Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2056/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Ağasif oğlunun, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx xxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 4.545.430,20 (dörd milyon beş yez qırx beş min dörd yüz otuz manat, iyirmi qəpik) pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Həmin müqaviləyə görə, borc verən təsisçisi olduğu hüquqi şəxsə müxtəlif vaxtlarda hissə-hissə 5.000000 (beş milyon) pul borc verməyi, borc alan isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürür. Borcun verilməsində məqsəd borc alan təşkilatın hesabının möhkəmləndirilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması, dövriyyənin artırılması və sair olmuşdur. Borc verən öhdəliyini icra edərək 2017-ci ilin may ayından 2019-cu ilin dekabr ayınadək müxtəlif vaxtlarda hissə-hissə olmaqla müxtəlif məbləğlərdə borc vermiş, lakin cavabdeh təşkilat borcun qaytarılması ilə bağlı öhdəliyini icra etməmişdir. Borc bir qayda olaraq cavabdeh təşkilatın əməkdaşlıq etdiyi bank hesabına köçürülmüş və həmin hesabdan təyinatı üzrə xərclənmişdir. Borcun verilməsi və müvafiq təyinatlar üzrə xərclənməsi mübahisələndirilmir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; müqavilənin 4.2.-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq; müqavilənin 2.4cü bəndinə əsasən “Borc alan” öhdəlik götürür ki, “Borc verən” borcun qaytarılması ilə bağlı rəsmi müraciət etdiyi tarixdən 1 (bir) ay müddətində borcu tam məbləğdə “Borc verən”ə geri qaytaracaqdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh müqavilənin 2.2.1-ci bəndində göstərilən müddətdən 7 ay keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borcun qaytarılması ilə bağlı rəsmi müraciət olunsa da, borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş: İddiaçı (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında xx xxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən" təsisçisi olduğu "Borc alan"a müxtəlif vaxtlarda hissəhissə 5.000.000 (beş milyon) manatadək məbləğində pul vəsaitini verməyi, "Borc alan" isə borcu müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2.1 -ci maddəsində qeyd olunan müddətədək “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə borc məbləğinin verilməsi “borc verən” tərəfindən "borc alanın" bank hesabına hesabın möhkəmləndirilməsi yolu ilə və yaxud "borc verən” tərəfindən nağd qaydada “borc alanın" ödəniş terminalları ilə ödəmələr həyata keçirilməsini təmin etmək üçün, eyni zamanda bəzi təşkilatlarla nağd qaydada aparılan hesablaşmaların yerinə yetirilməsi üçün verilir və borc məbləğinin verildiyi an həmin məbləğin “borc alanın” bank hesabına və yaxud ödəniş terminallarına, həmçinin nağd qaydada təşkilatlara və ya fiziki şəxslərə ödənildiyi an hesab olunur. 2.1.1-ci maddəsinə əsasən bu müqavilənin 1.2.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən etibarən zərurət yarandıqca razılaşdırılmış məbləği keçməmək şərti ilə "Borc alan"a ödəmək “Borc verən”in öhdəliklərinə daxildir. 2.2.1-ci maddəsinə görə "Borc” məbləğini artıq pul şəklində dövriyyə vəsaiti yarandıqca "Borc verənə” hissə-hissə və tam olaraq xx xxxxxx 2019-cu il tarixədək geri qaytarmaq “Borc alan”ın öhdəliklərinə daxildir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi İddiaçıdur. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış mülki məsuliyyət barədə xəbərdarlıq məktubundan görünür ki, 1 ay ərzində müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh MMC-nin xx xxxxxx 2017-ci il tarixinə Beynəlxalq maliyyə hesabatı standartlarına uyğun maliyyə hesabatları və müstəqil auditorun hesabatından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixə təsisçi İddiaçı olan borcu 2.587.344 manat təşkil edir. Müqavilə üzrə borcun qaytarılma tarixi xx xxxxxx 2020-ci ildir. Cavabdeh MMC-nin xx xxxxxx 2018-ci il tarixinə maliyyə hesabatları və müstəqil auditorun hesabatından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixə təsisçi İddiaçı olan borcu 2.256.241,22 manat təşkil edir. Mədaxil üzrə kassa orderlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-tə hesabın möhkəmləndirilməsi və gömrük rüsumlarının ödənilməsi məqsədilə ödənişlər edilmişdir. Cavabdeh MMC-nin "xxxxxxxxxxxxxxxxxxxxxx"ndən görünür ki, MMC-nin həmin hesab üzrə 2019-cu ilin sonuna borcu 2.756.513,98 manat təşkil edir. Cavabdeh MMC-nin "xxxxxxxxxxxxxxxxxxxxxx"ndən görünür ki, MMC-nin həmin hesab üzrə 2019-cu ilin sonuna borcu 2.256.241,22 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385, 739-cu maddələri təşkil edir. Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından isə görünür ki, İddiaçı iddiasını təsisçisi olduğu Cavabdeh MMCyə 4.500.000 manat məbləğində borc verməsi, lakin cavabdehin həmin borcu qaytarmaması ilə əsaslandırsa da, mübahisəli borc müqaviləsi əsasında cavabdehə göstərilən məbləğdə pul vəsaitinin verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçının mübahisəli müqaviləyə əsasən borc məbləğinin borc verən tərəfindən borc alana verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi kassa məxaric orderlərindən də görünür ki, həmin sənədlərdə ödənişlərin təyinatı kimi borc müqaviləsi əsasında borcun verilməsi deyil, hesabın möhkəmləndirilməsi və gömrük rüsumlarının ödənilməsi qeyd edilmişdir. Mühasibat uçotu hesablarının analizlərdən də görünür ki, iddiaçının borc müqaviləsinə əsasən ödənilməsini iddia etdiyi məbləğlər mühasibat uçotuna alınarkən “kredit və borclar üzrə hesablaşmalar” hesabında (66 indeksi) əks edilməmiş, 75 (“təsisçidən ödəmələr”) və 71 ( tabe şəxslərlə (işçilərlə) hesablaşmalar) hesablarında əks edilməklə mühasibat uçotuna alınmışdır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, borc məbləğinin verilməsini sübuta yetirmək üçün iddiaçının istinad etdiyi ödənişlər mübahisəli borc müqaviləsi əsasında həyata keçirilməmişdir. İddiaçının təqdim etdiyi auditor hesabatlarına gəldikdə məhkəmə qeyd edir ki, auditor rəylərində Cavabdeh MMC-nin təsisçiyə borcunun olması göstərilsə də, həmin borcun mövcud olmasını təsdiq edən ilkin mühasibat uçotu sənədləri məhkəməyə təqdim edilmədiyi halda həmin auditor rəyləri borcun mövcud olmasının müəyyən edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2056/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2056/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver