Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2059/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 6773,07 manat işıq pulu borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkardır (VÖEN **********) və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən obyekt ona məxsusdur. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü ildə iddiaçıya məxsus obyektə 6773,07 manat məbləğində borc yazılmışdır. Halbuki xx.xx.2023-cü ildə obyektdə olan sayğac yanmış və 2 aya yaxın müddətdə sayğac quraşdırılmamışdır. Daha sonra isə xx.xx.2024-cü ildə isə sayğac quraşdırıldı. Bu müddət ərzində 15 gün müddətində isə işıq olmamışdır. Bu səbəblərlə də "xxxx" ASC tərəfindən iddiaçıya məxsus obyektə 6773,07 manat məbləğində borc yazılması istehlakçı hüququnun pozulması deməkdir. Həmçinin qeyd edilir ki, xx.xx.2023cü ildə və xx.xx.2023-cü ildə "xxxx" ASC tərəfindən obyektdə sayğac olmadığı halda akt tərtib edilmişdir. Halbuki obyektin sayğacı olmadığı halda akt tərtib edilməsi də iddiaçının istehlakçı hüququnun pozulmasına gətirib çıxarır. Bildirilir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən obyektə 6773,07 manat işıq pulu borcunun yazılması qanunsuzdur. Fərdi sahibkar olaraq iddiaçıya məxsus obyektə dair əsassız və qanunsuz olaraq yazılan borc məbləği nəticəsində istehlakçı hüququnun "xxxx" ASC tərəfindən bərpa edilməsini və yazılmış 6773,07 manat işıq pulu borcunun aradan qaldırılması tələb edilir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Bildirilir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06/2-3523 saylı abunə kodu üzrə sayğaca baxış baxış keçirən zaman məlum olmuşdur ki, sayğac tamamilə yanmış və işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Baxış zamanı xx.xx.2022-ci il tarixli NDQ 011727 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən: 4060 kVt: 32 gün x 11 gün=1396 kVt.s; Tarif (0,11 manat): 1396 kVt.s x 0,11 manat = 153,56 manat məbləğ hesablanmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06/2-3523 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğac yanaraq yarasız hala düşmüşdür. Yüklər ampermaşa vasitəsilə ölçülmüşdür: J1=15A; J2=13A; J3= 18A. Baxış zamanı xx.xx.2023-cü il tarixli R 053788 nömrəli akt tərtib edilmişdir. Tarif (0,11 manat): 5398 kVt.s x 0,11 manat = 593,78 manat məbləğ hesablanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06/2-3523 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, 7 saylı transformator məntəqəsinin 0,4 kv-luq paylayıcı qurğusunda quraşdırılmış elektrik sayğacı tamamilə yanıb, obyektin elektrik işlədicilərini qidalandıran kabel xətti şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı kabel xəttindən axan yüklər ampermaşa vasitəsilə ölçülüb. İA= 106A, İb=119,2A, İc=154,5A; Pfak=83,2 kvt, Psay=0. Qoyulmuş güc sayğacın nominal cərəyanına görə Pqay=79,2 kvt təşkil edir. Baxış zamanı xx.xx.2024-cü il tarixli NDQ 018571 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: 82,2 kVt x 10 saat x 62 gün=51584 kVt.s; Tarif (0,11 manat): 51584 kVt.s x 0,11 manat = 5674 manat məbləğ hesablanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06/2-3523 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində TM 7-nin 0,4 kv-luq tərəfində elektrik sayğacı quraşdırılıb. 13 yanvar 2024-cü il tarixdə abonentə məxsus A301026093 nömrəli sayğac tamamilə yandığı üçün 018571 nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən 30 noyabr 2023-cü il tarixindən 31 yanvar 2024-cü il tarixə itirilmiş elektrik enerjisinə görə hesabat aparılmışdır. 31 yanvar 2024-cü il tarixindən sayğac quraşdırılan tarixə (xx.xx.2024-cü il) kimi itirilmiş elektrik enerjisinə görə hesabat aparılmayıb. Ölçmə zamanı xətdən axan yüklər İa=122A, İB=102,4A, İC=113A; Pfak=, Psay=73,9 kvt. Qoyulmuş gün cərəyan transformatorlarının birinci tərəf nominal cərəyanına görə Pqay=99 kvt təşkil edir. Baxış zamanı xx.xx.2024-cü il tarixli NDQ 019184 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən: 73,9 kVt x 10 saat x 9 gün=6651 kVt.s; Tarif (0,11 manat): 6651 kVt.s x 0,11 manat = 731,60 manat. Tərtib edilmiş aktlar və icra vərəqələrindən göründüyü kimi, aktlar qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğlər cərimə deyil, iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, cavabdeh tərəfindən quraşdırılan sayğac bir il ərzində bir neçə dəfə yanmışdır. Bu, cavabdehin məsuliyyətsizliyi ucbatından olmuşdur. Sayğac onun balans mənsubiyətinə aid olmayan stansiyada yerləşir. Həmin sayğaca onun müdaxiləsi qeyri-mümkündür. Sonuncu dəfə sayğacın yanması xx.xx.2023cü ildə baş vermiş, o, dərhal Nərimanov elektrik şəbəkəsinə, daha sonra asan kommunala yaxınlaşmışdır. Nəticəsi olmadığından səhəri gün 199-a zəng etmiş və cavabdehin əməkdaşlarını dəvət etmişdir. Lakin onun xəbəri, məlumatı, iştirakı olmadan, baxış, monitorinq keçirməklə bağlı qanunvericiliyin tələblərini pozaraq cavabdeh tərəfindən barəsində aktlar tərtib edilmiş, ona elekrik enerjisindən istifadə etmədiyi halda borc hesablanmışdır. 731,60 manat məbləğin hazırkı iddia tələbindən çıxılmasına etirazı yoxdur, həmin məbləği ödəməyə hazırdır, çünki həmin dövrdə elektrik enerjisi istifadə olunmuşdur.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. 16 fevral 2022-ci il tarixli NDQ 011727 nömrəli aktdan məlum olur ki, "xxxx" ASCnin əməkdaşları Z.Babayev, A.əli-zadənin iştirakı ilə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun abonentə məxsus elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac tamamilə yanmışdır. İşlədicilər şəbəkəyə birbaşa qoşulub. Axan yüklər "xxxx" ASC-nin əməkdaşları tərəfindən ampermaşa vasitəsilə ölçüldü: İ1= 77, İ2=35A, İ3=15A; Psay=0 kvt, Pfak=27,9 kvt.
8. xx.xx.2022-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı (abonent kodu **********50110) adlı istifadəçi ilə bağlı NDQ № 011727 nömrəli akt əsasında 153,56 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır. Qeyd olaraq yazılmışdır ki, elektrik sayğacı yenisi ilə əvəz olundu.
9. 13 yanvar 2024-cü il tarixli NDQ 018571 nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları A..E.Məmmədov, Ə.Q.Eyniyevin iştirakı ilə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, 7 nömrəli transformator məntəqəsinin 0,4 kv-luq paylayıcı elektrik işlədicilərini qidalandıran kabel xətti şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı kabel xəttindən axan yüklər apermaşa vasitəsilə ölçüldü. İA= 106A, İb=119,2A, İc=154,5A; Pfak=83,2 kvt, Psay=0. Qoyulmuş güc sayğacın nominal cərəyanına görə Pqay=79,2 kvt təşkil edir. Aktda "xxxx" ASC-nin nümayəndələri “A..E.Məmmədov” və “Ə.Q.Eyniyev“ adları qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “İddiaçı” qeyd edilmiş, lakin imzalanmamışdır.
10. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı (abonent kodu **********50110) adlı istifadəçi ilə bağlı NDQ № 018571 nömrəli akt əsasında 5674 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.
11. 14 fevral 2024-cü il tarixli NDQ 019184 nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları A..E.Məmmədov, Ə.Q.Eyniyevin iştirakı ilə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində 7 nömrəli transformator məntəqəsinin 0,4 kv-luq tərəfində elektrik sayğacı quraşdırılıb. xx.xx.2024-cü il tarixində 018571 nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən 30 noyabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixinə itirilmiş elektrik enerjisinə görə hesabat aparılmışdır. 31 yanvar 2024-cü il tarixindən sayğac quraşdırılan tarixə (xx.xx.2024-cü il) kimi itirilmiş elektrik enerjisinə görə hesabat aparılmayıb, ölçmə zamanı xətdən axan yüklər: İa=122A, İB=102,4A, İC=113A; Pfak=, Psay=73,9 kvt. Qoyulmuş gün cərəyan transformatorlarının birinci tərəf nominal cərəyanına görə Pqay=99 kvt təşkil edir.
12. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı (abonent kodu **********50110) adlı istifadəçi ilə bağlı NDQ № 019184 nömrəli akt əsasında 731,60 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.
13. İddiaçı (abonent kodu **********50110) adına abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixində NDQ 01172 nömrəli akt üzrə “EİQ pozulması (0.11)” əsası ilə 153,56 manat; xx.xx.2024-cü il tarixində NDQ 01857 nömrəli akt üzrə “EİQ pozulması (0.11)” əsası ilə 5674,24 manat; xx.xx.2024-cü il tarixində NDQ 01918 nömrəli akt üzrə “EİQ pozulması (0.11)” əsası ilə 731,60 manat borc hesablanmışdır. Abonent saldosunda 8670,86 manat borcun olduğu göstərilmişdir.
14. xx.xx.2024-cü il tarixli hesab ödəniş vərəqindən görünür ki, "xxxx" ASC tərəfindən NDQ 019184 EİQ pozulmasına (0,11) tipli akta əsasən İddiaçı 731,60 manat ƏDV daxil enerji sərfiyyatı hesablanmışdır. Həmin ödəniş vərəqində həmçinin xx.xx.2024cü il tarixə 6773,07 manat qalıq borcun olduğu qeyd olunmuş və həmin məbləğin ödənilməsi tələb olunmuşdur.
15. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsi xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.2-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; 4-2.1.8-ci maddəsinə əsasən yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək; 4-2.1.9-cu maddəsinə əsasən yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. 4-3.1.2-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək sahibkarın hüququdur. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 31.2.3-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
21. İddia tələbi "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 6773,07 manat işıq pulu borcunun silinməsindən ibarətdir.
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır.
23. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən obyekt cavabdeh tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, iddiaçı X1 etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, quraşdırılan sayğacın bir neçə dəfə yanması baş vermiş və sonuncu dəfə 2023-cü il dekabrın sonunda sayğac yanmış və 2 aya yaxın müddətdə sayğac quraşdırılmamışdır. Həmin müddət ərzində X1 olunmamışdır. Cavabdeh barəsində həmin vaxt, 13 yanvar 2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aktlar tərtib olunaraq, 5674,24 manat və 731,60 manat borc hesablanmışdır. Eyni zamanda bundan əvvəl də 2022-2023-cü illər ərzində aktlar tərtib olunanaraq borc hesablanmış və iddiaçıya təqdim olunan xx.xx.2024-cü il tarixli hesab ödəniş vərəqində ondan "xxxx" ASC tərəfindən NDQ 019184 EİQ pozulmasına (0,11) tipli akta əsasən hesablanmış 731,60 manat məbləğin ödənilməsi tələb olunmuş, eyni zamanda xx.xx.2024-cü il tarixə 6773,07 manat qalıq borcunun olduğu ona bildirilmişdir. Müəyyən olunmuşdur ki, həmin məbləğlər qeyd olunan dövrlərdə ona aktlar əsasında hesablanmış borclardır. İddiaçı həmin aktların tərtibindən məlumatı olmadığını, onun hüquqlarının pozulduğunu, baxışların, sahibkarlıq obyektlərində baxışların, monitorinqlərin keçirilməsi ilə bağlı qanunun tələblərinin pozulduğunu bildirmişdir. Müəyyən olunmuşdur ki, hazırkı vaxta aktlar üzrə borcun məbləği 7341,21 manat təşkil edir.
24. Beləlilə, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
25. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
26. İddaçı 731,60 manat məbləğ akt əsasında hesablansa da, sayğacsız X1 etdiyi dövr üzrə hesablandığından həmin məbləği ödəyəcəyini bildirmiş və həmin məbləğin tələbdəki məbləğdən çıxılmasına, qalan hissədə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdeh tərəfindən hesablanmış 6041,47 manat (6773,07- 731,60=6041,47) məbləğində borc İddiaçı **********50110 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 6041,47 manat (altı min qırx bir manat qırx yeddi qəpik) məbləğində borc İddiaçı **********50110 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova