Məhkəmə qərarları › İş №e-2-2(113)-2058/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2058/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2058/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat sığorta ödənişi, xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla hesablanmış 2838.50 manat dəbbə pulu, cəmi 6338.50 manat və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AL-304 saylı “Daxili lizinq" müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519857 ban, 211132822DFCX0020 mühərrik nömrəli, qara rəngli avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxx 2017 ci il tarixdə X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı avtomobilə ziyan dəymişdir. “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx”ASC tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada sığorta olunduğu üçün “Daewoo Gentra” markalı **-AU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 3500 manat pul ayrılmışdır. Qeyd edilən məbləğ “xxxx” ASC tərəfindən maddi ziyan dəymiş avtomobilin mülkiyyətçisi İddiaçı MMC-nə ödənilməli olduğu halda, Sığorta Şirkəti “İcbari Sığorta Haqqında Qanun”un tələbinəzidd olaraq 3500 manat məbləğində sığorta ödənişini xx xxxxxxxx 2017-ci il tarixdə X4 ödənilmişdir. Halbuki, İddiaçı MMC həmin sığorta ödənişinin alınması ilə bağlı X4 heç bir etibarnamə və səlahiyyət verməmişdir. Avtomobil İddiaçı MMC-nin mülkiyyətində olduğundan sığorta ödənişi şirkətin etibarnamə üzrə nümayəndəsinə verilməli və ya şirkətin bank hesabına köçürülməli idi. Bununla bağlı olaraq “xxxx” ASC-nə dəfələrlə rəsmi müraciət olunmuşdur. Lakin, Sığorta Şirkəti sığorta ödənişini “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 verildiyini və bunun nəzərə alınmasını bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən əsaslandırılmış hallar əsassızdır beləki hadisə baş verən zaman qanunvericiliyin tələbinə əsasən sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-304 nömrəli daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519857 ban, 211132822DFCX0020 mühərrik nömrəli, qara rəngli avtomobil xx.xx.2017-ci il tarixli E-9565 nömrəli etibarnamə əsasında X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2362/CML-1676/2017-1 nömrəli aktdan görünür ki, xx xxx 2017 ci il tarixdə X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 3500 manat sığorta ödənişinin zərərçəkmiş və ya zərərçəkənin təyin etdiyi nümayəndənin bank hesabına köçürülməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 0645/s/n nömrəli İddiaçı MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx xxx 2017 ci il tarixdə X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 3500 manat sığorta ödənişi X4 ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 005-28886-1218 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən “xxxx” ASCyə ünvanlanmış məktubdan görünür ki, itintiqa zamanı X6 xx.xx.2017-ci il tarixli AL-304 nömrəli lizinq müqaviləsinə əsasən etibarnamə əsasında idarə etdiyi İddiaçı MMC-yə mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdikdən sonra, tərtib olunmuş saxta sənədləri “xxxx” ASC-yə təqdim edib sığorta .irkəti tərəfindən açılmış kart hesabına xx.xx.2018-ci il tarixdə 3500 manat nağd pulun köçürülməsinə nail olması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 7338 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X4 xx.xx.2017-ci il tarixli 2362/CML-1676/2017-1 nömrəli akta əsasən 3500 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 477 nömrəli İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qısa vaxt ərzində İddiaçı MMC-yə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmiş hallara əsasən İddiaçı MMC ilə X6 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AL-304 saylı “Daxili lizinq" müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519857 ban, 211132822DFCX0020 mühərrik nömrəli, qara rəngli avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxx 2017- ci il tarixdə X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və İddiaçı MMC-nə məxsus olan “Daewoo Gentra” markalı avtomobilə ziyan dəymişdir. “Mercedes-Benz E-220” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx”ASC tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada sığorta olunduğu üçün “Daewoo Gentra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 3500 manat pul ayrılmışdır. Qeyd edilən məbləğ “xxxx” ASC tərəfindən maddi ziyan dəymiş avtomobilin mülkiyyətçisi İddiaçı MMC-nə ödənilməli olduğu halda, hadisə baş verən zaman İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarə edən sürücüyə ödənilmişdir. Bununla razılaşmayan avtomobilin mülkiyyətçisi məhkəməyə müaciət edərək müəyyən edilmiş sığorta ödənişinin “xxxx” ASC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.10-cu maddəsinə əsasən faydalanan şəxs hüquqi şəxs olduqda onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə əsasında sığorta ödənişi verilə bilər. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”. Həmin Məcəllnin 934. Maddəsinə əsasən “Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir”. Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırkı tələb üzrə tətbiqi zamanı sığortaçı tərəfindən ödənilməli sığorta ödənişinin əmlak sahibinə ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda iş materiallarından göründüyü kimi İddiaçı MMC tərəfindən daxili lizinq müqaviləsi əsasında X4 verilmiş “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sonuncuya müvvəqəti sahiblik və istifadə hüququ verilmişdir. Eyni zamanda həm iddiaçı həm cavabdeh hazırki mübahisə premeti olan sığorta ödənişinin X4 ödənilməsi inkar etmir və bu hal işin mübahisəsiz halıdır. Bundan başqa sığorta hadisəsi nəticəsində dəymiş zərərin 3500 manat olmasıda işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə dəymiş ziyana görə 3500 manat sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı sığorta ödənişinin gecikdirilməsinə görə 2838.50 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişi iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 350 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, “xxxx” ASC-dən əsas sığorta ödənişi 3500 manat və gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faiziə əsasən hesablanmış 350 manat faiz borcu, 30 manat dövlət rüsumunun məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC-dən sığorta ödənişi üzrə 3500 manat və 350 manat dəbbə pulu , habelə 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar