Məhkəmə qərarları › İş №e-2-2(113)-206/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-206/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-206/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X2, Cavabdeh3 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X2, Cavabdeh3 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (Bank) ilə Cavabdeh1 MMC (borclu) arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı kredit müqaviləsinə əsasən bank 30000 manat məbləğində krediti illik 15%-lə 24 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borc alan isə həmin kreditdən dövriyyənin vəsaitinin artırılması məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.3-cü bəndinə görə kredit dövriyyə vəsaitinin artırılması və borclunun Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 23L ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə verilir. - 2.1-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. - 3.4-cü bəndinə görə kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürməklə həyata keçirilir. - 6.1-ci bəndinə görə borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. - 7.2-ci bəndinə görə bu müqavilə tərəflərin imzalardığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Kredit müqaviləsi hər iki tərəfin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC-nin (bank) ilə X3 və Cavabdeh3 (zaminlər) arasında 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. - 1.5-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zamin olmuş digər şəxslərlə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır. - 2.2.4.2-ci bəndinə əsasən zaminin bu müqavilə üzrə öhdəlikləri pozulduqda bankın kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icrasını birlikdə və ya ayrılıqda zamindən və borcludan tələb etmək hüququ var. Müqavilə bankın və borc alanın imzası və möhürü, zaminlərin isə imzaları ilə təsdiq edilmişdir.

3. 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 30000 manat, faizin məbləği 4.910,42 manat, faiz ödənişi (subsidiya çıxılmaqla) 2.455,15 manat, cəmi ödəniləcək məbləğ 34.910,42 manat ((subsidiya çıxılmaqla) 2.455,15 manat faiz ödənişini nəzərə alsaq 32.455,15 manat) məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli kredit alan və kredit verən tərəfindən imzalanmışdır.

4. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, 108901- 282949/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

5. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas borc 15.483,87 manat, faiz borcu 1.839,92 manat olmaqla cəmi borcu 17.323,79 manat təşkil edir. Gecikmə 223 gündür.

6. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə, X2, Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə işin Hüquq Departamentinə təqdim ediləcəyi və cavabdehlər barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8634 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) ödənilməli əsas borcu 15.720,36 manat, faiz borcu 1.003,83 manat, xx.xx.2023-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) ödənilməli əsas borcu 15.720,36 manat, faiz borcu 2.045,31 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa sualda soruşulanlar üzrə qeyd edilir ki, iş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 nömrəli kredit müqaviləsi üzrə ödənişləri özündə əks etdirən hesabdan çıxarış sənədlərinə əsasən X5 tərəfindən ödənilməli olan illik 7,5% məbləğində, cəmi 2.455,7 manat həddində faiz subsidiyası üzrə 2.141,14 manat ödəniş edilmişdir, ödənilməmiş borc isə 314,13 manat (2.455,70-2.141,14) təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, X2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.483,87 manat məbləğində əsas bоrc və 1.839,92 manat faiz borcu оlmaqla, ümumilikdə 17.323,79 manat kredit borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış 08 oktyabr 2021 il tariхli, 108901-282949/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit Azərbaycan Respublikası X5nun 16 sentyabr 2021-ci il tarixli, ZM-1782/2021 saylı Zəmanət məktubuna əsasən verilmişdir. Еynizamanda, bank və digər cavabdehlər – Cavabdeh2 arasında 08 oktyabr 2021 il tariхli, 108901-282949/1 nömrəli və Cavabdeh3 arasında 08 oktyabr 2021 il tariхli, 108901- 282949/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 21 iyun 2023-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 15.483,87 manat məbləğində əsas bоrcu və 1.839,92 manat faiz borcu оlmaqla, ümumilikdə 17.323,79 manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində Bankın nünayəndəsi, Cavabdeh1 MMC-nin direktoru və zamin Cavabdeh3 iştirak etmiş, digər Cavabdeh2 isə iştirak etməmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş və bunun nəticəsi olaraq, mediasiya təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixli, MŞB\18-00943 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış verilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 08 oktyabr 2021 il tariхli, 108901-282949/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1 və 449.4-cü maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər.

14. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

18. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. AR Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları”nın:

21. 2.1.7-ci bəndinə əsasən faiz subsidiyası – bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir. - 3.6.-ci maddəsinə görə faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir. - 9.3-cü bəndinə əsasən sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz. - 11.1.2-ci yarımbəndinə əsasən faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək və 11.2-ci bəndinə əsasən bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 08 oktyabr 2021 il tariхli, 108901-282949/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 30000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 24.Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə (pretenziyanın göndərildiyi və iddia ərizəsində tələb olunan tarixə) ödənilməli əsas borcunun 15.720,36 manat, faiz borcunun (illik 15% hesabı ilə) 1.003,83 manat məbləğində olması müəyyən edilmişdir.

25. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. 26.Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməli, Cavabdeh1 MMC-dən mübahisəli kredit müqaviləsi əsas borc qismində 15.483,87 manat məbləğində pul vəsaiti tutulmalıdır.

27. Faiz borcuna gəldikdə qeyd edilməlidir ki, işin yuxarıda göstərilən hallarından görnüdüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə əsas borca hesablanması mnəzərdə tutulmuş faiz borcunun (illik 15%) yarısı (illik 7,5%) faiz subsidiyası kimi X5 tərəfindən ödənilməli idi.

28. Digər tərəfdən ekspert rəyi ilə müqavilə şərtlərinə əsasən X5 tərəfindən ödənilməli olan 2455,27 manat həddində 7,5% məbləğində faiz subsidiyasından 2141,14 manat ödəniş edildiyi, ödənilməmiş borcun 314,13 manat təşkil etməsi müəyyən edilmişdir.

29. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsində (6.3cü bənd), eləcə də “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları”nda yalnız faiz subsidiyasının ödənilməsi ləğv edildiyi halda faiz borcunun tam olaraq borc alan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə faiz subsidiyasının ödənilməsinin ləğv edilməsi iş materialları ilə müəyyən edilmədiyindən faiz borcunun tam şəkildə borc alandan tutulması üçün əsaslar mövcud deyildir.

30. Odur ki, ekspert rəyində müəyyən edilmiş faiz borc məbləğindən faiz subsidiyası olaraq X5 tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 314,13 manat çıxılmalı və müqavilə üzrə tutulacaq faiz borcu 689,7 (1.003,83 – 314,13) manat məbləğində müəyyən edilməlidir.

31. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 08 oktyabr 2021 il tariхli, 108901-282949/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə X3 və Cavabdeh3 (zaminlər) arasında 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər X3 və Cavabdeh3 borc alan Cavabdeh1 MMC-nin 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

32. Məhkəmə zaminlər X3 və Cavabdeh3 08 oktyabr 2021-ci il tarixli, 108901- 282949/1 saylı kredit müqavilə üzrə borc alan Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

33. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin azaldılması barədə ərizə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 140,93 manat təşkil edir.

35. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

36. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

37. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 185 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. cavabdehlər Cavabdeh1 MMC, X3 və Cavabdeh3 müştərək qaydada 08 oktyabr 2021-ci il tarixli, 108901-282949/1 saylı krеdit müqaviləsi üzrə 15.483,87 manat məbləğində krеdit bоrcu, 689,7 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 16.173,57 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 185 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar