li rəyində qeyd olunmuşdur ki, İddiaçı QSC ilə cavabdeh Qasımov Anar Əli oğlu arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması müqaviləsinin və müqaviləyə əlavə 31 avqust 2020-ci il tarixli 002R**********S nömrəli, 09 dekabr 2020-ci il tarixli 002R**********SA nömrəli sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla Qasımov Anar Əli oğlunun maliyyə arayışı müddətinə yəni 14 dekabr 2021-ci il tarixinə banka olan borcu əsas borc üzrə 17763,55 manat, faiz borcu üzrə 3062,76 manat, cərimə borcu üzrə 923,70 manat, cəmi 21750,01 manat borcu mövcuddur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2022-ci il tarixli maliyyə arayışında əsas borc 17763,55 manat, 05 iyul 2022-ci il tarixli maliyyə arayışında isə 17258,65 manat qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, əsas borcun məbləği sonuncu maliyyə arayışına uyğun, faiz borcunun məbləği ekspert rəyinə uyğun müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə bağlanmış 002S**********03 saylı, 08 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X8, 02S000013085 saylı, 14 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən X9, 02S**********01 saylı, 08 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X7 borclunun 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz öhdələrinə götürür və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən iddiaçının əsas və faiz məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 17763,55 manat məbləğində əsas borca və 3062,76 manat məbləğində faiz borcuna tənasübsüz olaraq 4097,23 manat məbləğində cərimənin hesablanmasını əsaslı hesab etmir. Həmçinin ekspert rəyində cərimənin məbləği 923,7 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı002R********** saylı, 06 mart 2020-ci il tarixli kredit razılaşması üzrə 17258,65 manat məbləğində əsas borc, 3062,76 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 20821,41 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 166 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaitinin 100 manat məbləğində pul vəsaitinin 83 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən, 17 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçiriməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qasımov Anar Əli oğluna, X5, X3 və X6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 002R********** saylı, 06 mart 2020-ci il tarixli kredit razılaşması üzrə 17258,65 manat məbləğində əsas borc, 3062,76 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 20821,41 manat məbləğində pul vəsaiti müştərək qaydada Qasımov Anar Əli oğlundan, X2, X1 və X4 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 166 manat məbləğində pul vəsaiti müştərək qaydada Qasımov Anar Əli oğlundan, X2, X1 və X4 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 83 manat məbləğində hissəsi müştərək qaydada Qasımov Anar Əli oğlundan, X2, X1 və X4, 17 manat məbləğində hissəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2041/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2041/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver