Məhkəmə qərarları › İş №e-2-2(113)-2051/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2051/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2051/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər, sığorta aktı, ekspert rəyi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – iddiaçılar) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə ödənilməmiş 11296,91 manat pul vəsaitinin, mediasiyaya ödənilmiş 200 manat və iş üzrə ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və vurulmuş maddi ziyana görə ödənilməmiş 19502,04 manat pul vəsaitinin, mediasiyaya ödənilmiş 200 manat və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq İddiaçı1 Xanbala oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şüşə istehsalı ilə məşğul olan iddiaçı öz mallarının daşınması ilə bağlı İddiaçı1 ilə şifahi əqd əsasında razılaşmışdır. 17 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan DAF markalı, 99XU-833 dövlət qeydiyyat nişanlı və cavabdehə məxsus **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillər arasında qəza baş vermişdir. Həmin qəza nəticəsində DAF markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşınan malına 16799,31 manat məbləğində ziyan dəymişdir. Həmin zərərin 5502,04 manat hissəsi Xalq Sığorta tərəfindən ödənilsə də, yerdə qalan 11 296,91 manat hissəsi isə bu günədək ödənilməmişdir. İddiaçı1 bildirir ki, 17 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində, tərəfindən verilən etibarnamə ilə X7 tərəfindən idarə olunan DAF markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili Bakı-Quba yolunun 27-ci km-də hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arasında qəza baş vermişdir. 90JT-768 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü qəflətən solunu gözləmədən manevr edərək DAF markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu orta zolağa çıxmış, onun mülkiyyətində olan nəqliyyat vasitəsinin ön hissəsi ilə toqquşmuşdur. Bunun nəticəsində sığorta tərəfindən avtomobilə 29000 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Həmin məbləğin 9497,96 manat hissəsi sığorta tərəfindən ödənilsə də, 19502,04 manat hissəsi isə bu günədək ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı2 ilə onun arasında həmin MMC-yə məxsus olan malların (şüşə vərəqələr) daşınması ilə bağlı şifahi tapşırıq müqaviləsi bağlanmış, o da həmin malların daşınmasını şifahi olaraq X6 tapşırmışdır. Belə ki, X7 ona məxsus olan maşında İddiaçı2 MMC-yə məxsus şüşələri daşıyan zaman qəza baş vermiş, avtomobil və içərisində olan şüşələr tam yararsız hala düşmüşdür. Bu səbəbdən iddia tələbinin təmin edilməsini Məhkəmədən xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında İddiaçı2 MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı2 MMC ilə "xxxx" QSC arasında alqı-satqı müqaviləsi olmuş, həmin müqavilə əsasında iddiaçı MMC mütəmadi olaraq həmin QSC-dən şüşə vərəqələr almışdır. Hadisə baş verən günü "xxxx" QSC tərəfindən İddiaçı2 MMC-yə təhvil verilmiş 16799,31 manat məbləğində mallar təhvil-təslim aktı əsasında Rafiq Abdullayevə təhvil verilmiş, sonuncu həmin malları hadisə baş verən günü İddiaçı1 məxsus olan yük maşını ilə təyinat yerinə daşıyarkən hadisə baş vermiş, həmin şüşə vərəqələr qırılaraq tam yararsız hala düşmüşdür. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş edir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, yol nəqliyyat hadisəsinin baş verməsi, onların sürücülərinin həmin hadisədə təqsirli olması işin mübahisəsiz halıdır. Həmin yük maşınına zərər dəyməsi məlumdur. Lakin həmin yük maşınında olan şüşə vərəqələrin İddiaçı2 MMC-yə məxsus olması, onun mülkiyyətində olması sübut olunmur. Belə ki, İddiaçı2 MMC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Avtomobilə dəymiş zərər də sığortaçı tərəfindən qarşılanmışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də məlumat verməmişlər.

7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş LBT104670 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunun 27 km-də sığortalanmış “Man TGA 41400 8X4BBWW Yuk” markalı 90JT768 dövlət qeydiyyat nişanlı avtomobil “Daf 105XF”markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobil yük yerində olan şüşə vərəqlərə ziyan dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 29000 manat (16799,31 manat) hesablanmışdır. Sığorta ödənişi 45799,31 manat dəymiş zərər məbləğindən müvafiq sığorta müqaviləsində razılaşdırılmış Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş ödənişlər həddində) 5000 manat azadolma 40799,31 manata bərabərdir. 40799,31 manat təşkil edən dəymiş zərərdən 6331,97 manat İddiaçı1, qalan 3668,03 manat İddiaçı2 MMC şirkətinə ödənilir.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş LBT104673 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunun 27 km-də sığortalanmış “Man TGA 41400 8X4BBWW Yuk” markalı 90JT768 dövlət qeydiyyat nişanlı avtomobil “Daf 105XF”markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobil yük yerində olan şüşə vərəqlərə ziyan dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 16799,31 manat (29000 manat) hesablanmışdır. Sığorta ödənişi 45799,31 manat dəymiş zərər məbləğindən müvafiq sığorta müqaviləsində razılaşdırılmış Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş ödənişlər həddində) 5000 manat azadolma 40799,31 manata bərabərdir. 40799,31 manat təşkil edən dəymiş zərərdən 3668,03 manat İddiaçı2 MMC, qalan 6331,97 manat İddiaçı1 ödənilir.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş LBT104670 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunun 27 km-də sığortalanmış “Man TGA 41400 8X4BBWW Yuk” markalı 90JT768 dövlət qeydiyyat nişanlı avtomobil “Daf 105XF”markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobil yük yerində olan şüşə vərəqləri zərər çəkmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 16799,31 manat hesablanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarıi sığortası haqqıda şəhadətnamə”də üçüncü şəxsin əmlakın vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azala, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA101496 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunun 27 km-də sığortalanmış “Man TGA 41400 8X4BBWW Yuk” markalı 90JT768 dövlət qeydiyyat nişanlı avtomobil “Daf 105XF”markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 29000 manat hesablanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarıi sığortası haqqıda şəhadətnamə”də üçüncü şəxsin əmlakın vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azala, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir.

13. İddiaçı2 MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş 24 yanvar 2022-ci il tarixli 05/22 saylı Xalq Sığorta ASC məktubdan görünür ki, İddiaçı2 MMC-yə aid 16799,31 manat dəyərində 914,85 m2 şüşə vərəqləri 17 delabr 2021-ci il tarixdə Abdullayev Rafiqin idarə etdiyi 99XU833 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınarkən qəza nəticəsində tamamilə yararsız hala düşmüşdür. Cəmiyyətə dəymiş 16799,31 manat ziyanın onlara ödənilməsi xahiş edilmişdir.

14. EBBO 350805 nömrəli xx.xx.2021-ci il tarixdə 2562,61 manat məbləğində "xxxx" QSC tərəfindən İddiaçı2 MMC-yə qaimə göndərilmişdir.

15. 23.02.2022-ci il tarixli 1605 nömrəli ödəniş tapşırığından görünür ki, Xalq Sığorta ASC tərəfindən İddiaçı2 MMC-nin hesabına 3668,03 manat ödəniş edilmişdir.

16. 23.02.2022-ci il tarixli 1604 nömrəli ödəniş tapşırığından görünür ki, Xalq Sığorta ASC tərəfindən İddiaçı2 MMC-nin hesabına 1834,01 manat ödəniş edilmişdir.

17. 01.10.2021-ci il tarixli Avtomobil Sığorta Şəhadətnaməsindən görünür ki, Cavabdeh MMC-yə məxsus 90JT768 nömrəli Man TGS 41400 markalı 90JT768 dövlət nömrə nişanlı avtomobil 66400 manat məbləğində kasko sığortalanmışdır.

18. 11.10.2021-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh MMC-yə məxsus 90JT768 dövlət nömrə nişanlı Man TGA 41400 8X4BBWW Yük avtomobili əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə isə 50.000 manat məbləğində sığorta edilmişdir.

19. xx.xx.2022-ci il tarixli **********537300 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı2 MMC-nin Ədv sub-uçot hesabından "xxxx" QSC-nin hesabına 5100 manat məbləğində köçürmə edilmişdir.

20. xx.xx.2022-ci il tarixli 001İNT********** nömrəli ödəniş tapşırığından görünür ki, Altis Qrup of Kompani” MMC-nin hesabından "xxxx" QSC-nin hesabına 60.000 manat pul köçürülmüşdür.

21. xx.xx.2022-ci il tarixli 001budg220190426 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı2 MMC-nin hesabından "xxxx" QSC-nin hesabına 5700 manat pul köçürülmüşdür.

22. 18.12.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X9 tərəfindən xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, X6 maddi zərər dəymişdir.

23. İddiaçı1 tərəfindən X6 xx.xx.2018-ci il tarixdən xx.xx.2027-ci il tarixədək mülkiyyətində olan “Daf 105XF” markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir.

24. Cavabdeh tərəfindən X8 mülkiyyətində olan “Man TGS 41400” markalı, 90JT768 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı yol vərəqəsi verilmişdir.

25. X9 izahatında yol nəqliyyat hadisəsi nəticəsində “Daf 105XF” markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusunda olan yükə tam maddi zərər dəydiyini göstərmişdir.

26. Avtomobilin sığorta şəhadətnaməsinə əsasən cavabdehə məxsus olan “Man TGS 41400” markalı, 90JT768 nömrəli dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta edilmişdir.

27. İddiaçı2 MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" QSC) alıcıya (İddiaçı2 MMC) vərəqə şüşələri mülkiyyətinə verməyi öhdəsinə götürür.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 9/4454 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" Firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “DAF CF-95” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20900 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunun 27 km-də “Man TGS 41400” markalı, 90JT768 nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə “Daf 105XF” markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Daf 105XF” markalı 99CU833 dövlət qeydiyyat nişanlı avtomobildə olan şəffaf şüşə vərəqələrə zərər dəymişdirsə, zərər dəymişdirsə, dəymiş zərər hadisə baş verən tarixə nə qədər olması məhkəmə əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparılmamışdır.

29. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, DAF markalı, 99XU-833 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir, iddiaçı həmin nəqliyyat vasitəsini X1 və istifadəsinə vermiş, xx.xx.2021-ci il tarixində yol nəqliyyat hadisəsi törədilmiş, cavabdehin mülkiyyətində olan yük maşınını yol vərəqəsi əsasında idarə edən sürücü X9 bu səbəbdən inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin hadisə nəticəsində iddiaçının qeyd edilən əmlakına (DAF markalı, 99XU-833 dövlət qeydiyyat nişanlı avtomobil) zərər dəymişdir.

30. Cavabdeh dəymiş zərərin sığorta təşkilatı tərəfindən tam olaraq qarşılandığını bildirmiş, bu səbəbdən iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.

31. İddiaçı1 məxsus olan DAF markalı, 99XU-833 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 05 sentyabr 2023-cü il tarixli 9/4454 nömrəli ekspert rəyinə əsasən 20900 manat müəyyən edilmiş (həmin rəy məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən mübahisələndirilməmişdir), materiallardan görünür ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin bir qismi (9497,96 manat) "xxxx" ASC tərəfindən ödənilmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbi qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehdən 11402,04 manat (20900 manat – 9497,96 manat) məbləğində pul tutularaq İddiaçı1 ödənilməli, İddiaçı1 iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə İddiaçı2 MMC-nin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Cavabdeh iddianı həmin hissədə qəbul etməyərək hadisə nəticəsində zərər dəymiş mallarla bağlı İddiaçı2 MMC-nin subyektiv hüququ olmadığını, malların onun mülkiyyətində olmasını təsdiq edən sübutların təqdim edilmədiyini bildirir.

35. Belə ki, materiallardan görünür ki, "xxxx" QSC ilə İddiaçı2 MMC arasında xx.xx.2021-ci il tarixli, AFF/02-21 saylı alqı-satqı müqaviləsi (cild 1, i.v.110) imzalanmış, həmin müqavilə əsasında sonuncuya xx.xx.2021-ci il tarixdə 16799,31 manat məbləğində ağ şəffaf şüşə vərəqələr təhvil verilmiş (cild 1, i.v.61-62), İddiaçı2 MMC tərəfindən həmin malların dəyəri (ƏDV daxil olmaqla) xx.xx.2022-ci il tarixdə tam olaraq ödənilmişdir (cild 1, i.v.26 və i.v.29). Malların təhvil alındığı xx.xx.2021-ci il tarixdə malları təhvil-təslim aktına imza edərək təhvil alan Rafiq Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində həmin mallar yararsız vəziyyətə düşmüşdür.

36. Yol nəqliyyat hadisəsi zamanı Rafiq Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsində şüşə vərəqələrin olması iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər, inzibati xəta haqqında protokol, habelə "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər aktı ilə öz təsdiqini tapmışdır.

37. Belə ki, İddiaçı2 MMC-yə məxsus olan mallara (şüşə vərəqələr) dəymiş zərərin bir hissəsi (5502,04 manat) "xxxx" ASC tərəfindən ödənilmişdir.

38. Məhkəmə hesab edir ki, qalan ödənilməmiş zərərin (16799,31 manat – 5502,04 manat) cavabdeh tərəfindən ödənilməli olması barədə İddiaçı2 MMC-nin iddia tələbi əsaslıdır və təmin edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

40. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

42. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

43. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

44. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

46. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

48. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

49. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 11296,91 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə, 11402,04 manat məbləğində pul tutularaq İddiaçı1 Xanbala oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 674 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

53. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 11296,91 manat məbləğində pul, ödənilmiş 200 manat məbləğində mediasiya xərci, 124 manat məbləğində dövlət rüsumu, ümumilikdə 11620,91 (on bir min altı yüz iyirmi manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 MMC-yə ödənilsin. Cavabdehndən 11402,04 manat məbləğində pul, ödənilmiş 200 manat məbləğində mediasiya xərci, 150 manat məbləğində dövlət rüsumu, ümumilikdə 11752,04 (on bir min yeddi yüz əlli iki manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar