Məhkəmə qərarları › İş №e-2-2(113)-2048/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2048/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2048/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMС-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMС ilə bağlanılmış xx.xx.2021-ci il tarixli 012 saylı icarə müqaviləsindəm yaranmış 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-nin direktoru Qalib Mənsimova ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 011 və 012 saylı icarə müqaviləsi bağlanmışdır. Cavabdeh 011 saylı müqavilədə göstərilən borcu ödəmiş, lakin 012 saylı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdeh tələbkarın xeyrinə müqavilədə göstərilən 10.000 manat borcunu bu günə gədər ödəməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh MMС ilə bağlanılmış xx.xx.2021-ci il tarixli 012 saylı icarə müqaviləsindən yaranmış 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2.000 manat məbləği iddiaçı özü cavabdehə güzəşt edərək tələb etmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Xeyirli R.A. iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əlavə sənədlər təqdim edəcəkdir. Razılaşmaları 3.000 manat məbləğə idi. Onlar dekabr ayınin 23-ü sahədən çıxarılmışlar. Onlar istixanaya dəyişiklik etməli idilər və etmədiklərinə görə iddiaçı sahədən onları çıxartdı. Xeyirli R.A. məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, sahə 2 hektar idi. Hər iki müqavilə üzrə eyni əmlak götürülüb. Pul vəsaiti ödənilib. 9.000 manata yaxın məbləğdə direktora pul ödəmişlər. Onlar ödənişi direktorun hesabına etdilər. Bununla bağlı sənədləri təqdim edəcəkdir. Eyni zamanda növbəti iclasda vəkili iştirak edəcəkdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi (qanuni təmsilçisi və ya vəkili) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMС (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 011 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 istixana sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixədək bağlanmışdır. 4.1-ci bəndinə əsasən illik icarə haqqı 3.000 manatı təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqı müqavilə imzalandığı tarixdən 6 ay ərzində icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. 6.1.1-ci bəndinə əsasən sahəni icarəçiyə bu müqavilədə göstərilmiş tarixdən təhvil vermək icarəyə verənin vəzifəsidir. 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə yazılı niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMС (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 012 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 istixana sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən müqavilə 1 (bir) il müddətinə bağlanmışdır. 4.1-ci bəndinə əsasən illik icarə haqqı 12.000 manatı təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqı müqavilə imzalandığı tarixdən 5 iş günü müddətində icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. 6.1.1-ci bəndinə əsasən sahəni icarəçiyə bu müqavilədə göstərilmiş tarixdən təhvil vermək icarəyə verənin vəzifəsidir. 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə yazılı niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 01/21 nömrəli (təhvil-təslim) aktdan görünür ki, icarədar İddiaçı MMC icarəçi X1 20000 m2 olan istixana sahəsini kənarlarda sıradan çıxmış politilen örtükləri Türkiyə istehsalı 12 aylıq polietilenlə əvəz etməklə 12.000 manat illik olmaqla icarəyə verir. Bununla birlikdə aktda qeyd edilən mal-materialları (istixana kompleksi, qızdırıcı qazan, transformator və s.) mühafizə etmək və cavabdehlik üzrə məsul şəxs Xeyirli Ramin olacaq. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMС tərəfindən xx.xx.2021-ci il tarixli 011 nömrəli icarə müqaviləsi üzrə 3.000 manat ödəniş edilmişdir. Həmçinin çıxarışdan görünür ki, hazırki dövrdən öncəki son əməliyyat tarixi xx.xx.2021-ci ildir. İddiaçı MMC tərəfindən Cavabdeh MMС-yə pretenziya məktubu ünvanlanaraq 5 günü müddətində yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMС (icarəçi) arasında xx.xx.2021-ci il tarixli 011 və 012 saylı icarə müqavilələri bağlanmış, 011 saylı icarə müqaviləsinə əsasən İddiaçı MMC Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20.000 m2 olan istixana sahəsini illik 3000 manata, 012 saylı müqaviləyə əsasən isə Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20.000 m2 olan istixana sahəsini illik 12.000 manata cavabdehə icarə verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 011 nömrəli icarə müqaviləsi üzrə bir illik müddət üçün 3000 manat məbləğində icarə haqqının cavabdeh tərəfindən ödənildiyini, həmin müqavilə üzrə cavabdehin borcunun qalmadığını, xx.xx.2021-ci il tarixli 012 nömrəli icarə müqaviləsi üzrə icarə obyekti bir il ərzində icarəçinin istifadə və sahibliyində olsa da, 12.000 manat məbləğində icarə haqqı borcunun ödənilmədiyini iddia edir və cavabdehdən 012 nömrəli icarə müqaviləsi üzrə 10.000 manat məbləğində icarə haqqı borcunun ödənilməsini tələb edir. Cavabdeh isə hər iki müqavilə üzrə eyni obyektin (istixananın) icarəyə verildiyini, 3.000 manat məbləğində icarə haqqı borcunun iddiaçının hesabına ödənildiyini, 9.000 manat məbləğində icarə haqqının isə iddiaçının direktorunun hesabına ödənildiyini bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə obyekti - Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan istixana olan iki fərqli icarə müqaviləsi bağlansa da, həmin müqavilələrə əsasən icarəçiyə eyni ərazidə yerləşən eyni ölçüdə olan iki fərqli istixananın icarəyə verilməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, birincisi, iddiaçı tərəfindən 20.000 m2 sahəsi olan yalnız 1 ədəd istixananın cavabdehin istifadəsinə verilməsinə dair təhvil-təslim aktı təqdim edilmişdir. İkincisi, cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında hər iki icarə müqaviləsi üzrə icarə obyektinin eyni olmasını bildirmişdir. Üçüncüsü, iddiaçı mübahisəli torpaq sahəsində iki ədəd eyni ölçüdə olan istixananın mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında eyni tarixli iki fərqli icarə müqaviləsi bağlansa da, həmin müqavilələrə əsasən eyni əmlak - Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan 1 ədəd istixana icarəyə verilmişdir. Eyni əmlakın icarəsinə görə eyni vaxt aralığı üçün iki fərqli müqavilələr üzrə iki dəfə icarə haqqının tutulmasının qanunauyğun olmaması açıq-aşkardır. Digər tərəfdən sözügedən istixananın icarəsinə görə ödənilməli olan icarə haqqının məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, icarə müqavilələrində fərqli icarə haqqı məbləğləri (011 saylı müqavilədə illik 3000 manat, 012 saylı müqavilədə illik 12.000 manat) müəyyən edilsə də: Birincisi, hər iki tərəfin imzaladığı icarə obyektinin təhvil-təslim aktında illik icarə haqqının 12.000 manat olması müəyyən edilmişdir. İkincisi, cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında 3000 manat məbləğində ödənişlə yanaşı 9000 manat məbləğində ödənişin qeyri-rəsmi olaraq iddiaçının direktorunun hesabına ödənildiyini bildirmiş, bununla dolayı olaraq istixananın icarəsinə görə cəmi 12.000 manat ödəməli olmasını etiraf etmişdir. Odur ki, Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan 1 ədəd istixananın icarəsinə görə cavabdeh tərəfindən iddiaçıya bir illik müddət üçün ödənilməli olan məbləğ 12.000 manat məbləğində müəyyən edilməlidir. Həmin borcdan 3000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. İcarə haqqı borcunun 9000 manat hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmin borcun da iddiaçının direktoruna ödənilməsini iddia etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan istixana sahəsinin icarəsinə görə 9.000 manat icarə haqqı borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 149,48 manat təşkil edir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 20 manat dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9.000 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar