Məhkəmə qərarları › İş №e-2-2(113)-206/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-206/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-206/2023 03.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndələri X7, Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X8 və X3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X8 və X3 (bundan sonra – cavabdehlər) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8880789.14 manat - bundan 4925104.44 manat əsas, 1425290.91 manat faiz, 2530393.79 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərc və iş üzrə ödənilmiş 4830.40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Əməliyyat İdarəsi” filialı ilə Cavabdeh4 MMC arasında 03 noyabr 2015-ci il tarixli 157/0- AZN-SKMF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 6 faiz dərəcəsi ilə 84 ay müddətinə 5.300000 manat məbləğində kredit verilmişdir. Kredit 2 tranşla verilmişdir. 1-ci tranş 4.000000 manat, 2-ci tranş 1.300000 manat təşkil etmişdir. Cavabdeh4 MMC-yə kredit verilərkən X5ilə Bank arasında 17/0- AZN-SKMF nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 aprel 2017-ci il tarixdə 022T04160012 saylı 29 aprel 2016-cı il tarixli, 157/0-AZN-SKMF saylı 03 noyabr 2015-ci il tarixli və KM-2449/15-2 saylı 30 oktyabr 2015-ci il tarixli Kredit müqavilələri üzrə Razılaşmaəldə edilmiş və həmin Razılaşmaya əsasən qeyd edilən müqavilələr üzrə əlavə təminat kimi X6 və Cavabdeh2 zaminliyi əlavə edilmişdir. Eyni tarixdə, yəni xx.xx.2017-ci ildə "xxxx" ASC ilə Cavabdeh4 MMC, Cavabdeh2 və X8 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh4 MMC-yə qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh4 MMC, Cavabdeh2, X8 və X5 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/5-01383 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********476 saylı 01 avqust 2022-ci il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh4 MMC-nin kredit üzrə cəmi borcu 8880789.14 manat təşkil edir. Bundan 4925104.44 manat əsas, 1425290.91 manat faiz, 2530393.79 manat cərimə borcu təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci ekspert tərəfindən düzgün hesablanma aparılmamış, doğru olmayan rəy verilmişdir. Bu səbəbdən onların vəsatəti əsasında təkrar ekspertiza təyin edilmiş, lakin ikinci ekspert tərəfindən heç bir əlavə araşdırma aparılmadan birinci rəy olduğu kimi köçürülmüşdür. Odur ki, ekspert rəylərinin sübut kimi nəzərə alınmadan iddia tələblərinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Əsgərova iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Z.Səmədov iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların hazırda göstərilən kredit müqaviləsi üzrə iddiaçıya borcları yoxdur, belə ki, qarşılıqlı razılıq əsasında onların iddiaçı bankda olan hesablarındakı puldan silinmələr aparılmış, borc tam ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli 157/0- AZN-SKMF nömrəli kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, təminatlılıq və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 5.300.000 manat məbləğində kredit verir. Kredit 2 tranşla verilir. 1-ci tranş 4.000.000 manat, 2-ci tranş 1.300.000 mant təşkil edir. Bu kredit üzrə təminat bu müqavilənin 6.1-ci bəndinə uyğun olaraq tam rəsmiləşdirildikdən sonra kredit müştərinin sərəncamına verilə bilər. Təminatın rəsmiləşdimə həyata keçirilənə qədər borcalanın cari hesablarına köçürülmüş məbləğlər, birinci tranşın 620000 manat məbləğində olan qismi istisna olmaqla kreditor tərəfindən bloklaşdırılır. Müqavilənin 3.7-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirildiyi halda), gecikdirilən məbləğə (kreditin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. İddiaçı ilə X5 arasında bağlanmış 02 noyabr 2015-ci il tarixli 157/0-AZN-SKMF nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 02 noyabr 2015-ci il tarixli 157/0-AZN-SKMF saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərn öz üzərinə götürməsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və lazımınca icra edilmədikdə və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ilə X8 və Cavabdeh2 arasında bağlanmış 03 aprel 2017-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 03 aprel 2017-ci il tarixli 157/0- AZN-SKMF saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərn öz üzərinə götürməsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və lazımınca icra edilmədikdə və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli **********305 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 19 iyul 2022-ci il tarixinə yaranmış əsas borc 4925104,44 manat, faiz borcu 1425290,91 manat, cərimə borcu 2530393,79 manat, ümumilikdə 8880789,14 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/857 saylı ekspert rəyinə əsasən iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə əsas borcunun məbləği – 4925104,44 manat, faiz borcu – 1045903,90 manat, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19 iyul 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcunun məbləği – 4925104,44 manat, faiz borcu – 960535,42 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4120 saylı ekspert rəyinə əsasən iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə əsas borcunun məbləği – 4.925.104,44 manat, faiz borcu – 1.045.903,90 manat, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19 iyul 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcunun məbləği – 4.925.104,44 manat, faiz borcu – 960535,42 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya borclarının yarandığını nəzərə alaraq hesab edir ki, materiallarda olan ekspert rəyləri nəzərə alınmaqla iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4925104.44 manat əsas bоrc, 960535,42 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən krеdit müqaviləsi üzrə faiz borcu üzrə 1425290.91 manat məbləğində pulun ödənilməsini tələb etsə də, ekspert rəylərində həmin razılaşma üzrə ödənilməli faiz borcu 960535,42 manat (maliyyə arayışının verildiyi tarixə) müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəylərinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmin ekspert rəylərinin mötəbər və təkzibedilməz sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmiş, iddiaçı və cavabdehlər tərəfindən də həmin rəyin mötəbərliyini şübhə altına ala biləcək sübut təqdim edilməmişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli 157/0-AZN-SKMF nömrəli müqavilənin 3.7-ci bəndinə əsasən hesablanmış 2530393,79 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 245000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 4925104.44 manat əsas bоrcu, 960535,42 manat faiz borcu, 245000 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4925104.44 manat əsas borc, 960535.42 manat faiz borcu, 245000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 manat (145 manat və 50 manat) təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci iddiaçının özünə, ödənilmiş qalan 4830 manat dövlət rüsumu isə cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X8 və X1 müştərək qaydada 4925104.44 (dörd milyon doqquz yüz iyirmi beş min bir yüz dörd manat qırx dörd qəpik) manat əsas bоrc, 960535,42 (doqquz yüz altmış min beş yüz otuz beş manat qırx iki qəpik) manat faiz borcu, 245000 (iki yüz qırx beş min) manat cərimə, ödənilmiş 4830 (dörd min səkkiz yüz otuz) manat dövlət rüsumu, ümumilikdə 6135469,86 (altı milyon bir yüz otuz beş min dörd yüz altmış doqquz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X8 və X1 müştərək qaydada, 50 (əlli) manat hissəsi isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar